Vahid menyu tərtib olunacaq

Məktəbliləri nəzarətdə saxlamaq çətindir

Heç olmasa, bağça uşaqlarını düzgün və faydalı qidalandırmağa çalışılmalıdır

  “5-10 il əvvəlki uşaqlar həm fiziki, həm də qidalanma baxımından bugünkü uşaqlardan fərqlənir. Bunun üçün də bu sahədə islahatlara başlanılıb ki, vahid menyu tərtib edilsin”. Bunu uşaq bağçalarında vahid menyunun tərtib ediləcəyi ilə bağlı açıqlamasında Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova deyib. “Təhsil TV”nin qonağı olan İ.Rəsulova uşaq bağçalarında həyata keçirilən pilot layihədən danışıb: “196 bağçada pilot qida layihəsi tətbiq olunub. Hazırda bununla bağlı valideynlərdən və layihənin tətbiq olunduğu bağçaların rəhbərliyindən toplanan sorğular emal edilir. Bundan sonra qərar veriləcək ki, layihə genişləndirilsin, yoxsa dayandırılsın və ya modifikasiya edilsin. Pilot qida layihəsinin tətbiq olunmadığı bağçalarda qanunvericiliyə uyğun olaraq xüsusi menyu var və uşaqların qidalanması buna uyğun olaraq tənzimlənir”.

  Qida mütəxəssisi Ağa Salamov “Sherg.az”a açıqlamasında deyilənlərdə həqiqət payının böyük olduğunu bildirdi:
- Bəli, 5-10 il, hətta 30-40 il əvvəl də uşaqlar fiziki cəhətdən daha sağlam idilər. Çünki sağlam qidalarla qidalanırdılar. İllər keçdikcə qida rasionumuza bizə yad ərzaqlar daxil olmağa başladı və fiziki sağlamlıq göstəriciləri də getdikcə zəiflədi. Az qala, bütün günü kartof qızartması + makaron + ketçup yeyən uşaq sizcə, hansı dərəcədə sağlam ola bilər? Bağça uşaqlarının da əsas menyusu çipslər, müxtəlif krekerlər, süni dadlandırıcılı şirələr, kimyəvi qatqılı yoqurtlar… və sair bu kimi milli yeməklərimizə yad olan ərzaqlardır. Uşaqlar ətdən “qaçaq” düşüb. Bölgələrdə yaşayan, anadan olandan həyətdə toyuq-cücə görən uşaq da kənd çolpasını sevmir, anasına sifariş verir ki, mənim üçün qril hazırla. Özü də broyler toyuğundan. Mən bu məsələdə ilk növbədə valideynləri günahlandırıram. “Neyləyim, uşaq bunu istəyir”, deyən ananı heç cür anlamıram. Bu, səbəb deyil, bəhanədir. Əvvəllər analar naharı hazırlayıb sonra işə gedirdi. Evdə daim isti yemək olurdu. Uşaq məktəbdən gələndə isti yemək yeyirdi. İndi məktəblilər evə doyub gedir. Nəylə doyurlar? Dönərlə, şaurmayla, pitsa ilə. Kartoflu kökələrlə. Analar da məşğul olduqlarından, ya da tənbəlliklərindən yemək bişirməyə həvəsli deyillər. Uşağa pul verirlər ki, məktəbdə nəsə alıb yesin.
  A.Salamov qeyd etdi ki, məktəbliləri nəzarətdə saxlamaq çətindirsə də, bağça uşaqlarını heç olmasa, düzgün və faydalı qidalandırmağa çalışılmalıdır:
- Pilot layihələr müsbət haldır. Kiçik yaşlarından uşaqların sağlam böyüməsini təmin edəcək ən birinci şərt düzgün qidalanmadır. Lakin pilot layihənin gedişatı, nəticələri təhlil edilməlidir. Nəticələrə əsasən də uşaqların qidalanmasında nələrə üstünlük verilməlidir, aydınlaşmalıdır. Uşaqların qida rasionunda mütləq mal əti, quş əti, balıq və balıq məhsulları, süd məhsulları, paxlalı, dənli bitkilərdən hazırlanan yeməklər, tərkibi kalium, kalsium, maqnezium, dəmirlə zəngin qidalar, meyvə-tərəvəz mütləq olmalıdır. Bu qidalar uşaqlarda sümükləri bərkidir, mədə-bağırsaq sisteminin düzgün çalışmasını təmin edir, qanazlığı problemini aradan qaldırır.