Xanımlar şantaja daha çox məruz qalır

Stereotiplər qadını şantajçının üzərinə getməyə qoymur, əksinə, onu tabe olana çevirir

“Xanımlarımızın çatışmayan cəhəti qanunları bilməmək və vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməməkdir”

Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şantaj yolu ilə pul tələb edən, qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıb. Bu barədə DİN-in Mətbuat xidmətinin məlumatında bildirilir. Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan xanıma məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul alan Yardımlı rayon sakini Alim Canəliyəv saxlanılıb. 

Qeyd edilir ki, polis əməkdaşları A.Canəliyevi zərərçəkən xanımdan sonuncu dəfə 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman saxlayıb. Şöbə əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlər nəticəsində isə qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Osman Mərdanov saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng və həmin silaha aid olan patronlar aşkar edilərək götürülüb. Bundan başqa Baş Polis İdərəsi və onun tabeli qurumlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəxslər də saxlanılıb. Üzərlərindən “metamfetamin” “heroin” və digər narkotik maddələr aşkarlanan şəxslər barəsində araşdırmalar davam etdirilir. 

Diqqət etsək, məhz xanımların şantaja daha çox məruz qaldığı görünür. Buna səbəb nədir və bu kimi situasiyalarda xanımlar nə etməlidir? “Şərq”ə açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, bu, qadınların sosial-psixoloji vəziyyəti ilə bağlıdır: 

- Azərbaycan qadınları, hər nə qədər müasir olsalar da, hətta özlərini müasir dünyagörüşlü kimi təqdim etsələr də, adət-ənənələrə, mentalitetə bağlıdırlar. Heç kim istəməz ki, haqqında xoşagəlməz məlumat, ya da foto yayılsın, ailəsiylə, həyatı ilə təhdid edilsin. Qadınlarsa, bu məsələdə xüsusilə həssasdırlar. Şantajçılar da bunu bilir və hədəf olaraq daha çox məhz xanımları seçirlər. Hədəflərinə də nail olurlar. Qadınlar hər nə qədər “güclüyük”, desələr də, şantaj qarşısında məğlub duruma düşürlər. Bu da ümumilikdə qadının sosial çəkisi və psixoloji durumuyla bağlıdır. Stereotiplər qadını şantajçının üzərinə getməyə qoymur, əksinə, onu tabe olana çevirir. Şantaja uğramamağın və ondan qurtulmağın yolu ilk növbədə özünəgüvəndən keçir. Qadın özünə güvənsə, şantajı dəf edə biləcək. Bunun üçün də ilk növbədə özünəinamla yanaşı, qanunları da bilməsi gərəkir. Xanımlarımızın çatışmayan cəhəti qanunları bilməmək və vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməməkdir. Bunun özü də hüquqları bilməməkdən qaynaqlanır. Qadınlar bilməlidir ki, şantaj etmək cinayət məsuliyyəti daşıyır. Belə şəxsləri 5 ildən 10 ilədək həbs cəzası gözləyir. Şantaja məruz qalan bu barədə məlumatları hüquq-mühafizə orqanlarına ötürsə, bu iş kökündən həll ediləcək. Qorxunu, inamsızlığı dəf etmək lazımdır.

M.Zeynalova özəl məlumatların, fotoların telefonlarda paylaşılmasının da şantajçılar üçün mənbə olduğunu dedi: 
- Elə bir zamandır ki, insanlar özəl həyatlarına aid məlumatları, şəkilləri sosial şəbəkələrdə paylaşırlar. Gəlir əldə etmək məqsədi güdənlər də bu paylaşımlardan istifadə edir. Paylaşımlar geniş deyil, dar çərçivədə, ailə, yaxın qohumlar arasında olsa, şantajçılar üçün də əsas tapılmaz. Ümumiyyətlə, insanlar şəxsi məlumatlarını, telefon nömrələrini paylaşmamalıdır. Sosial şəbəkədə dost olduğun adamın kimliyinə bələd olmalısan. 

M.Zeynalova xanımlara bəzi məsləhətlər də verdi: 

- Əsas məsələ şantaja tabe olmamaq və polisə müraciət etməkdir. Lakin hüquq müdafiəçiləri, vəkillər bunu da tövsiyə edir ki, şantajçıya “səndən polisə şikayət edəcəm, tutduracağam səni”, söyləyib, hüquq-mühafizə orqanlarına dərhal müraciət etmək də doğru deyil. Bu, həmişə sərfəli nəticə verməyə də bilər. Çünki şantaj edən tərəf özünə və ya başqasına fayda gətirməyi qarşısına məqsəd qoyubsa, şikayət edilmək onu daha da qıcıqlandırar və o, panikaya düşərək əlində olan məlumatları paylaşa bilər. 

Belə bir vəziyyət qarşısında şantaj edən şəxs düşünə bilər ki, artıq itirəcəyi heç nə yoxdur. Buna görə də son bir pislik edərək həbsxanaya getməyi seçər. Bu səbəbdən şantajdan qurtulmaq istəyən şəxs ilk növbədə vəkillə məsləhətləşməlidir. Bu işi mütəxəssisə həvalə etmək daha doğru olar. Vəkil şantaj edən şəxslə əlaqə quraraq lazımi açıqlamanı verəcək və ona şantaja xitam verməli olduğunu izah edəcək, əks halda zərər görəcəklərini bildirəcək. Eyni zamanda hüquqşünas vəziyyətin ciddiliyini anlamaq üçün xəbərdarlıq göndərməklə həmin şəxsləri şantajdan çəkindirə bilər. Düzgün yazılmış xəbərdarlıq şantaj edənlərdə ciddi qorxu və təşviş yaradacaq. Ona görə də ilk növbədə bu vasitələrlə şantajın dayandırılması hədəflənməlidir. Şantajçılarla danışmaq və buna son qoymaq üçün öz sahəsinin mütəxəssisi olan hüquqşünasla məsləhətləşmək lazımdır. Atılacaq səhv addım şantaj qurbanının daha da əziyyət çəkməsinə səbəb ola bilər.