Gürcüstandan niyə toyuq əti idxal etməliyik?


Biz bundan sonra daxili istehsala köklənməliyik
Qarşıdakı illərdə ümumiyyətlə dünyada həm ərzaq qıtlığı olacaq, həm də qiymət bahalığı

  Bəzi ərazilərdən Azərbaycana diri quş və quş ətinin idxalına məhdudiyyət qoyulub.  Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilir. Qeyd olunur ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub dairəsində nodulyar dermatit, Rusiya Federasiyasının Nijeqorod vilayətində Nyukasl, Argentina Respublikasının Entre-Rios və Ekvador Respublikasının Napo, Pastasa, Morona-Santyaqo, Kanyar əyalətlərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə təşkilatın  “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, İsrail Dövlətinin Cənub dairəsindən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına, Rusiya Federasiyasının Nijeqorod vilayətindən diri quş və inkubasiya yumurtalarının, quş əti və hər növ quşçuluq məhsulları (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, Argentina Respublikasının Entre-Rios və Ekvador Respublikasının Napo, Pastasa, Morona-Santyaqo, Kanyar əyalətlərindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.












  Bu məlumatla paralel olaraq qonşu Gürcüstandan toyuq ətinin idxalı kəskin artıb. Vəziyyəti “Sherg.az"a şərh edən iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, mövcud duruma səbəb yerli istehsalın tələbatı ödəməməsidir: 
" Bu da heyvandarlıq və quşçuluq təsərrüfatı səhələrində lazımi inkişafın olmamasına bağlıdır. Baxın, gömrük rüsumundan azad edilmiş mallar arasında heyvan yemi, yem əlavələri, gübrələr, bitki toxumları var. Bunlar kənd təsərrüfatını stimullaşdıran amillərdir.  Tutalım, bir fermerin 5 min baş heyvanı var, amma o, yem bazası baxımından korluq çəkirsə, təsərrüfatını böyütməyə risk etmir. Heyvan yemi, yem əlavələri gömrük rüsumundan azad edilirsə, bu, fermerə təsərrüfatını genişləndirmək imkanı yaradır. Əsində imkanlar artırsa, istehsal da artmalıdır, istehsal artırsa, qiymətlərdə də ucuzlaşma, ən azından bahalaşma olmamalıdır. Amma biz nəyi görürük, gömrük rüsumlarından azad edilmiş məhsulların qiymətində yenə artım müşahidə edilir. Çünki təsərrüfatlarda inkişaf yoxdur. Yerli istehsal daxili tələbatı ödəmir. Belə vəziyyətdə idxala ehtiyac artır. Bizim quşçuluq təsərrüfatlarımız elə bir vəziyyətə çatdırılmalıdır ki, idxaldan demirəm, tam, heç olmasa, az asılı olaq. Bu ona görə lazımdır ki, birincisi, dünya ərzaq böhranı ilə üz-üzədir. İkincisi, müxtəlif viruslar, yoluxucu xəstəliklərin yayılması adi hal alıb. Həm qlobal iqlim dəyişikliyinin yaratdığı ərzaq qıtlığı, həm də müharibələr, münaqişələr səbəbindən ərzağın qiyməti sürətlə qalxır. Qarşıdakı illərdə ümumiyyətlə dünyada həm ərzaq qıtlığı olacaq, həm də qiymət bahalığı. Bunlar bir-biriylə əlaqəli məsələlərdir. Ona görə də biz daxili istehsala köklənməliyik. Daxili istehsalı yerli tələbatı maksimum ödəyəcək səviyyəyə çatdırmalıyıq".