Məktəblilərin sağlamlığı günün əsas mövzusu olmalıdır

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı;

Sağlam həyat tərzi əsas prioritetə çevrilir

Bütün təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq

 Bu gün yeni tədris ili başlayır. Və təbii olaraq da, şagirdlərin sağlamlığı ön plana çıxır. Ölkənin ümumtəhsil məktəblərində məktəblilərin fiziki tərbiyəsi, sağlamlığı, keyfiyyətli qidalanması daim diqqət mərkəzində olub. Baxmayaraq ki, bu məsələlərdə problemlər, çatışmazlıqlar mövcuddur. Azərbaycan dövlət siyasətinin prioritetləri sırasında gənc nəslin fiziki və mənəvi sağlamlığının təmin edilməsi əsas yer tutur. Bunu nəzərə alan aidiyyətli orqanlar müvafiq addımlar atmalı, lazımi tədbirlər həyata keçirməlidir. Sirr deyil ki, məktəb bufetlərinin bir çox hallarda standartlara cavab verməməsi halı mövcuddur.
 Bu barədə elm və təhsil naziri də açıqlamalarla çıxış edib və zəruri tədbirlərin görülməsi istiqamətində iş aparıldığını vurğulayıb. Dünən Bakıda keçirilən “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda beynəlxalq tədbirdə bu mövzuya da toxunulub. Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, qida təhlükəsizliyi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır. Qidaların keyfiyyətli və təhlükəsiz olması qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısını almış olur, səhiyyə sistemini mümkün təhdidlərdən qoruyur. Nazir qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" arasında vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi əsas məqsədlərdən biri olaraq qarşıya qoyulub: "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında uşaqların sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi yuxarıda qeyd olunan məqsədə çatmaq üçün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib. Həssas əhali qrupları arasında qida təhlükəsizliyi barədə məlumatlılıq səviyyəsinin artırılması üçün maarifləndirmə və təşviqat tədbirlərinin keçirilməsi zəruri hesab olunur". 

Nazir vurğulayıb ki, Qida Təhlükəsizliyi Agentliyi ilə Səhiyyə Nazirliyi arasında fəal əməkdaşlıq aparılır, xüsusən də məktəblilər arasında düzgün qidalanmanın təşviqinə dair tədbirlər həyata keçirilir. Bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla qanunvericiliyin və təlimatların mövcudluğu da əsas şərtdir: "İstehsalçılar qəbul olunmuş təhlükəsizlik və keyfiyyət standartlarına əməl edərək məhsulların sağlamlığa təhlükəsizliyini təmin etmək öhdəliyi daşıyırlar. Bu həm də, qlobal təchizat zəncirində proseslərin sürətli bir şəkildə reallaşmasını, sərhədlərarası əməliyyatları asanlaşdırmış olur. Eyni zamanda qanunvericilikdə sağlam və təhlükəsiz qidalar istehsal edən bizneslər üçün dəstəkləyici mühitin formalaşdırılması da çox önəmlidir.

 Bu sahədə innovativ texnologiyaların tətbiqi, stimullaşdırıcı mexanizmin yaradılması, tədqiqat fəaliyyətləri üzrə müəssisələrin mövcudluğu əlavə imkanlar açır". Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə KİV-ə açıqlamasında bildirib ki, Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə təhsil müəssisələrində bufetlərin fəaliyyətinə dair məsələ ətraflı müzakirə edilib və bütün təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq:

 "Bu ildən etibarən Qida Təhlükəsizliyi İnstitutu naziriliyin tabeliyindəki bütün müəssisələrdə xüsusi proqram və təlimlər həyata keçirəcək. Keyfiyyətə nəzarət məsələlərinə, həmçinin məhsulların daşınması, çatdırılması, satılmasına xüsusi nəzarət prinsipləri tətbiq olunacaq. Ümid edirəm ki, gələcəkdə neqativ hallar ortadan qaldırılacaq".
  
Həkim-pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında bu cür tədbirlərin önəmini vurğulayaraq bildirdi ki, məktəblilərin sağlamlığı günün  əsas mövzusu olmalıdır: 
- “Uşaqlar bizim gələcəyimizdir”, şüarı, sadə, populist ifadə deyil. Burada böyük həqiqət var. Uşaq sağlamdırsa, sağlam böyüyürsə, onun fiziki tərbiyəsi, düzgün qidalanması təmin edilibsə, o uşaq sağlam böyüyəcək, tədrisdə çətinlik çəkilməyəcək, dərsləri yaxşı mənimsəyəcək, savadlı olacaq, bu halda onun gələcəyindən də narahat olmağa dəyməz. Məktəblinin sağlam böyüməsində qidalanma əsas şərtlərdən biridir. Söhbət keyfiyyətli və düzgün qidalanmadan gedir. Təcrübəli biri kimi deyirəm. İllərdir bu məsələ müzakirə olunur ki, şagirdlər məktəbdə nəylə qidalanır? Məktəb bufetləri məktəblinin sağlam qidalanmasını təmin edə bilirmi? Buna tam müsbət cavab vermək mümkün deyil. Çünki məktəb bufetlərində hazır qidalar, paketlənmiş ərzaqlar daha çox satılır. Bu qidaların tərkibində kimyəvi qatqıların olduğunu hamımız bilirik. Bu gün hansı tərəfə baxsaq, əksər uşaqların, yeniyetmələrin əlində “suxarik”lər görərik. Çantalarından çıxarırlar “xırt-xırt”la yeyirlər. Bu nədi? Onun tərkibində nə var? Süni dadlandırıcılar. Bu süni dadlandırıcılar uşaqlarda (böyüklərdə də - hamıda) asılılıq yaradır. Uşaq ona öyrəşir, vərdiş edir və daim onu yemək istəyir. Sonra enerji içkiləridir. Dəfələrlə xəbərdarlıq edilib ki, enerji içkiləri ziyandır, tərkibində konserogen maddələr var, mədəyə ziyandır... amma yenə də alırlar, içirlər. Çünki vərdiş ediblər artıq. Bu məsələdə mən günahı valideynlərdə görürəm. Valideyn övladını bu cür zərərli qidalara alışdırmamalıdır. Uşaqlarını həkim qəbuluna gətirən valideynlər uşaqlarında mədə ağırısı, həzmsizlik, qəbizlikdən şikayət edir. Səbəb məhz bu qeyri-sağlam qidalar və qeyri-sağlam qidalanmadır. Məktəbli mütləq səhər yeməyini yeyib məktəbə getməlidir, səhər yeməyi şagirdin beyin hüceyrələrini aktivləşdirir. Səhər yeməyində mütləq süd məhsulları, kalium, kalsiumla zəngin qidalar olmalıdır. Günorta saatlarında şagird mütləq nahar etməlidir. Evə gələn evdə, məktəbdə dərsləri davam edən şagird isə məktəbdə. Bunun üçün də məktəb bufetlərində isti, sulu yeməklər də olmalıdır, evdə də həmçinin. Bu cür yeməklər uşaqların mədə-bağırsaq, həzm sistemini yaxşı çalışdırır, orqanizm rahat olduğundan uşaq dərslərini də yaxşı öyrənir, tapşırıqları da yerinə yetirir, mənimsəmə qabiliyyəti də üstün olur. Uşaqlar arasındakı yorğunluğun səbəbləri yuxusuzluq, normal yuxunun olmaması, keyfiyyətsiz, vaxtsız-vədəsiz qidalanma, uşaqların istirahət saatlarının az olmasıdır. Bu məsələlərlə bağlı bütün aidiyyətli orqanlar zəruri tədbirlər görməli, məktəblinin qidalanma rejimi və qida rasionunu tərtib etməlidirlər.