Xudafərin körpüsünə kütləvi axın var

Cənublu soydaşlarımızın bu etirazı Azərbaycana dəstəyin ifadəsidir


  Cənublu soydaşlarımızın Xudafərin körpüsünə axını artıq kütləvi xarakter alıb. Bununla bağlı teleqramda videogörüntülər yayılıb. Videolardan yolda tıxac yarandığı görünür. Qeyd olunub ki, soydaşlarımızın Xudafərinə axın etməsindən qorxuya düşən və qıcıqlanan Tehran rejimi yolun bir hissəsini hərəkətə bağlayıb, ona görə də yolda tıxac meydana gəlib.  
  Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Şərq"ə bildirib ki, Tehran rejimi demək olar ki, son addımları ilə tamamilə hüquqi, siyasi sərhədləri aşır. Analitikə görə, rejim həm xalqa qarşı, həm də region və dünyaya qarşı davranışlar sərgiləyir: "Əsasən də milyonlarla soydaşımızın yaşadığı Güney Azərbaycanda böyük narahatlıq var. Bu, soydaşlarımızın illərdir azadlıqlarının pozulması və üzləşdikləri təzyiqlərlə bağlıdır. Məlumdur ki, İran sərhədlərimizdə silahlı qüvvələrini toplayır, Ermənistanı açıq şəkildə Azərbaycana qarşı revanşizmə sürükləyir. Şübhəsiz ki, bunu Güney Azərbaycanda yaşayan çoxmilyonlu soydaşlarımız da görür və özlərinə məxsus və mümkün formada rejimə etirazlarını ifadə edirlər. Tarixi məna kəsb edən Xudafərinə kütləvi səfərlər də bu etirazın və Azərbaycana dəstəyin ifadəsidir. Bunu görən rejim daha da qəddarlaşır. Ancaq görünən odur ki, daha sərt repressiyalara, həbslərə əl atsa da, xalqın əzmini sındıra bilməyəcəklər. Çünki xalq başa düşür ki, rejim Azərbaycana qarşı haqsız siyasət yürüdür".