"Bu xanım müəyyən haqsızlığa qarşı döyüşür"

Əjdər Tağızadə: Nərgiz Məhəmmədinin Güney Azərbaycan məsələsinə heç bir dəxli yoxdur"

  Sülh nominasiyası üzrə Nobel mükafatı əslən Zəncandan olan, Güney azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə verilib. Nobel Komitəsinin rəsmi saytı xəbər verir ki, Norveç Parlament Komitəsi tərəfindən təqdim olunan mükafatın qalibi bu gün açıqlanıb. O, mükafata İranda qadınların zülmünə qarşı və hamı üçün insan haqları və azadlığının təşviqi istiqamətində apardığı mübarizəyə görə layiq görülüb. Nərgiz Məhəmmədi 21 aprel 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Universitetdə təhsil aldığı zaman tələbə qəzetində qadın hüquqlarını dəstəkləyən məqalələr yazaraq diqqət çəkib. Məhəmmədi ilk dəfə 1998-ci ildə İran hökumətini tənqid etdiyinə görə həbs edilib və bir il həbsdə yatıb. 2010-cu ilin aprelində İranın İnsan Hüquqları Müdafiəçiləri 
Mərkəzinə görə İslam İnqilabı Məhkəməsinə çağırılıb. 

Qısa müddətə 50.000 dollar girov müqabilində sərbəst buraxılıb, lakin bir neçə gün sonra yenidən həbs edilib və Evin həbsxanasına salınıb. Məhəmmədi həbsdə olarkən səhhətində problem yaranıb. Nəticədə, bir aydan sonra o, evə buraxılıb və xəstəxanaya getməsinə icazə verilib. 2011-ci ilin iyulunda Məhəmmədi yenidən mühakimə olunub və "milli təhlükəsizliyə qarşı hərəkət etmək, İnsan Hüquqları Müdafiəçiləri Mərkəzinə üzv olmaq və rejim əleyhinə təbliğat aparmaq"da təqsirli bilinib. Sentyabr ayında o, 11 il müddətinə azadlıqdan məhrum edilib. 2012-ci ildə hökm altı ilə endirilsə də, apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. 2012-ci ilin iyulunda beynəlxalq qanunvericilər qrupu onun azadlığa buraxılmasına görə təşəbbüs göstərib və 2012-ci il iyulun 31-də Məhəmmədi həbsdən azad edilib. 2015-ci il mayın 5-də Məhəmmədi yeni ittihamlar əsasında yenidən həbs edilib və 8 oktyabr 2020-ci ildə həbsdən azad edilib. 16 noyabr 2021-ci ildə o, Əlborz vilayətinin Kərəc şəhərində 2019-cu ilin noyabrında ümummilli etirazlar zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülən İbrahim Ketabdarın anım mərasimində iştirak edərkən yenidən həbs edilib və hazırda həbsdədir. Xatırladaq ki, 2022-ci ildə Nobel Sülh Mükafatı belaruslu insan haqları müdafiəçisi Ales Bialiatski, Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinin rəhbərlərinə təqdim edilib.

“Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi hər yerdə məzlum qadınlar üçün ümid işığıdır”.
  
“Bunu Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Nərgiz Məhəmmədinin Nobel Sülh Mükafatı alması barəsində  “X” hesabındakı paylaşımında deyib.
  
“Onun insan hüquqları və azadlıqları uğrunda mübarizəsi hamımızı ruhlandırır. Bu, bir xatırlatmadır - yalnız qadınların təhlükəsiz olduğu yerdə hamı təhlükəsizdir”, - deyə o vurğulayıb.
 
 Nərgiz Məhəmmədinin Nobel Sülh Mükafatı almasını və Mişelin X platfomasındakı paylaşımını “Sherg.az”a şərh edən “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə  Nərgiz Məhəmmədinin aldığı mükafatın Güney azərbaycanlıların bağımsızlıq məsələləri ilə  bağlılığı olmadığını vurğulayıb:
“Baxmayaraq ki, o, Azərbaycan türküdür, amma İrana və irançılığa xidmət edir. Doğrudur, bu xanım müəyyən haqsızlıqlara qarşı döyüşür və hazırda həbsdədir. Ancaq onun həyat yoldaşının da, özünün də fikirləri ayrıdır.  Bunların Güney Azərbaycan məsələləri ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanın güneyində minlərlə soydaşımız bağımsızlıq, milli məsələ uğrunda canlarını fəda edirlər. Onlarla bu məsələni qarışdırmamaq lazımdır. Qaldı ki Mişelin paylaşımına, o da hər gün bir havadadır. Onun hansı millətin dostu, hansı millətin düşməni olduğunu bilmək olmur”. 
  
Siyasi şərhçi Məhsa Mehdili isə Nərgiz Məhəmmədinin Tehran mərkəzli hərəkatın parçası olduğunu bildirib: 

“Onun həyat yoldaşı da fars müxalifətçisidir. Bu günə qədər onların hər ikisinin Güney Azərbaycan məsələsi ilə bağlı heç bir təşəbbüsü olmayıb. Nərgiz Məhəmmədidən fərqli olaraq Güney Azərbaycan üçün mübarizə aparan qadınlarımız var. Tehran mərkəzli medianın təğlibatı sayəsində Nərgiz Məhəmmədi kimilər daha çox tanınır. Onun qazandığı mükafat təbliğatla qazanılmış mükafatdır”.
Siyasi şərhçi Nərgiz Məhəmmədinin  İranda yaşayan  azərbaycanlıların bir dəfə də olsa haqlarının müdafiəsi üçün fikir səsləndirmədiyini vurğulayıb:

 “Nərgiz Məhəmmədi qadın haqları və bir çox digər mövzuların müdafiəsini edir. Amma məsələ Güney azərbaycanlılarına gəldikdə bütün müdafiə etdiyi şeyləri unudur. Böyüdüyü şəhərdə yaşayan uşaqların məcburən farsa danışdırılmasına susan, onların səsini dünyaya çatdırmayan birinin aldığı mükafatın bizimlə əlaqəsi yoxdur. Birisi öz xalqına qarşı edilən haqsızlıqlara susur, onu normallaşdırırsa, onun başqa şeylər üçün mübarizəsi heç nəyi ifadə etmir”.