İlkin qeydiyyat yüksək səviyyədə aparılır

Bu, gələcəkdə reinteqrasiya planının səmərəli şəkildə həyata keçirilməsi nöqteyi-nəzərindən ən vacib komponentlərdən biridir

  Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar.
Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası məlumat yayıb.
  
Mövzu ilə bağlı "Sherg.az"a danışan “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan cəmiyyətinə tam şəkildə reinteqrasiya olunması ilə bağlı zəruri  tədbirlərin həyata keçirilməsinə başlanılıb: 

“Bildiyimiz kimi, bu il sentyabr ayının  21-də  Yevlax şəhərində Qarabağın erməni icması ilə Azərbaycan nümayəndələri arasında görüş baş tutdu. Görüş zamanı Azərbaycan nümayəndə heyətinin məsul şəxsi  Ramin Məmmədov Ermənistan tərəfinə reinteqrasiya planını təqdim etdi. Həmin plan bütövlükdə Azərbaycan Respublikası Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyasını, həmin əhalinin xidmətində olan infrastrukturun bərpası, istifadəsi və bununla bağlı zəruri fəaliyyətlərin təşkili ilə bağlı məsələləri özündə ehtiva edir. Bu plana əsasən sosial-iqtisadi paket reinteqrasiya planın özəyidir”. 
 
A.Allahverənov Qarabağda yaşayan ermənilərin ilkin qeydiyyatının aparılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX)  xüsusi  tapşırıq verildiyini vurğulayıb:

“İlkin qeydiyyata dair müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal (reintegration.gov.az) vasitəsilə elektron həyata keçirilir. Qeydiyyatda aparılma  gələcəkdə həmin şəxslərin  dövlət xidmətlərindən səmərəli şəkildə istifadə edə biləcəkləri üçün vacib haldır. Bu baxımdan  ilkin qeydiyyatı çox yüksək dəyərləndirirəm. Hesab edirəm ki, bu, gələcəkdə reinteqrasiya planının səmərəli şəkildə həyata keçirilməsi nöqteyi-nəzərindən ən vacib komponentlərdən biridir”.