Övladı olan ailələrdə boşanma halları daha çox yaşanır

Çox zaman qadınlar övladları zorakılığa daha artıq şahid olmasınlar deyə boşanmaya, evdən ayrılmağa qərar verirlər

“Zəng edib deyirlər ki, istəmirik uşaqlarımızın psixologiyası pozulsun, uşaqlarımız bu tərbiyə metodunu görsünlər, övladımızın gözü qarşısında daha alçaldılmaq istəmirik”
 
  Ötən il qeydə alınmış boşanmalardan 9562-i 18 yaşadək uşaqları olan ailələr arasında qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə 15 983 boşanma qeydə alınıb ki, onlardan 6421-i uşaqsız ailə olub. Qeyd edilir ki, ötən il qeydə alınmış boşanmalardan 9562-i 18 yaşadək uşaqları olan ailələr arasında qeydə alınıb: “Onlardan 4 154 ailə 1 uşaqlı, 5 408 ailə isə 2 və daha çox uşaqlı olub ki, onlarda uşaqların sayı 12 180 olub”.
 
 Bununla da sonsuzluğun boşanmalarda əsas səbəblərdən biri olması mülahizəsi “suya düşmüş” hesab edilə bilərmi? Suala cavabında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, boşanmalarda bir səbəb axtarmaq düzgün deyil: 

- Səbəblər həmişə müxtəlifdir. Övladsız ailələr var ki, çox yaxşı, firavan,  qarşılıqlı sevgi, hörmət içində uzun illər birgə yaşayır. Amma nəinki bir, iki, üç övlad olan ailələr var ki, bir neçə ildən sonra boşanır. Hətta 18 yaşdan yuxarı övlad olan ailələrdə də boşanma halları yaşanır. Yəni ailənin möhkəmliyi birbaşa övladdan asılı deyil. Belə olmur. Buna görə də “övladı olmayan ailələrdə boşanmalar çoxdur” fikri absurddur. Statistika da əksini göstərir ki, övladı olan ailələrdə boşanma halları daha çox yaşanır. Boşanmaların səbəblərindən biri məişət zorakılığıdır. Və çox zaman qadınlar məhz uşaqlar, övladları zorakılığa şahid olmasın və ya daha artıq şahid olmasınlar deyə boşanmaya, evdən ayrılmağa qərar verirlər. Bizə zəng edən zorakılığa məruz qalmış qadınlar deyir ki, uşaqlarını bu mühitdən xilas  etmək istəyir. İllər ərzində topladığımız göstəricilər var. Boşanmış ailələrdə 2-3, 4-5, hətta 6 övlad da olub. Zəng edib deyirlər ki, istəmirik uşaqlarımızın psixologiyası pozulsun, uşaqlarımız bu tərbiyə metodunu görsünlər, övladımızın gözü qarşısında alçaldılmaq istəmirik daha. Bir çox qadınlar məhz zorakılığa görə və bu zorakılığı övladları görməsin deyə ayrılmağı seçirlər.