Elmar Hüseynovun oğlu atasının dostları ilə görüşmək istəyir  - Şahbaz Xuduoğlu

2005-ci ildə qətlə yetirilən jurnalist Elmar Hüseynovun ailəsi 17 ildən sonra Azərbaycana qayıdıb.

Bu barədə Elmar Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova paylaşım edib.

R. Hüseynova oğlu, 17 yaşlı Aslanla birlikdə vətənə gəlib. Onlar Elmar Hüseynovun məzarını ziyarət etməklə yanaşı, Şuşaya da səfər ediblər.
    
Elmar Hüseynova yaxınlığı ilə bilinən "Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu “Sherg.az”a bildirib ki, mərhumun ailəsinin yenidən Azərbaycana dönməsinə çox şad olub:
"Onların həm Elmarın qəbrini ziyarət etməsi, həm də Şuşaya yollanması məni və Elmarın digər dostlarını olduqca sevindirdi. Doğrusu, mən özüm də Bakıda deyildim, dünən gecə gəlmişəm. Bu səbəbdən hazırda onlarla əlaqə saxlaya bilməmişəm.  Aslanın və Rüşaniyyə xanımın fikirlərini oxudum, tanış oldum. Hər halda hazırda onların başı qarışıqdı. Aslanın atasının dostları ilə görüşmək kimi bir planı var. Onların əlbəttə bir proqramları var və bu proqram doğrultusunda  əgər imkan etsələr, məmnuniyyətlə görüşəcəyik. Elmarın ailəsi xaricə köçdükdən sonra bir neçə dəfə telefonla danışığımız olsa da, indiyə qədər üz-üzə görüşmək qismət olmayıb".