Övladlığa götürmə məsələləri artıq dövlət nəzarətindədir

Körpələrin təhvil veriləcəyi şəxslər güvənli, etibarlı ailə olmalıdır


  Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev övladlığagötürmə ilə bağlı müraciət edənlərin sayını “Sosial saat”da açıqlayıb. C.Şahmalıyev qeyd edib ki, 2020-ci ildən bu günə qədər 1002-dən çox şəxs övladlıq götürməyə görə müraciət edib. O bildirib ki, son 3 ildə 387 uşaq övladlığa verilib: "Onlardan 152-si 0-1 yaş arası, 83-ü 2-3, 63-ü 4-6, 63-ü 6-11, 26-sı isə 12-18 yaş arası uşaqlardır. Təəssüf ki, bu günə qədər övladlığa verilən uşaqlar arasında əlilliyi olan uşaq olmayıb. Bizdə əlilliklə bağlı ciddi miflər var. Valideynlər elə bilirlər ki, əlillik idarəolunmaz prosesdir. Halbuki bu, belə deyil. Biz beynəlxalq təcrübələri öyrənmişik. 

Əlil uşaqları övladlığa götürən ailələrə ayda 600 manat müavinət verilir. Bundan başqa, uşağın özünün də əlilliyə görə pensiyası olur. Valideynlər bilsin ki, əlil uşağın övladlığa götürülməsinə görə dövlət tərəfindən ailəyə təxminən 1000 manat ödənilir".
  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında qeyd etdi ki, ailələrin övladlıq götürmə istəkləri xalqımızın xeyirxahlığı, ailə ənənələriylə bağlıdır: 
-  Bütün dövrlərdə kimlərsə övladlığa uşaq götürüb, övladı olmayan cütlüklərə yaxın qohumlar öz övladlarını verib. Bəzən kasıb bir ailənin övladına başqa bir ailə qəyyumluq edib, uşağın təhsil alması, normal şəraitdə böyüməsi naminə gətirib onu öz evində böyüdüb, saxlayıb. Belə əhvalatlar çoxdur.  Müsbət hal həm də budur ki, bu məsələ artıq dövlət nəzarətindədr. Övladlığa götürmə məsələlərinə hazırda  Əmək və Əhalinin Sosial Müdafiəsi nəzdində Sosial Xidmətlər Agentliyi baxır. Körpələrə sahib çıxmaq istəyənlər DOST Mərkəzinə də müraciət edirlər. Bunu zaman tələb edir. Çünki uşaqların insan ticarətinə cəlb edilməsi halları var, bütün dünyada insan ticarəti qlobal problem kimi dayanır. Uşaqların istismarı da ciddi problemdir. Bəzən övladlığagötürmə üçün müraciət edənlər prosedurun mürəkkəbliyindən, gec cavab almalarından narahat olurlar. Amma dünyadakı mövcud durumu nəzərə alsaq, övladlığaverilmə məsələsindəki ciddiyyəti anlamış olarıq. Müraciət etmiş ailələrin, şəxslərin araşdırılması mütləqdir. Kimdirlər, cəmiyyətdə hansı sosial təbəqəyə mənsubsurlar, öz övladları varmı, onlarla necə davranırlar, niyə əlavə övlad istəyirlər, ya da övladı olmayan ailədirsə, niyə övladları olmayıb, burada biloji səbəblərmi var, yoxsa istək olmayıb? Əgər valideyn olmağa istək olmayıbsa, niyə övlad istəyirlər? Yəni insanların istəklərinin haradan, nədən qaynaqlandığı mütləq araşdırılmalıdır. 
  M.Zeynalova qeyd etdi ki, valideyni olmayan uşaqların övladlığa verilməsində əsas məqsəd ailə institutunun möhkəmlənməsi, uşaqların ailə ortamında böyüməsini təmin etməkdir: 
- Uşaq ailədə böyüməli, ailənin içində olmalıdır.  Fərdin tam formalaşması üçün ailə ortamı vacibdir. Yarımçıq ailələrdə böyüyən uşaqlarda natamamlıq kompleksinə rast gəlinir. Uşaq həmişə istəyir ki, anası da, atası da olsun. Bu, adi insani keyfiyyətdir. Sığınacaqda işlədiyimdən mən bunu daha aydın görürəm. Uşaqlar heç vaxt ayrı-seçkilik etmir, anam var, atam olmasa da olar və ya başqa cür söz söyləmir. Onlar ananı da, atanı da eyni səviyyədə arzulayırlar. Ona görə də övladlığa verilmə məsələsində müraciət edən ailələrin tam olması əsas şərtlərdən biridir. Amma ailələr mütləq araşdırılmalı, körpə kimə, hansı ailəyə təhvil veriləcək, ailənin maddi durumundan əlavə, həmin alədə neçə uşaq böyüyür, uşaqlara nəzarət varmı, düzgün tərbiyə alırlarmı, zorakılıq halları qeydə alınıb, alınmayıb, qohumlardan, qonşulardan, ailə başçılarının çalışdığı müəssisədən onların sosial-psixoloji durumu da öyrənilməlidir. Körpələrin təhvil veriləcəyi  şəxslər güvənli, etibarlı ailə olmalıdır. İnanıram ki, Sosial Xidmətlər Agentliyi fəaliyyətini məhz bu cür qurub.