Cavad Rəncbər kimi faşistlər bacarmayacaq

Türk dili İran adlı ölkədə nəinki zəifləyəcək, əksinə, daha da güclənəcək

“Türk dili gücləndikcə, İranda türklərin hakimiyyətinin yenidən bərpası qaçılmaz hala gələcək. Fars rejimini də narahat edən, anti-türk təbliğatını genişləndirən məqam budur”


  İranın "Sazəndegi" qəzetində Azərbaycan xalqı və onun dili təhqir edilib. "Şahnamə" alimi" kimi tanınan Cavad Rəncbər Derəxşilər adlı yazıçının məqaləsində Türk Dili Akademiyasının yaradılması pislənilib. O deyib ki, bu, iransevərləri narahat edir və bəzi anti-İran dairələr bunu alqışlayır. Faşist düşüncəli müəllif dəfələrlə türk dilinin yerli dil olduğunu bildirib və dilimizi aşağılayaraq yazıb: "Milli fars dilli İran xalqının içərisində türk dili üçün siyasi qurumun yaradılması hansı məna kəsb edə bilər?". Paniranist müəllif Türk Dili Akademiyasını qurmaq istəyənləri təhqir edərək, onları "cahil" adlandırıb: "Türk Dili Akademiyasının yaradılmasının heç bir intellektual, tarixi və siyasi əsası yoxdur. Bu qurumun vəzifələri haqqında deyilənlərin hamısı qeyri-mötəbərdir, məlumatsızlıqdan və ya eqoizmdən irəli gəlir". Xatırladaq ki, İranın “Sazəndegi” qəzeti sabiq prezident Haşimi Rəfsəncaninin ideyalarının davamçısıdır. Qəzet bundan öncə də bir neçə məqaləsində Azərbaycan xalqını, Türkiyə və Azərbaycan prezidentlərini təhqir etmişdi.
  
AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında bildirib ki, İran adlanan ölkədə türk dili ilə bağlı qurumların yaradılması ciddi problemə çevrilib. Alim vurğulayıb ki, pəhləvilər İranda hakimiyyətə gəldikdən sonra türk dilinə qadağalar qoydular: "Çox fərq etmədən bu siyasət molla-fars rejimi tərəfindən də davam etdirildi. Onların düşüncəsinə görə, türk dilinin varlığı, hansısa qurumların yaranması fars rejiminin gələcəyini təhdid altında qoyur. O baxımdan "Şahnamə alimi" kimi tanınan Cavad Rəncbər və onun kimi faşist düşüncəli digər müəlliflər türk dilinin varlığını fars dilinə yox, öz hakimiyyətlərinə qarşı təhdid hesab edirlər. Türk dilinin təkcə Güney Azərbaycanda, yaxud Xorasanda deyil, bütövlükdə İran adlı ölkədə dirçəlməsi türklərin yaxın gələcəkdə öz hakimiyyətlərini bərpa etməsi anlamına da gəlir. Ona görə də hər cür vasitələrə al ataraq, türk dilinə nifrəti təbliğ edirlər. Xüsusilə, son dövrlərdə Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü təmin etməsi, daha da güclənməsi fars rejimi tərəfindən təhlükəli hesab olunur". 
  F.Ələkbərlinin sözlərinə görə, İran adlı yerdə türk dili Güney Azərbaycanda türklərin öz milli kimliyini, varlığını qoruyub saxlaması və yenidən dirçəliş üçün əsas silahdır: "Fars rejimi və Cavad Rəncbər kimi faşistlər nə edir-etsin, türk dili İran adlı ölkədə nəinki zəifləyəcək, əksinə, daha da güclənəcək. Düzdür, müəyyən problemlər var. Ancaq bütövlükdə türk dilinin varlığı özünü qoruyub saxlayırsa, deməli, türklərin tapdanmış haqq-hüquqlarının bərpası reallaşacaq. Türk dili gücləndikcə, İranda türklərin hakimiyyətinin yenidən bərpası qaçılmaz hala gələcək. Fars rejimini də narahat edən, anti-türk təbliğatını genişləndirən məqam budur. Heç nəyə nail ola bilməyəcəklər".