Azərbaycanda ov qadağan olunmalıdır

Qoruqlarımız varlı, imkanlı şəxslərin, məmurların və xarici varlı turistlərin oylağına çevrilib

  
“Ölkəmizin təbii sərvətləri ovlanacaq səviyyədə böyük deyil”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında sosioloq Elçin Bayramlı Qızılağac qoruğuyla bağlı səsləndirilən həyəcanlı xəbərlərə rəy bildirərkən söyləyib.  

Xatırladaq ki, Milli Məclisin ötən toplantısında millət vəkili Sabir Rüstəmxanlı yurdumuzun dilbər guşələrindən biri – Qızılağac qoruğunun hazırkı durumu barədə həyəcan təbili çalıb. Millət vəkili qeyd  edib ki, bəzi ölkələrdən Azərbaycana gəlib burada nadir heyvanların ovlanması ilə məşğul olanların sayı artıb: “Bununla bağlı şikayətlər var. Bu məsələdə ciddi qayda yaratmaq lazımdır. Bir dəfə ov mövsümündə Qızılağac qoruğuna getmişdim. Elə bildim orada müharibə gedir. Səhərdən-axşama atışma idi. Ora quş gələr?!. Çox az quş qalıb”. S.Rüstəmxanlı bildirib ki, Azərbaycan təbiəti heyvan və quşlarla say baxımından o qədər də zəngin deyil. Bunu nəzərə alaraq nadir heyvanların kökünün kəsilməsinə yol vermək olmaz. Xaricdən gələnlərin Azərbaycanda ov etməsinə qadağa qoyulmalıdır. 
E.Bayramlı da millət vəkilinin mövqeyi ilə razılaşdığını bildirdi: 

- Təəssüf ki, ölkə ərazisindəki qoruqlar həmin əraziləri sadə vətəndaşlardan qorumaq üçündür.  İmkanlı şəxslər, məmurlar üçünsə qoruqların əraziləri istirahət məkanıdır. Qoruqlarımız varlı, imkanlı şəxslərin, məmurların və həmçinin xarici varlı turistlərin oylağına çevrilib. İstədikləri vaxt gedirlər, ovçuluqla məşğul olurlar, yeyib-içirlər, əylənirlər. Qoruqlarımız onlar üçün əyləncə yeridir. Ərəb turistlərin nadir quşları ovladığına dair indiyədək nə qədər informasiya yayılıb. Bu da təbii sərvətlərimizin, o cümlədən də faunamızın talanmasıdır. Belə bir vəziyyətdə hər hansı qoruqdan söhbət gedə bilməz. Yaxşı olar ki, aidiyyətli orqanlar və məsul şəxslər inkarçılıq yolu tutmaqdansa, real vəziyyəti real dəyərləndirib nəticə çıxarsınlar. Təəssüf ki, məmurlar adətləri üzrə yenə də faktları inkar etməklə məşğuldurlar. “Belə hal yoxdur, vəziyyət yaxşıdır”, deyərək ictimai fikri yanlış istiqamətə yönləndirməyə çalışırlar. Amma hesab edirəm ki, millət vəkili bu məsələni qaldırıbsa, deməli, orada vəziyyət həqiqətən acınacaqlıdır. Millət vəkili niyə əsassız informasiya versin ki?! 
 
 E.Bayramlı qeyd etdi ki, təbiət qoruqlarının həqiqətən qorunması üçün ciddi işlər görülməlidir: 

- Birincisi, Azərbaycanda ov, ümumiyyətlə qadağan olunmalıdır. Bizim ovlanacaq səviyyədə, kəmiyyətdə heyvanat aləmimiz yoxdur. Təbii sərvətlərimiz məhdud saydadır. Meşələrdə, dağlarda heyvanlar azalıb, adi quşları da daha görmək olmur. Belə vəziyyətdə bir tərəfdən də kimlərsə faunamızı talamaqla, məhv etməklə, nəsil kəsməklə məşğuldur.  Ona görə də ən birinci addım ovun hansısa mövsümdə deyil, bütün mövsümlərdə ümumiyyətlə qadağan olunmasıdır. İkincisi isə təbiət qoruqlarının hamısına milli park statusu verilməlidir və milli park olaraq da  hamının ziyarətinə açıq olmalıdır. Qoruq olan Milli Parklara vətəndaşların girişinə heç bir məhdudiyyət qoyulmamalıdır. Milli parklara yalnız ekskursiya məqsədilə səfərlər təşkil edilməlidir. Bu, vətəndaşların həm təbiətlə tanışlığı üçün vacibdir, həm də təbiətin  necə qorunmalı olduğunu öyrənmələri üçün. Xarici turistləır üçün də eko-səfərlər təşkil edilə bilər. Bu, turistlərin daha çox marağına səbəb olar. Azərbaycan təbiəti ilə tanış olar, təbii sərvətlərimiz haqqında məlumat toplayarlar.