Bakı da, Sumqayıt da yüklənmədən xilas olacaq

Binəqədi və Abşeron rayonlarının inzibati ərazilərindən Sumqayıta pay ayrılması doğru qərardır

Binəqədi, Sumqayıt və Abşeronun sərhədləri yenidən müəyyən edilir. Bununla bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb. İclasda “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi deputatların müzakirəsinə təqdim edilib. Dəyişikliyə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsi ərazisindən 1213 hektar torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir. Digər dəyişikliyə əsasən, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib. 
  
Binəqədi və Abşeron rayonlarının inzibati ərazilərindən Sumqayıta pay ayrılması nə məqsəd daşıyır? 
Mövzu ilə bağlı “Sherg.az”a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd etdi ki, burada bir neçə səbəb ola bilər: 

- Birincisi, yəqin ki, məqsəd paytaxt Bakının yükünü azaltmaqdır.  Paytaxtın son illərdə hədsiz yükləndiyi məlum həqiqətdir. Həmçinin Xırdalan şəhəri də, Bakının Binəqədi rayonu da əhali sayına, məskunlaşma baxımından yüklənən inzibati ərazilərdir. Sumqayıta da axın var. Xüsusən də, şimal bölgələri – Quba, Xaçmaz, Qusardan. Sumqayıt məsafəcə bu bölgələrə daha yaxındır, bu səbəbdən də həmin bölgələrin əhalisi daha çox Sumqayıta axın edir. Sumqayıt həmişə sənaye şəhəri olub. Zavodlar, müəssisələr fəaliyyət göstərib. Müstəqilliyimiz bərpa olunduqdan sonra da sənaye müəssisələrinin yenidənqurulması, bərpası başlandı. Bəzilərinin təyinatı dəyişdi, müasirləşdi. Sumqayıtda da torpaq sahələri məhdudlaşıb artıq, azalıb. Şəhər böyüyür, məskunlaşma artır, amma yaşayış sahələri azdır. Buna görə də şəhərin ərazisinin genişləndirilməsi nəzərdə tutulur. Bakının Binəqədi və Abşeron rayonlarının ərazilərindən müəyyən qədər torpaq sahələrinin Sumqayıta verilməsi, o demək deyil ki, həmin inzibati rayonların ərazisi məhdudlaşdırılır. Sumqayıt şəhərinin inzibati ərazisinə verilən torpaq sahələri böyük ehtimalla təyinatı dəyişdirilən torpaqlardır. Yəni həmin torpaq sahələri, ola bilsin, sənaye üçün nəzərdə tutulubmuş, yaxud istifadəsiz qalmış yaşayış üçün yararlı olmayan ərazilər olub, amma yaşayış üçün yararlı vəziyyətə salınıb, yaxud da bu mümkündür deyə, Sumqayıta verilir. Yəqin ki, həmin torpaq sahələrinin təyinatı dəyişdiriləcək və  orada yeni yaşayış məskənləri salınacaq. 
  
E.Fərzəliyev qeyd etdi ki, Sumqayıtın inzibati ərazisinin genişlənməsi nəticəsində Bakının yükü azalacaq, eyni zamanda Sumqayıt da yüklənmədən xilas olacaq:

 - Sumqayıt təkcə sənaye şəhəri deyil, hazırda orada bir neçə ali və orta təhsil müəssisələri fəaliyyət göstərir. Sumqayıt böyük şəhərdir və getdikcə də böyüyür. Əhalinin yerləşməsi baxımından şəhərin ərazisinin genişləndirilməsi labüddür. Yeni qanun layihəsi də bunu nəzərdə tutur.