"Təhsilsiz qızla evlənməyin" - Sosioloq

Sosioloq gənc oğlanlara məsləhət verdi

  "Anaların təhsilli olması olduqca vacib faktordur". Bunu elm və təhsil naziri Emin Əmrullayev “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”ün təqdimat mərasimində deyib. "Biz çalışmalıyıq ki, uşaq əsasən təhsilli, savadlı ana tərəfindən tərbiyə almış olsun”, deyən nazir vurğulayıb ki, bu baxımdan, qadınlarımızın təhsil alması, onların təhsilə olan marağının artırılması çox önəmlidir.
  Nazirin sözləri yenilik sayılmaz. Cəmiyyətdə anaların savadlı olmasının nə dərəcədə əhəmiyyət kəsb etdiyini sağlam düşüncə sahibi olanlar, zatən bilir. Bu gün yeniyetmə, sabah gənc, birisigün ana olacaq qızların təhsilli olması üçün də gərək əməli addımlar atılsın.
  Elm və təhsil nazirinin problemi düzgün qeyd etdiyini bildirən sosioloq Lalə Mehralı “Sherg.az"a açıqlamasında savad və ali təhsil anlayışlarının fərqli mənalar daşıdığını qeyd etdi:
- Savad başqadır, ali təhsil başqa. Bəlkə də bu gün ali təhsilli bir çox analar var ki, övladını düzgün tərbiyə edə bilmir. Biz bunu hər gün cəmiyyətdə baş verən proseslərdə, qaşrımıza çıxan və ya şahidi olduğumuz hadisələr zamanı görürük. Ali təhsilli analar var ki, ailə daxilində tarazllğı heç qoruyub saxlaya bilmir, ailə dəyərlərini mühafizə edə bilmir. Amma ali təhsili olmayan, lakin savadlılıq dərəcəsi yüksək qadınlar var ki, gözəl övladlar tərbiyə edib cəmiyyətə verirlər. Bir insanın ali təhsili var, amma savadlılıq dərəcəsi aşağıdırsa, o, övladını düzgün tərbiyə edə bilməyəcək. Bəli, ali təhsil önəmlidir, lakin savadlı olmaq daha önəmlidir. Hər kəsin ali təhsil almaq imkanı olmaya bilər, amma Elm və Təhsil Nazirliyi hər bir vətəndaşın – gələcəyin anasının, atasının savadlı olmasına nail ola bilər. Uşaqların təhsildən yayınmasının qarşısını mümkün qədər almaqla, hər bir uşağı məktəbə cəlb etməyə çalışmaqla, hər bir uşaq üçün əlçatan təhsili təmin etməklə. Bu uşaqlar gələcəyin anası, atası olacaqlar. Sabah, birisigün bu uşaqlar arasından neçəsi ali məktəbə daxil olacaq, neçəsi peşə məktəbində təhsil alacaq, neçəsi, ümumiyyətlə məktəbi yarımçıq qoyub gedəcək, bilmirik. Amma Elm və Təhsil Nazirliyinin vəzifəsidir ki, uşaqların təhsil almasını maksimum təmin etsin. Bu məqsədlərə çatmaq üçün xüsusi proqramlar hazırlansın. Bu zaman biz gələcək nəslin böyük ölçüdə savadlı olacağına ümid edə bilərik.
  L.Mehralı qeyd etdi ki, təhsilli ananın tərbiyə etdiyi övladla təhsilsiz ananın övladı təbii ki, seçilir:
- Hər bir övlad ana və atasından, daha çox da anasından - çünki bu artıq təsdiq olunub ki, uşağın üzərində ananın əziyyəti daha çoxdur, ananın tərbiyəsi daha artıq təsirlidir – aldığı tərbiyəni nümayiş etdirir, gələcək ailə həyatını da anasından aldığı tərbiyə üzərində qurur. Gənc oğlanlara məsləhətim budur ki, evlənməyə hazırlaşanda, gələcək həyat yoldaşlarını fiziki göstəricilərinə görə yox, daha çox savadına, təhsilinə, dünyagörüşünə, mənəvi göstəricilərinə görə seçsinlər. Belə olarsa, həmin ailənin xoşbəxtliyi təmin edilmiş olacaq.