Taksi operatorlarına tələblər qoyuldu

Operatorlar iyirmi min cəriməni ödəməkdənsə, fəaliyyət göstərmək üçün üç min manat rüsumu ödəməyi üstün tutacaqlar

Taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, taksi sifarişi operatorları tərəfindən "Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilmiş tələblərin pozulması hallarına, o cümlədən icazəsi olmayan daşıyıcıya taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər on min beş yüz manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.
Eyni zamanda layihəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək.
Bu qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, iclasda "İcbari Xətalar Məcəlləsi", "Dövlət rüsumu haqqında qanun", "Lisenziyalaşdırma haqqında qanun" və s. digər qanunlarda dəyişikliklər öz əksini tapıb və "Avtomobil nəqliyyatı haqqında" olan qanunla uyğunlaşdırılıb: "Qəbul edilən dəyişikliklərə əsasən, icazəsiz taksi şirkəti operatoru kimi fəaliyyət göstərənlər cərimələnəcək".
Ekspert qeyd edib ki, həmçinin taksi fəaliyyəti üçün rüsum müəyyənləşdirilib. 

Taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək istəyənlər üçün dövlət rüsumu üç min manat müəyyənləşdirilib. Düşünürəm ki, operatorlar iyirmi min cəriməni ödəməkdənsə, fəaliyyət göstərmək üçün üç min manat rüsumu ödəməyi üstün tutacaqlar: 

"Müzakirə olunan digər bir məsələ isə sərnişin daşımalarına buraxılış vəsiqəsidir. Bu vəsiqənin qiyməti 125 manat, buraxılış kartı 25 manat olaraq qərara alınıb. Xarici ölkələrdə avtomobil nəqliyyatı ilə daşımalara gəldikdə isə burada beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımaları məsələsində rüsumlar bir qədər çoxdur. Buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 250 manatdır. Buraxılış kartı üçün isə 75 manatdır. Beynəlxalq yük və sərnişin daşımalarında iştirak sürücülərin fəaliyyətində 2 qat artıq fərq edir".

   
E.Muradlı vurğulayıb ki, qanunvericiliyə edilən dəyişikliklər bir növ bu sahədə nizam-intizamın yaradılmasına yönəlib. Əvvəllər bu sahədə hər hansı addımlar atıldıqda hüquqi boşluqlar ortaya çıxırdı:

 "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sahədə bütün məsələləri incələdi, araşdırdı və problemlərin aradan qaldırılması istiqamətində öz təkliflərini Milli Məclisə bildirdi. Nazirliyin təklifləri əsasında Milli Məclisdə bu məsələlər müzakirə olundu. Bunlarda sonra artıq müsbət yöndə müəyyən dəyişikliklərin şahidi oluruq. Doğrudur, bu sahə həssas bir sahədir, amma düşünürəm ki, hüquqi baza olduqdan sonra problemləri həll etmək olar".