O, təmannasız İMDADa çatanlardandır...          

Redaktorlarımdan biri, İmdad Əlizadə "Report" İnformasiya Agentliyində tanıdığım ilk adam olub. Onun hələ adını eşitdiyim, amma üzünü görmədiyim vaxtlarda o zamankı redaktorlarım Anar Bayramoğlunun, Ayyət Əhmədin İmdad müəllim haqqında fikirlərini öyrənmişdim. İkisi də İmdad Əlizadəni çoxdan tanıdıqlarını bildirmiş, haqqında xoş sözlər demişdilər. Onu tanıyan başqa media adamları, ictimi- siyasi şəxslərlə söhbətimdə də İmdad müəllim haqqında həmişə müsbət fikirlər eşitmişəm.

 Zamanla məlum oldu ki, bu təəssüratlar təsadüfi deyil. Çünki İmdad Əlizadə peşəkar jurnalist, bacarıqlı redaktor olmaqla yanaşı, həm də zəruri insani keyfiyyətlərin bir çoxuna malikdir. Səbrlidir. Anlayışlıdır. Demək olar, səs tonunu yüksəltdiyini görməmişəm. İnsanı stimullaşdırmağı, həvəsləndirməyi yaxşı bacarır. Görülən işə qiymət verir. Bəzən gərgin iş sonunda əməkdaşlara "çox sağ olun, bu gün əla işlədiz" deməklə növbəti gün də işə həvəslə gəlməyə şərait yaradır. Əlbəttə, çox güman, bunlar həm də onun ixtisasca psixoloq olmasından irəli gəlir. 

 Şübhəsiz, iş olan yerdə səhvlər də olur. Xüsusilə bəzən informasiya yağış kimi üstünə yağırsa, tələskənliyə, diqqətsizliyə yol verməyin mümkündür. Sözsüz ki, İmdad müəllim məsul şəxslərdən biri kimi həmin anlarda irad bildirir. Ancaq bu tənqid daha çox tövsiyə xarakterli olur və psixologiya dili ilə desək, bədxassəli yox, məhz xoşxassəli aqressiyaya səbəb olur. 
 Tanıyanlar  bilirlər ki, ağlım kəsəndən həm jurnalist, həm müəllim olmaq istəmişəm. 

Çünki onların söhbətləri ilə böyüdüyüm babalarımdan biri Əməkdar jurnalistdir. Digər isə uzun illər ali məktəbdə dərs deyib. Onların hər ikisinin yollarını davam etdirmək istəyirdim. 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olandan sonra burada gördüyüm mühit, tanıdığım insanlar isə məni sözügedən mühitə bir az da bağladı. Magistratura təhsil pilləsini başa vuranda bir dəfə dediyim kimi, Jurnalistika fakültəsini üçüncü dəfə fəth etmək istədim. Müəllimlərim etimad göstərdi, şərait yarandı. Həmin vaxt birinci redaktorumla- İmdad müəllimlə məsləhətləşdim. Konkret gün və saatda universitetə getmək üçün icazə istədim. "Yox" desə idi, yəqin ki, növbəti dəfə nə özünə, nə də başqa rəhbər şəxsə müraciət edərdim. Lakin icazə verdi. Necə ki, magistraturada oxuduğum vaxt da gedib- gəlməyimə şərait yaradır, "oxuyana dəstək olmaq lazımdı" deyirdi. 

 Yeri gəlmişkən, qeyd edim ki, İmdad müəllim fakültəmizin doğma adamlarından birinə çevrilib. Bir neçə dəfə dərsdə qonağımız olub. Eyni zamanda həm də tələbələrimizə - bəlkə, üzünü görmədiyi, səsini isə ilk dəfə eşitdiyi şəxslərə. Çünki İmdad Əlizadə təmənnasız kömək edənlərdəndir.

 Dünən dördüncü kursda oxuyan tələbələrimizdən birinin diplom işinin ilkin müzakirəsi idi. "Report" İnformasiya Agentliyini başqa bir media orqanı ilə müqayisə etmiş, konkret statistikalar ortaya qoymuşdu. Diplom işi kifayət qədər dolğun idi. Hər kəs- müzakirədə iştirak edən bütün professor - müəllim heyəti bəyəndi. Tələbəmiz maksimum balla qiymətləndirildi. Yəni 50 bal aldı. İlkin müdafiədən sonra sevinclə mənə yaxınlaşdı, "Çox sağ olun" dedi. "İmdad müəllimə təşəkkür elə, mən heç nə etməmişəm" deyəndə belə cavab verdi:

- Danışırıq. Çox kömək elədi. Allah ondan razı olsun. 

İkiqat sevindim, ikiqat fərəhləndim: İmdad müəllim sözümü yerə salmayaraq əlindən gələni etmiş, diplomçumuz isə yaxşı çalışmışdı.

İmdad müəllimin yumor hissi ilə yanaşı, müşahidə qabiliyyəti də güclüdür. Bəzən elə bir zarafat edir ki, gərgin mühit dərhal aradan qalxır, hər kəs gülür. O, mimikadan, jestdən, səs tonundan qarşısındakı insanın əslində nə demək istədiyini anlaya bilir. 

Bu gün İmdad müəllimin- ondan həm də öyrənməkdə olduğum redaktorlarımdan birinin doğum günüdür. Ad gününüz mübarək, İmdad müəllim. 

P.S: Adətən mənə etimad göstərən, dəstək olan insanların, o cümlədən müəllimlərimin, rəhbər işçilərimin inamını doğrultmağa çalışıram. Sizin də etimadınızı doğrultmağa söz verirəm.

Kənan Novruzov