Qazaxla Ermənistan sərhəddində təhlükəsizlik: Uşaq baxçası açıldı!

Ermənistanla sərhəd xəttinə ən yaxın məsafədə yerləşən Qazax rayonunun Məzəm kəndində fəaliyyəti dayandırılan uşaq bağçası 30 ildən sonra yenidən istifadəyə verilib. Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, Məzəm kənd uşaq bağçasının inzibati binası lazımi inventarlarla təmin olunub. Binada təmir işləri aparılıb, əlavə olaraq anbar, mətbəx və sanitar qovşaq tikilib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  bildirib ki, hər hansı sosial obyektin fəaliyyətinin bərpasından öncə əlbəttə təhlil və müzakirələr aparılır. Təhlükəsizlik təmin edildikdən sonra bununla bağlı qərar verilir:
 “Məzəm kəndi Ermənistanla sərhəd xəttinə ən yaxın kəndlərdən biridir. Son zamanlar Azərbaycanın əldə etdiyi hərbi və siyasi qələbələrdən sonra sərhədə vəziyyət tamamilə dəyişib. Biz Qazaxın sərhəd kəndlərindəki bütün sahələri inkişaf etdirəcəyik. Bu yolda bir sıra addımlar da atılır. Məzəmdə uşaq baxçasının fəaliyyətə başlaması, həmçinin daha bir sərhəd kəndi hesab olunan Fərəhliyə yolun çəkilməsi bunlara əyani sübutdur. Qazaxda abadlıq və quruculuq işləri sürətli şəkildə davam edir. Bu işlərdə hökumət və yerli icra hakimiyyəti böyük rol oynayır”. 

Məlumat üçün bildirək ki, Məzəm kəndi Qazax rayonunun Ermənistanla sərhədə ən yaxın məsafədə yerləşir. Kənd 1993-cü ilin aprelində müvəqqəti olaraq Qazax rayonu ərazisinə köçürülüb və həmin vaxtdan Məzəm kənd uşaq bağçasının fəaliyyəti dayandırılmışdı.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin 26.07.2023-cü il tarixli əmrinə əsasən Məzəm kənd uşaq bağçası Təhsil İdarəsinin tabeliyində yaradılıb.