Vahid məktəbli formalarının dəyişməsi gözlənilən idi

Təklif olunan yeni modellər təhsilə maraq qatacaq dizayndadır

“Əsas üstünlük odur ki, məktəbli qızlar üçün qış aylarında şalvar geyinmək mümkün olacaq. Biz yeni modellərdə həm də müasirləşməni görürük. Bu, yaxşıdır”

  2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Bunu Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov “Xəzər Xəbər”ə açıqlamasında deyib. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala start verilib: “Ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Nazirlər Kabinetinin qərarına əsasən də bir rəngdən 3 il müddətinə istifadə etmək mümkün olacaq”. 

Elm və Təhsil Nazirliyindən bildiriblər ki, ötən il məktəbli forması alanlar yeni tədris ilində də həmin geyimlərdən istifadə edə bilər. Yəni 3 il müddətinə həmin formalardan istifadə ilə bağlı hansısa məhdudiyyət olmayacaq.
  Qeyd edək ki, Nazirlər Kabinetinin məktəbli formalarının hər 3 ildən bir yenilənməsinə dair ötən il qəbul etdiyi qərar narazılıq yaratmışdı. Sosial şəbəkələrdə geniş müzakirə açan valideynlər Baş nazirin qərarına etiraz edirdi. Amma nə fayda? Nazirlər Kabineti “bir kərə verilən qərar bir daha dəyişməz”, prinsipini əsas tutaraq vətəndaşların narazılığını bir yana, ictimaiyyətdən gələn təklifləri də saya salmadı. Valideynlər vahid məktəbli formasının niyə dəyişikliyə uğradığını, bu azmış kimi niyə hər 3 ildən bir dəyişiləcəyinin də səbəbini indiyədək anlamış deyillər. Məktəbli formaları da dəblə ayaqlaşmalı və hər 3 ildən bir dəyişdirilməli, yenilənməlidir? Nə müşkül məsələ oldu bu məktəbli forması?!. Valideynləri nəyin narahat etdiyi məlumdur. Əsas narahatlıq məktəbli formalarının hər 3 ildən bir dəyişəcəy təqdirdə onu digər övladlarına geyindirə bilməyəcəkləridir. Narazılıq doğuran da budur. Məlumdur ki, aztəminatlı ailələrdə kiçik yaşca böyüyün geyimindən istifadə edir. Məktəbli formalarının hər 3 ildən bir dəyişiləcəyi isə ailələrin əlindən bu imkanı alır. 

  Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında vahid məktəbli formalarının modelinin dəyişməsinin gözlənilən olduğunu dedi:

- Bu, gözlənilən proses idi. Çünki hazırda istifadədə olan vahid məktəbli forması 2010-cu ildə qəbul edilmiş dizayndadır. Təklif olunan yeni modellər isə təhsilə maraq qatacaq dizayndır. Əsas üstünlük odur ki, məktəbli qızlar üçün qış aylarında şalvar geyinmək mümkün olacaq. Biz yeni modellərdə, həm də müasirləşməni görürük. Bu, yaxşıdır. Məktəbli formaları 1-2 il geyinildikdən sonra yararsız hala düşür (çünki keyfiyyətsiz tikilir, tez-tez xarab olur, valideyn də məcbur qalıb yenisini alır. Biznes buna deyirlər – M.R.) . 

NK-nin məktəbli formalarının hər 3 ildən bir dəyişdirmək qərarında bu amil nəzərə alınıb. Məktəbli formalarının 3 ildən bir dəyişdirilməsində məqsəd daha keyfiyyətli olmasını təmin etməkdir. Həm də məktəbli formalarını hər məktəbin Pedaqoji Şurası təsdiqləyir. Hesab edirəm ki, bu məsələdə ciddi bir problem yaranmayacaq.  
Valideynlərin iradlarına gəlincə, K.Əsədov “haqlı iraddır”, dedi: 

- Amma bunu da nəzərdən qaçırmayaq ki, məktəbli formaları heç də həmişə kiçik bacının, ya kiçik qardaşın ölçülərinə uyğun gəlmir.

 Bu zaman valideyn onsuz da məcbur qalıb yenisini alır. Valideynlərin narahatlığını başa düşürəm. Xüsusilə aztəminatlı ailələr üçün çətindir. Lakin etiraf edək ki, hazırkı məktəbli formaları 3 il duruş gətirə bilmir, onsuz da. Əsas məsələ məktəbli formalarının alınmasına valideynlərin əlçatanlığının təmin edilməsidir. Məncə, qiymətlər əlçatan olacaq.