Hələ ki Xankəndiyə sakinlərin köçürülməsinə başlanılmayıb

Səbirli olun, dövlətimiz nə zaman münasib görsə, o vaxt qayıdacağıq

“Süni məskunlaşmadan söhbət gedə bilməz, ələlxüsus da Xankəndini öz xoşuyla tərk etmiş erməni sakinlərinin mənzillərinə köçürülmə, ümumiyyətlə, mümkün olacaq iş deyil”

Sosial şəbəkələrdə Xankəndiyə və Qarabağın digər yaşayış məntəqələrinə köçürülmə ilə bağlı məlumatlar yayılıb.  Məsələyə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən münasibət bildirilib. Məlumatda qeyd olunur ki, son vaxtlar bəzi media subyektlərində və sosial şəbəkələrdə ölkəmizin müxtəlif ərazilərində daimi qeydiyyatda olan və faktiki yaşayan vətəndaşların da Xankəndiyə və Qarabağın digər yaşayış məntəqələrinə köçürülməsinin mümkünlüyü, bununla bağlı Dövlət Komitəsində və onun yerlərdəki nümayəndəliklərində yazılı müraciətlərin qəbul edildiyi barədə həqiqəti əks etdirməyən məlumatlar yayılıb: “Bununla əlaqədar olaraq bildiririk, Dövlət Komitəsi yalnız məcburi köçkün vətəndaşların əvvəlki yaşayış yerinə qayıdışı məsələsi ilə məşğul olur və Böyük Qayıdış Proqramı çərçivəsində hazırda bərpa edilən, yenidən tikilən yaşayış məntəqələrinə sakinlərin köçürülməsi aparılır. Bir daha qeyd edirik ki, Dövlət Komitəsi adından sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir".
  
Yayılan məlumatların yalnız ermənilərin böhtan xarakterli informasiyalarına rəvac verəcəyini bildirən Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Xankəndi sakini Həvva Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu cür məlumatlar təxribat xarakterlidir: 

- Xankəndidə azərbaycanlıların məskunlaşmasına hələ başlanmayıb. Digər bölgələrdən əhalinin ora köçürüləcəyi, yerləşdiriləcəyi də inandırıcı deyil. Bu cür məlumatlar yaymaq, insanları çaşqınlığa salmaq doğru deyil. Bu, yalnız erməni təxribatına yarayar. Birincisi, Xankəndinin azərbaycanlı əhalisi kifayət qədərdir. Erməni separatçıların doğma evlərindən didərgin saldığı keçmiş məcburi köçkünlər arasında nə qədər xankəndili varsa, hamısı, bir nəfər kimi öz doğma yurduna, evinə-eşiyinə qayıdacaq. Xankəndi sakinləri həmin günü səbirsizliklə gözləyir. Digər bölgələrdən də Xankəndiyə köçmək, orada məskunlaşmaq istəyənlərin olduğuna inanıram. Kim istəməz ki, Qarabağ xanlarının istirahət məkanı olan yurdda yaşamasın?! İnsanların bu istəyindən sui-istifadə etməyə çalışırlar. Amma dövlətimizin Qayıdış proqramı var. 44 günlük müharibədəki möhtəşəm qələbəmizdən sonra, bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş torpaqlara qayıdış proqramını təsdiq etdi. İşğaldan azad edilmiş Qarabağımızda quruculuq, bərpa işləri, həmçinin əhalinin məskunlaşması da bu Dövlət Proqramına uyğun icra olunur.  İlk qayıdış Zəngilanın Ağalı kəndinə oldu, sonra Laçına, Füzuliyə... Ərazilər minalardan təmizlənir, təhlükəsizlik bərqərar olduqdan sonra tikinti-quruculuq işlərinə başlanılır, infrastruktur bərpa edilir və nəhayət, əhalinin köçürülməsinə başlanılır. Əlbəttə, işğaldan azad edilmiş digər bölgələrimizin yerli əhalisi də doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər, o cümlədən də Xankəndi sakinləri. Amma bu o demək deyil ki, kimsə özbaşına köç etməlidir. İlk növbədə bu, insanlar üçün böyük təhlükədir, çünki minaların təmizlənməsi hələ tam başa çatmayıb. Ona görə  də insanlarımız səbirli olmalı və dövlət proqramının mərhələli şəkildə icra olunduğunu unutmamalıdırlar. 
  
H.Məmmədova qeyd etdi ki, Xankəndidə vaxtilə oradan zor gücünə çıxarılmış azərbaycanlıların qayıdışı başladıqda, ilk olaraq Xankəndi sakinləri köçəcək:

 - Xankəndi sakinləri köçkünlük dövründə harada, hansı bölgədə müvəqqəti məskunlaşıb, bunu Dövlət Komitəsi bilir, hamının da orada adı, soyadı, bütün digər şəxsi məlumatları toplanıb. Öncə, təbii ki, Xankəndi sakinləri köçürüləcək. Xankəndidə rahat, təhlükəsiz həyat bərqərar olduqdan sonra, əlbəttə ki, digər bölgələrdən ora mütəxəssislər də gələcək, peşəkar kadrlar da cəlb olunacaq. Və beləliklə, şəhər 30 il əvvəlkindən daha gözəl, daha güvənli olacaq. Amma hələ ki Xankəndiyə sakinlərin köçürülməsinə başlanılmayıb.  Hələ heç bir yerləşdirmə yoxdur. Orada bir çox dövlət orqanları fəaliyyət göstərir, xəstəxana işləyir, başqa məişət obyektləri də. Xankəndinin Azərbaycan əhalisinin qayıdışına isə hələ başlanılmayıb. Bu qayıdış, elə-belə sıradan, səssiz-küysüz olmayacaq. Biz də yurdumuza işğaldan azad edilmiş digər bölgələrə qayıdanlar kimi toy-bayramla, çal-çağırla qayıdacağıq. 
  
H.Məmmədova bildirdi ki, Xankəndidə yaşamaq üçün guya müraciətlərin qəbul olunması məlumatları ona da çatıb: 

- Amma bu məlumatlar təxribat xarakterlidir.  Mənə də zəng edib soruşurlar, deyirlər ki, “biz də getmək istəyirik”. Mənim cavabım bu olur ki, səbirli olun, dövlətimiz nə zaman münasib görsə, o vaxt qayıdacağıq. Süni məskunlaşmadan söhbət gedə bilməz, ələlxüsus da Xankəndini öz xoşuyla tərk etmiş erməni sakinlərinin mənzillərinə köçürülmə, ümumiyyətlə, mümkün olacaq iş deyil. Bu cür məlumatlardan Azərbaycanın sivil, humanist davranışlarına ləkə gətirmək istəyən, fürsət gözləyən ermənilər istifadə edə bilər. Bütün dünya müşahidə edir ki, Azərbaycan polisi Xankəndidə  hər bir evi qoruyur, mühafizə edir. Zamanı gəldikdə, uyğun şərait yaranan kimi Xankəndinin sakinləri doğma evlərinə qayıdacaq.