Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn edilib - YENİLƏNİB=FOTO

Şəhid Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılıb.
​Mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Məhəmməd Qarayev Qəbələdə dəfn olunub.
"Report"un Şimal-qərb bürosu xəbər verir ki, o, doğulduğu Qəbələ şəhərində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları,rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və Qəbələ rayon sakinləri iştirak ediblər.

14:15
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçisi Məhəmməd Qarayevin nəşi doğulduğu Qəbələ rayonuna gətirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi ailəsinə təhvil verilib.
Hazırda ailəsinin yaşadığı evdə M.Qarayevlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və Qəbələ rayon sakinləri iştirak edirlər.
Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılacaq.
​2001-ci il təvəllüdlü​ M.Qarayev evin tək oğlu və ali təhsilli olub.
O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb.​