Uşaqların psixoloji cəhətdən müdafiəsi əsasdır

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı


Ayxan Sadıqlı: “Milli Fəaliyyət Planı onların inkişafını hədəfləyir”  

  Uşaq və gənclərin sağlam inkişafına zidd hər hansı əməl haqlı olaraq cəmiyyətdə mənfi qarşılanır və ciddi şəkildə qınanır. Ölkəmizi, dövlətçiliyi əmanət edəcəyimiz gənc nəslin sağlam fiziki inkişafı nə qədər vacibdirsə, mənəvi cəhətdən sağlam düşüncəli, milli ruha bağlı yetişmələri də bir o qədər vacibdir. Sağlam inkişafın təməli ana bətnindən qoyulur. Sonrakı inkişaf mərhələsində uşaq bağçalarındakı təlim-tərbiyə, ümumtəhsil məktəblərindəki təhsilin, həmçinin şagirdlərin dərsdənkənar müddətdə hansı istiqamətdə inkişaf etməsi onların sağlam gəncliyinə zəmin hazırlayır. 


Bu mənada həm məktəbəqədər, həm də orta təhsil müəssisələri  uşaqların düzgün inkişafına təsir edəcək fəaliyyət göstərməlidirlər. Bu sahədə dövlət müəssisələri böyük məsuliyyət daşıdığı kimi, cəmiyyət və ictimai institutlar da məsuliyyət daşıyır. Audiovizual sahə də istisna deyil. Nəzərə alsaq ki, hazırda uşaqlar da, gənclər də daha çox audiovizual aləmə sıx bağlıdırlar, efir, sosial şəbəkələr, onlayn media uşaq və gənclərin mənafeyinə uyğun davranmalı, gələcək nəslin sağlam inkişafına dəstək olmalıdırlar. Azərbaycn Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Gəncə şəhərində "Audiovizual mediada uşaq hüquqlarının qorunması" mövzusunda təşkil edilmiş dəyirmi masada məhz bu problemlərə toxunulub. Tədbirdə Azərbaycan Respublikası Audiovizual Şurasının, Gəncə Şəhər İcra Hakimiyyətinin, Medianın İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin regional idarəsinin nümayəndələri, bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri, habelə regional audiovizual media subyektlərinin məsul şəxsləri iştirak ediblər. Tədbiri açan Audiovizual Şura sədrinin köməkçisi Haşim Əliməmmədzadə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində təşkil olunmuş tədbirin əhəmiyyətindən danışıb, hazırda uşaq hüquqlarının müdafiəsinin dünyada da ən aktual məsələlərdən biri olmasını bildirib. Gəncə Şəhər İcra Hakimiyyətinin yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xalidə Metenin çıxışında yetkinlik yaşına çatmayan uşaqların müxtəlif problemləri, valideyn himayəsindən məhrum olan uşaqlar, təhsildən yayınma halları, çətin tərbiyə olunan uşaqlar, cinayətkarlığa meyilli uşaqlarla bağlı problemlərdən söz açıb, belə halların qarşısının alınması üçün maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb. Sonra dövlət qurumlarının və QHT-lərin nümayəndələri dəyirmi masanın mövzusu üzrə çıxışlar ediblər. Audiovizual Şuranın əməkdaşı Ayxan Sadıqlı 1995-ci ildə Ulu Öndərin təşəbbüsü və birbaşa rəhbərliyi ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin birbaşa uşaq hüquqlarının və mənafelərinin qorunmasını özündə əks etdirdiyini diqqətə çatdırıb. O, əlavə edib ki, dövlət başçısının təsdiq etdiyi bir sıra məqsədli dövlət proqramları və milli fəaliyyət planları uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi, həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində inkişafı hədəfləyir. Həmin proqramlardan biri də "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"dır. Bu Fəaliyyət Planında əsas icraçı qurumlardan biri də Azərbaycan Respublikası Audiovizual Şurasıdır. Ayxan Sadıqlı daha sonra yayım zamanı uşaq hüquqlarının qorunması istiqamətində audiovizual yayımçıları cəlb etməklə görülmüş işlər haqqında məlumat verib və bu sahədə audiovizual media subyektlərinin (onların redaksiyalarının) üzərində düşən vəzifələrdən danışıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Sevil Rəsulzadə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun icrası istiqamətində Dövlət Komitəsi tərəfindən görülən işlər barədə məlumat verib. O, həmçinin informasiya materialının yaş təsnifatının aparılması qaydaları, bu sahədə ekspertlərin attestasiyası haqqında da çıxış edib. Dövlət Komitəsinin məsul şəxsi uşaq hüquqlarının və uşaq məsələlərinin mediada işıqlandırılması ilə bağlı yayımçılara tövsiyələr verib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin şöbə müdiri Səbinə Seyidova televiziyada reytinq və uşaq hüquqları ilə bağlı çıxış edib. O, dəyirmi masa iştirakçılarına uşaqlara yönəlmiş informasiyaya dair jurnalistlərin peşə davranışı qaydalarının tələbləri və problemin həlli yolu kimi jurnalistlərin peşəkarlığının artırılması istiqamətində atılan və nəzərdə tutulan addımlar haqqında ətraflı məlumat verib. Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Raminə Məmmədova məsələyə münasibətini bildirərkən deyib ki, təhsil sistemi qarşısında insanların yeni həyat fəaliyyətinə uyğunlaşmasını təmin edən bacarıqların formalaşdırılması və media savadlılığı kimi əsas məsələlər prioritet olaraq durur. Ümumtəhsil məktəblərində artıq dərsdənkənar məşğələ olaraq media savadlılığı təbliğ olunması proqnozlaşdırılır ki, bu da audiovizual media mühitində uşaqların zərərli təsirlərdən qorunmasında əhəmiyyətli rol oynamalıdır. Daha sonra bir sıra məsələlərdə üzləşdikləri çətinliklərdən danışan "Təmas" Regional İctimai Birliyinin sədri Südabə Məmmədova media nümayəndələrinə uşaqlar haqqında xəbər hazırlayarkən daha həssas, daha diqqətli olmağı tövsiyə edib. Görüşdə iştirak edən regional audiovizual media subyektlərinin nümayəndələri də məsələyə münasibətlərini ifadə edib, bu sahədə qarşılaşdıqları çətinliklərdən danışıb, ictimaiyyəti maraqlandıran suallar səsləndirilib. Dəyirmi masa qarşılıqlı fikir və təcrübə mübadiləsi, dialoq və müzakirə formatında davam edib. 
  "Narınc" Psixologiya Mərkəzinin Gəncə filialının icraçı direktoru, baş psixoloq Himain Fəzizadə isə hesab edir ki, uşaqların psixoloji rifahının təmini əsas şərtlərdən biridir: 
- Biz məsələnin psixoloji aspektlərinə önəm verməliyik. Uşaqların psixoloji cəhətdən müdafiəsi də əsasdır. Uşaq hüquqlarının qorunması sahəsində ümumən ictimai birliklərin, xüsusən də psixoloji mərkəzlərin rolu danılmazdır.  "Narınc" Psixologiya Mərkəzinin Gəncə filialında Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin tələbələrinə təcrübə proqramı icra olunub. Proqramın icrası zamanı tələbələrə uşaqlarla davranış, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək bacarıqları aşılamağa çalışmışıq. Uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi də vacibdir. Bu günlərdə daha bir tədbir məhz bu mövzuda təşkil edilib.  “Uşaqların informasiya təhlükəsizliyi üzrə ekspertlərin bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən beynəlxalq təlim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, uşaq hüquqları üzrə mütəxəssislərin, uşaq psixiatrları və psixoloqlarının iştirakı ilə baş tutub. Uşaqların internet təhlükəsizliyi ilə bağlı aidiyyəti dövlət qurumları, eləcə də Komitə tərəfindən həyata keçirilən tədbirlərdən danışılıb. Nəzərə alınmalıdır ki, uşaqları zərərli informasiyalardan qorumaq üçün onların sağlam inkişafına müsbət təsir göstərən amil mütləq diqqət mərkəzində saxlanmalıdır.