Bəzən QHT-lər sığınacaq açmaq istəyir

Mehriban Zeynalova: “Dəfələrlə təklif etmişəm ki, oğlan uşaqları üçün sığınacaqlar bu gün əsas tələbatlardan biridir və açılmalıdır”
“Əgər kimsə buna cürət etsə, mən öz bildiklərimi bölüşərdim. Amma ən yaxşısı, beynəlxalq təcrübəni öyrənib açsalar, effektiv olar”


  Uşaq evinin sakininin Psixiatriya Xəstəxanasına yerləşdirilməsinin ardından intihara cəhd xəbərinin də yayılması cəmiyyətdə ajiotaj yaradıb. Uşağın kimin əli və ya vasitəçiliyi ilə xəstəxanaya yerləşdirildiyi hələ də müəmmalıdır. Cəmiyyətin kəskin reaksiyasına səbəb olan da budur ki, uşaqda psixi pozğunluqlar vardısa, niyə o, indiyədək xəstəxanaya yerləşdirilməmişdi? Və necə oldu ki, o, sakini olduğu müəssisə barədə məhz tənqidi sözlər dedikdən sonra “xəstəxanalıq oldu”?  Cəmiyyətin etirazı tamamilə anlaşılandır. Rəsmi qurumlar isə vərdişlərini yenə də davam etdirir, “konfedensiallığın qorunması” prinsipindən sui-istifadə edərək məlumat məhdudiyyəti tətbiq edirlər. Baxmayaraq ki, az qala, bütün dövlət qurumları nəzdində ictimai şuralar yaradılıb və deyilənə görə, fəaliyyətdədirlər, hər hansı “ÇP” baş verəndə icitmai şura üzvləri – demək ki, cəmiyyət yenə kənarda saxlanılır. 

  Əvvəlcə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına baxaq: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, eləcə də M.Hacıyevin həkimi ilə  mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqlar aparılıb. 

Bununla yanaşı, M.Hacıyevin qardaşı Əli Hacıyev Komitəyə dəvət olunaraq məsələ ilə bağlı, eləcə də, Ə.Hacıyevin də vaxtilə həmin müəssisənin məzunu olduğu nəzərə alınaraq müəssisənin fəaliyyəti barədə söhbətlər aparılıb. Məlumat üçün bildiririk ki, 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır. Klinikaya yatırılması haqqında qərar hər iki qohumlarının onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi, həmçinin müvafiq sahənin mütəxəssisi tərəfindən (kənardan dəvət olunmuş) yeniyetmənin özünün yoxlanılmasından sonra  qısamüddətli müalicə alması üçün verilib. Müalicədən sonra yeniyetmənin qardaşı onu öz  himayəsinə  götürməsi ilə bağlı artıq müraciət edib. Vaxtilə uşağı  himayəyə götürən ailə və 3 saylı uşaq evi ilə əlaqə saxlanılaraq mövzu barədə söhbət aparılıb. Qeyd edək ki, mövzunun həssaslığı nəzərə alınmaqla konfidensiallığın qorunması məqsədilə ictimaiyyətin  məlumatlandırılmasında müəyyən məhdudiyyətlərin tətbiq edilməsi zəruridir”.

  “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında mövcud vəziyyət və çıxış yolları barədə danışdı:

- Görünən odur ki, çətin tərbiyə alan, davranış pozuntusu olan  uşaqlar üçün  xüsusi metodologiyaya söykənən müəssisəyə ehtiyac var. Belə müəssisə, həmin uşaqların reabilitasiyası üçün ixtisaslaşmalıdır. Bir neçə il əvvəl Makarenkonun əsərlərinə baxdım. Həmin metodologiyada uşağın əmək, məşğulluqla reabilitasiyası - hər saat dəqiqliklə icra edilməklə, ciddi şəkildə  həyata keçirilir. Bu, müasir tələblərə (insan haqları baxımından) indi nisbətən zidd metodologiya hesab edilsə də, o zaman çox effektli təsirə malik olub.  Bəzən QHT-lər sığınacaq açmaq istəyir. Dəfələrlə təklif etmişəm ki, oğlan uşaqları üçün sığınacaqlar bu gün əsas tələbatlardan biridir və açılmalıdır. Əgər kimsə buna cürət etsə, mən öz bildiklərimi bölüşərdim. Amma ən yaxşısı, beynəlxalq təcrübəni öyrənib açsalar, effektiv olar.
  M.Zeynalova qeyd etdi ki, həmin uşaqla bağlı tələsik populist çıxış tərəfdarı deyil. Ələlxüsüs da əgər ortada insan faktoru varsa: 
- Uşaqla bağlı aldığım məlumatlarda  eyni məsələ qeyd edilir. Hətta qohumları belə onun  müalicəsindən sonra qəbul etməyə hazır olduqlarını bildiriblər. Bir məsələni qeyd edim ki, psixiatrik dispanserə yerləşdirilmək asan məsələ deyil. Praktikada  özüm üzləşdiyim hallar olub ki, aqressiv və təhlükəli davranışı olan şəxslərlə bağlı briqada çağırsam da, yerləşdirə bilməmişik. Çünki həkim konkret deyib ki, bu, xəstəxanalıq deyil. Bu məsələdə gördüklərimdən dolayı tərəddüddə olmuşam. Yəni bildirmək istəyirəm ki, xəstəxanaya yerləşdirmək üçün  öncə diaqnozu qoyan həkimlər gəlir, təklikdə danışır (müdaxiləyə imkan vermir) sonra bildirir ki, bu adamı aparmaq olar, ya yox. Hazırkı durumda da düşünürəm ki, həkim-psixiatr  münasibət bildirsə, daha əsaslı olar. Mən uşağın səlis danışığını əsas gətirənləri başa düşürəm. Çünki bir çox böyüklərdən fərqli olaraq olduqca səlis və inandırıcı, əsaslandırılmış danışığı ictimaiyyətdə fikir yaradır ki, uşaqda heç bir problem yoxdur. Bu məsələdə mütəxəssis psixiatrlar rəy versə yaxşı olar. Bu, elə məsələdir ki, uşağı görməyincə, müstəqil psixiatr yanında olmayınca dəqiq diaqnoz vermək olmur. Uşağın davranışları təhlükəli deyilsə, psixiatriya xəstəxanasına yerləşdirmək lazım deyil, onunla xüsusi metodologiya ilə davranılmalıdır. 
  Qeyd edək ki, cəmiyyətin kəskin reaksiya verməsinə səbəb müəssisə müdirinin uşaq barədə  xoşagəlməz ifadələr işlətməsi olub. Baş vermiş hadisəyə münasibət bildirən ictimaiyyət nümayəndələri “Direktor xanım iddia edir uşaq içki içir, davranış problemi var. Ruhi xəstə deyil, heç kimi döyməyib, cəmiyyət üçün təhlükə yaratmırsa niyə ruhi dispanser? Çətin tərbiyə olunan uşaqlar üçün  müəssisə yoxdur?” təpkisi verir. Hər davranış pozğunluğu olanı dəlixanaya salsalar, bayırda adam qalmaz. Əgər həqiqətən uşağın psixi problemləri vardısa, bu, indiyədək aydınlaşmalı və o, müvafiq müəssisəyə yerləşdirilməliydi: “Söhbət həmin uşağın problemindən getmir. Söhbət uşağın xəstəliyinin gizlədilməsindən (əgər həqiqətən xəstədirsə) gedir. Ola bilsin, onu müəssisədə saxlayıb, say artırırdılar. Uşaq paxırlarını açdı, onlar da belə etdilər. Həmin müəssisənin rəhbəri dərhal dəyişdirilməlidir. Nə oldu, indiyə qədər bu uşaq ağıllı idi, videonu çəkəndən sonra psixoloji durumu zəif oldu? İndi aşkarlandı? İndi őzlərinə toxunduğu üçün xəstəxanaya göndərirlər? Suallar çoxdur”. İctimaiyyət, uşağın həyatı ilə oynanılmasından, hətta uşağa gərəksiz olduğu halda psixotrop iynələrin vurulacağından, dərman preparatlarından lüzumsuz halda istifadə ediləcəyindən də narahatdır və dəqiq araşdırılma tələb edir.