Yeni təklif: Fahişəliyi azaltmaq üçün... - MÜNASİBƏT

Söhbət inzibati cəzaların ləğvindən gedir


  Fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəaların ləğvi təklif edilir. Bu təklif Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında əksini tapıb. Sənəddə fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəaların ləğv edilməsi, qadınları cinsi istismara məruz qoyan cinayətkarların, o cümlədən, gəlir məqsədli cinsi əlaqəyə məcbur edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, qadınların tabe mövqeyinin və onlara “obyekt” kimi yanaşmanın bütün formalarına qarşı mübarizənin aparılması; fahişəliyi dayandırmaq istəyən qadınların yardım proqramları və alternativ gəlir imkanları ilə təmin edilməsi təklif edilir.
  Yeni təklif fahişəliyin azalmasına səbəb olacaqmı? “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında qeyd etdi ki, burada söhbət inzibati cəzaların ləğvindən gedir:

- Fahişəliklə məşğul olan qadınlar, əslində, cinayət məsuliyyəti daşımır. Bununla bağlı cənayət məsuliyyəti yoxdur. Sadəcə, inzibati xətalar üzrə müəyyən cərimələr mövcuddur. Təklifi ona görə müsbət hesab edirəm, çünki bu, fahişəlik fəaliyyətiylə məşğul olan qadınları həssas qrup kateqoriyasına aid edir. Bu qadınların hər hansı səbəbdən həmin peşəni seçməsini minimallaşdırmaq üçün xidmət paketinin təklif edilməsi də yaxsı haldır. Məsələn, İsveç modelində, fahişələrin xidmətindən istifadə edən kişilər cəzalandırılır. Bu, təbii ki, müəyyən mənada həmin xidmətlərdən istifadənin azalmasına gətirib çıxarır. Söhbət ondan gedir ki, cərimə fahişəliyə görə deyil, inzibati qaydaları pozmağa görədir. Bir neçə il əvvəl fahişəliyə cəlbetmə Cinayət Məcəlləsi ilə daha da ağırlaşdırıldı. Bu, qismən öz təsirini göstərdi. Amma bu qrupu damğalayıb onlara kömək təklif etməmək insan haqlarına ziddir. Həm də həmin şəxslərin hansı səbəbdən bu fəaliyyəti seçməsini müəyyən etməyə mane olur.