Kasıblar üçün market açılsa, nə baş verə bilər?

Kasıblar üçün market yaradılsa, varlılar da ora axışacaq
Yenə də lazım olan işi görmürük, səhv istiqamətdən işə başlanılır

  Təzə təklif var. Kasıblar marketi yaradılsın. Bu təkliflə millət vəkili Razi Nurullayev çıxış edib. Millət vəkili deyib: “Bazarlarda ciddi bahalıq var, bunun səbəbi həm də dünyada gedən proseslərdir. Ona görə də görülən tədbirlərə baxmayaraq, qiymətlərdə enmə yox, qalxma müşahidə edilir, bu da əhalinin kasıb hissəsini daha çox əzir. Təklif edirəm ki, xarici ölkələrdən ölkəmizə idxal edilə biləcək qiyməti daha aşağı, amma keyfiyyətli məhsulları müəyyən etmək üçün işlər aparılsın. Aidiyyəti dövlət qurumlarının xarici ölkələrə nümayəndələri ezam oluna bilər ki, onlar bu sahədə araşdırma və danışıqlar aparsın. İkinci təklifim isə dövlət tərəfindən himayə olunan və dəstək verilən ucuz supermarketlərin həm hər rayonda, həm də şəhərlərdə açılmasıdır. Belə supermarketləri bir çox xarici ölkədə görmüşəm. Başa düşürəm ki, həmin marketlərə bütün əhali axışa bilər. Onun üçün də xüsusi siyahının hazırlanması və həmin adamlara buraxılış sənədinin verilməsi mümkündür. Bu siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində var. Əlavə olaraq, rayon icra hakimiyyətlərində də ərzaq yardımı verilən, kasıb əhalinin siyahısı mövcuddur”.
  Millət vəkilinin təklifi nəinki birmənalı qarşılanmayıb, hətta çoxmənalı qarşılanıb. Deputata kəsin irad bildirənlər də var. Təklif sosial şəbəkələrdə də qızğın müzakirə predmetinə çevrilib. Millət vəkilini kasıb təbəqəni aşağılamaqda ittiham edirlər. İttihamlar əsassız sayılmaz. Ucuz market təcrübəsi ölkədə mövcuddur – “OBA” marketlər şəbəkəsi. Bu şəbəkə fəaliyyətə başladığı ilk vaxtlarda əhali (yəni kasıb-kusub) “OBA”lara axın etdi. Qiymətlərdə fərq vardı, bəli. Amma alınan məhsullar - istər ərzaq, istərsə də qeyri-ərzaq məhsulları istehlak edildikdə əhali anladı ki, onlara böyük ölçüdə kəf gəlinib. Ucuz qiymətə keyfiyyətsiz məhsul alıblar. Adi (ucuz) kəsmikdən, xamadan qarın ağrısına düşənlər, yuyucu vasitələrin də keyfiyyətsiz olduğuna nəhayət inandılar. İndi “OBA”lar əvvəlki şöhrətini itirmiş durumdadır. Müştəriləri də azalıb. Kasıb camaat anlayıb ki, ucuz qiymətə keyfiyyətsiz məhsul alıb zərərə düşməkdənsə, belini sıxıb bir az baha qiymətə olsa da, keyfiyyətlisini almaq məsləhətdi. Kasıb olanda nə olar?! Kasıbın da ağlı var, hər halda. Odur ki, millət vəkilinin ucuz marketlər yaradılması təklifi cəmiyyətdə qıcıq doğurub. Bu, həm də, “deməli, qiymət artımı ilə, monopoliya ilə mübarizə apara bilmirlər, çıxış yolunu ucuz marketlər yaratmaqda görürlər?!” fikri formalaşdırır. Görəsən, düzdümü, yanlışdımı? 
  İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında millət vəkilinin sağlam təşəbbüs irəli sürdüyünü dedi:

 "Fikir sağlamdır. Sosial marketlər təcrübəsi bir çox ölkələrdə var. Amma bilimirik, əhali buna necə yanaşacaq. Kim zəmanət verə bilər ki, sosial marketlər olsa, imkanlılar da ordan alış-veriş etməyəcək? ƏƏSMN tərəfindən xüsusi siyahının hazırlanması, buraxılış sənədi, filan... oxşar vasitələr ünvanlı sosial yardım xidmətində də var. Amma görürük ki, ünvanlı sosial yardımlarda da kənara çıxmalar, yayınmalar olur. Baxırsan elə adam ünvanlı sosial yardım alır ki, buna ehtiyacı yoxdur, amma ehtiyacı olan, ehtiyac içində yaşayan birisi adına nə vaxtsa daşınmaz əmlak sənədləşdirilib, ya da istifadə edə bilmədiyi torpaq sahəsi var deyə, ona sosial yardım verilmir. Yəni bu, ciddi bir mexanizm tələb edən məsələdir. Necə ümid etmək olar ki, buraxılış sənədini imkanlı şəxslər də əldə etməyəcək. Doğru-düzgün mexanizm işlənib hazırlansa, mümkündür. Yenə deyirəm, cəmiyyət buna necə reaksiya verəcək, xalq buna necə yanaşacaq, bilinmir. Düzgün mexanizm qurulmasa, bu, cəmiyyəti bölmək olacaq və təbəqələşməni sürətləndirəcək".
  F.İbrahimov qeyd etdi ki, yenə də lazım olan işi görmürük: 
"Səhv istiqamətdən işə başlanılır. Sosial marketlər yaratmaq kimi çətin bir işi gündəmə gətirməkdənsə, inhisarçılığın aradan qaldırılmasına çalışsalar, daha faydalı olar. Ölkəyə idxal olunan məhsullar var. İdxal edən də bəllidir, gətirən də, satan da, alan da. Biz bir çox satış mərkəzlərində məhsulların qiyməti ilə bağlı monitorinqlər aparırıq. Və görürük ki, müəyyən məhsulların qiymətinin üzərinə 30-40 faiz əlavə haqq gəlib. Niyə bu əlavələr var? Qiymətin qalxmasına səbəb məhz budur. Bu şəbəkələrdə inhisarçılıq hökm sürür, sağlam rəqabət mühiti yoxdur. Sağlam rəqabət mühiti yaradılsa, qiymətlərdə avtomatik ucuzlaşma baş verəcək, sosial marketlərə də ehtiyac qalmayacaq".