Bakı-Sumqayıt yolunda tıxac birə beş artacaq! - PROBLEM

Avtobus zolaqları çəkməklə problem həll olunmayacaq

“Əlaqədar qurumlar problemi bir zənbil boya ilə həll etmək istəyir. Bu isə mümkün olacaq iş deyil. Nə vaxtadək ki əyalət təfəkkürü ilə fəaliyyət göstərəcəklər, problem həllini tapmayacaq”

  Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsi digər nəqliyyat vasitələri sürücülərinin narazılığına səbəb olub. Narazılar, zatən günün əksər saatlarında tıxac yaranan yolun, xüsusi zolağın çəkilməsiylə bir qədər də daraldığını və bunun da daha böyük tıxaclara səbəb olacağını iddia edir. Təbii ki, məsələnin bir tərəfində uzun vədəli tıxaclarda qalan avtobusların – ictimai nəqliyyatın intensiv hərəkətini təşkil etmək dayanır. Şəxsi avtomobillərə üstünlük verənlər, prinsip etibarilə ictimai nəqliyyatdan istifadə edə bilər. Əgər ictimai nəqliyyat həqiqətən intensiv olacaqsa, sərnişinləri işə və geri – evlərinə vaxtında və rahat şəkildə çatdıracaqsa. Bu nə qədər mümkün olacaq, bəri başdan söyləmək çətindir. Lakin bəlli olan həm də budur ki, şəhərdə bir sıra ərazilərdə avtobus zolaqları çəkilib, avtobuslar üçün xüsusi hərəkət zolaqları ayrılsa da, həmin zolaqlardan digər nəqliyyat vasitələri də gen-bol istifadə edir. Avtobuslar çox zaman dayanacağa daxil ola bilmir heç, qarşılarında digər avtomobil vasitələri, taksilər olduğu üçün. Avtobus dayanacaqlarının digər nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi günümüzün reallığıdır. İndi də tıxac “ənənəsi” illərdir davam edən, əsəblərin tarıma çəkildiyi Bakı-Sumqayıt yolunda avtobuslar üçün xüsusi zolaqlar çəkilib. Yerüstü Nəqliyyat Agentliyinin məlumatında qeyd olunur ki, Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinədək) avtobus zolağı təşkil edilir. Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilir və yol nişanları quraşdırılır. Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə avtobuslar keçir. Zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq.
  Ekspertlər hesab edir ki, zolaqların çəkilməsi işin bir qismidir. Tıxac probleminin həlli üçün zolaqların təyinatına müdaxilənin qarşısı alınmalıdır, sərt nəzarət mexanizmi təşkil edilməlidir. Avtobus zolağına daxil olmağın cəzası 40 manat yox, daha yüksək məbləğ təyin edilsə, bəlkə digər nəqliyyat vasitələrinin sürücüləri qayda pozuntusundan çəkinər. Başqa bir təklif yeni avtobus zolağının metronun “20 Yanvar” stansiyasınadək uzadılmasıdır.
  Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, avtobus zolağı ilə bağlı narazılıqlar anlaşılandır:

- Avtobus zolağı çəkilirsə, bu, həmin zolaqla yalnız avtobusların hərəkət edəcəyi anlamına gəlməməlidir. Avtobus zolağından taksilər, mopedlər, skuterlər də istifadə etməlidir. Bilirsiz, avtobus zolağının mahiyyətini dərk etmədən problemin həllinə nail olmaq mümkün deyil. Əvvəllər BNA, indi də AYNA əməkdaşları göndərilir xarici ölkələrə, təcrübə öyrənməyə, görürlər Avropa şəhərlərindəki nəqliyyat infrastrukturunu, burda da onu tətbiq etmək istəyirlər. Elə düşünürlər ki, avtobus zolaqları çəkməklə problem həll olunacaq. Əvvəlki ənənə bu gün də davam edir. Kustar yollarla qayda-qanun yaratmağa çalışırlar. Çünki kustar ifarəçiliyə malikdirlər. Avtobus zolağı elə yerdə tətbiq edilməlidir ki, həmin yoldakı digər hərəkət iştirakçılarına maneə yaratmasın. Bizim hər birimizin subyektiv fikrimiz ola bilər. Amma problemə obyektiv yanaşma olmalıdır. Obyektiv yanaşma isə bunu tələb edir ki, vətəndaş-sərnişin-sürücü rəyi nəzərə alınsın. Bu qurumların hansı biri indiyədək ictimai rəyi öyrənib və nəzərə alıb? Heç biri. Əlaqədar qurumlar problemi bir zənbil boya ilə həll etmək istəyir. Bu isə mümkün olacaq iş deyil. Nə vaxtadək ki əyalət təfəkkürü ilə fəaliyyət göstərəcəklər, problem həllini tapmayacaq. Birinci növbədə, avtobus zolağının statusu olmalıdır. Bu status yoxdur, bilinmir, avtobus zolağı nəyə xidmət edir, bu zolaqdan nə zaman, hansı hallarda, hansı nəqliyyat vasitələri istifadə edə bilər. Zolağı çəkirlər, bununla da işlərini bitmiş hesab edirlər. Avtobus zolağına daxil olan digər nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinə uyğun cərimə edilir, vəssalam. Halbuki avtobus zolaqlarından ehtiyac duyulduğu zaman, günün müəyyən saatlarında, nə vaxt ki zolaqda avtobusların hərəkəti intensiv deyil, digər nəqliyyat vasitələrinə də zolağa daxil olmağa icazə verilməlidir. Bu, işin operativ təşkilindən asılıdır. Yola nəzarət dəqiq təşkil edilməli, avtomobillərin hərəkət intensivliyinə uyğun çevik qrafik olmalıdır. Avtobus zolağıyla 1-2 avtobus hərəkət edir, yolun digər zolaqlarında isə tıxacdırsa, bunun nəyi intellektual idarəetmə oldu?!