Statistika konkret faktlara və rəqəmlərə əsasən hazırlanıb

Erkən nikahların qeydə alındığı bölgələr artıq dəyişib

Mehriban Zeynalova:
“Komitənin nə marağı var ki, erkən nikah sayında lider Qazax-Tovuz bölgəsinin adını qeyd etsin?!”

“Cənub bölgəsində əhalinin maarifləndirilməsi üçün daha çox iş aparılması burada belə halların azalmasına gətirib çıxarıb”

Azərbaycan üzrə 2022-ci ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfərdir. Bu, 2021-ci illə müqayisədə 361 nəfər çoxdur. Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb.

APA-nın xəbərinə görə, bu məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatında əksini tapıb.
  
Qeyd edək ki, açıqlanan statistika ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Bunu sosial şəbəkələrdə müzakirə predmetinə çevirən şəxslərə görə Qazax-Tovuz, bəziləri üçün isə Aran rayonları üçün erkən nikah, yaşı 18-dən az olan qızların  ana olması kimi faktlar aktual  problem deyil. 

“Qazaxda əksər ailələr qızlarını oxudur. Erkən nikaha meyl yoxdur”, “Salyan tərəf bu siyahıda 2-ci yerdə dura bilməz. Bizim zonada ailələr qızlarını tez ərə verməyə meyilli deyil” kimi statuslar paylaşılıb. 

Yazıçı Səbinə Yusif isə belə deyib:

- Bu statistika harda və kim tərəfindən aparılıb? Zəhmət olmasa, mətbuata açıqlama versinlər. Qazaxda hər 10 ailədən 9-u qızına təhsil verir. Yəni ya kollec, ya da institut. Daha çox institut oxuyur biz tərəfin qızları. Mən 25 yaşda ailə qurmuşam. 4 bacıyıq. Hər birimiz ali təhsilliyik. Bibim qızları, dayım qızları, xalam qızları ali təhsillidir. Qohum-əqrəbada olan qızlar, qonşu qızlar, kəndimizin qızları, rayonumuzun qızları ali savadlı, təhsilli xanımlardır. Biz tərəfdə 13-14 yaşında qız ərə verən yoxdur. Bu nə statistikadır?
  Qazaxın Badisəba Vəkilova, Qaratel Hacımahmudova, Mirvarid Dilbazi, Leyla Vəkilova, Əminə Dilbazi,  Nigar Şıxlinskaya, Mədinə xanım Qiyasbəyli, Lətifə Əliyeva, Fəridə Ləman kimi qızları olub, var və olacaq da.
  Hələ qızlara oxumağa icazə verilməyən dövrlərdə Qazax qızları oxuyub, təhsil alıb, Vətənə, millətə şərəflə, ləyaqətlə xidmət ediblər.

Bu nə şəkil, bu nə statistika? Biabırçılıq.

Gündüz Əliyev adlı istifadəçi isə cavab olaraq bunları qeyd edib:

“Bəli, ən çox say bizim bölgəyə aiddi. Düzü, mən də  belə gözləmirdim. Mütləq azyaşlı uşaqların nikahının qarşısı alınmalıdır. Hətta övladlarını bu işlərə sövq edən valideynlər cəzalandırılmalıdır. Valideynlə yanaşı digər günahkarlar  isə bunlardı; məktəblərdə adı olub, özü olmayan psixoloqlar, yetkinlik yaşına çatmış uşaqlarla söhbətlər aparmalı olan biologiya müəllimləri, ərazi icra nümayəndələri, bələdiyyələr və sahə müvəkkili...  Onlar öz vəzifəsinin başında vicdanla olsalar belə hadisələrin sayı minimuma enər. 
  
Açıqlanan rəqəmlərin real göstərici olduğunu, Statistika Komitəsinin demoqrafik göstəricilərindən götürüldüyünü vurğulayan Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri  Kəmalə Ağazadə isə hesab edir ki, “Bizdə ola bilməz" dedikcə bütün ölkəni erkən nikah problemi ağuşuna alır. 
  
Cəmiyyətdə çaşqınlıq yaradan məsələ ilə bağlı “Sherg.az”a  danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova  isə hesab edir ki, ötən illər ərzində cənub bölgəsində erkən nikahla bağlı əhalinin maarifləndirilməsi üçün daha çox iş aparılması burada belə halların azalmasına gətirib çıxarıb:

 “Bəli, Qazax-Tovuz bölgəsi hər zaman qızların oxumasına, ali təhsil almasına maraq göstərib. Həmişə də bu bölgədə erkən nikah, azyaşlı qızların zorla ərə verilməsi kimi ehtimallar çox aşağı olub. Ona görə də açıqlanan statistikanı həmin bölgənin insanları  təəccüblə qarşılayır, hətta reallıqdan kənar hesab edirlər. O fikirlə də razıyam ki, əvvəllər erkən nikah faktları daha çox cənub bölgəsində qeydə alınırdı. Hətta həmin bölgədə bu problem o qədər dərin idi ki, vəziyyətin dəyişməsinə rəğmən stereotipləri qıra bilmirik. 
  
Lakin reallıqda erkən nikahların qeydə alındığı bölgələr artıq dəyişib.  Erkən nikahlara görə cənub bölgəsinin adı o qədər hallanırdı ki, aidiyyəti qurumlar, qeyri-hökumət təşkilatları hamısı əsas diqqəti bu bölgəyə yönəltdi. Erkən nikah, təhsildən yayındırılan qızlarla bağlı həyata keçirilən bütün maarifləndirmə işləri məhz bu sahəni əhatə etdiyinə görə, digər rayonlar diqqətdən kənar qaldı. Görünən odur ki, bu sahədə aparılan maarifləndirmə işləri vəziyyəti yaxşılaşdırıb. Son illər  cənub bölgəsində erkən nikah statistikası aşağı düşüb. İndi erkən nikah əsasən Bakı kəndlərində qeydə alınır. Ötən il bu istiqamətdə liderliyi  aran rayonları  edirdi. Bu il Qazax-Tovuz iqtisadi rayonlarının adı açıqlanıb. Lakin insanlar inanmaq istəmir, hamı iddia edir ki, “Axı cənub zonası erkən nikahda daha öndədir”. Hətta erkən nikahlardan söz düşəndə bir çox rayonun icra hakimiyyəti nümayəndələri bu problemin onlara aidiyyəti yoxmuş kimi münasibət sərgiləyir. Bütün bunlar isə məlumatsızlıq, monitorinqlərin aparılmamasından qaynaqlanır.

Ölkəmizin bütün bölgələrində erkən nikah halları müşahidə olunur. Bu faktı gözardı etməməliyik. Əks halda gözləmədiyimiz rayonlardan, gözləmədiyimiz sayda statistik faktlar açıqlanır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi real faktlara əsaslanmasa, həmin bölgələrin adını qeyd etməz. Sözügedən statistika konkret faktlara və rəqəmlərə əsasən hazırlanıb. Komitənin nə marağı var ki, erkən nikah sayında lider cənub bölgəsi olduğu halda Qazax-Tovuz bölgəsinin adını qeyd etsin!? Dediyim kimi, ötən il “qırmızı xətt”də Aran bölgəsi idi. Buna görə Komitəni tənqid etmək, yanlış statistika yaymaqda ittiham etmək lazım deyil. Əslində, reallğın aşkarlanması fonunda çox yaxşı bir haldır. Niyə qıcıqlanırıq ki?! 
  
Zənnimcə, Qazax-Tovuz erkən nikah sayına görə həqiqətən birinci ola bilərmi? Sualı ətrafında yox, bu problemi necə həll edə bilərik mövzusunda müzakirə açmaq, çıxış yolları axtarmaq  lazımdır. Problem bütün rayonlar üçün aktualdır və çox ciddi mexanizmlər fikirləşmək lazımdır. Bu gün o statistikada adı olmayan rayon rəhbərləri arxayınlaşmaq əvəzinə  qabaqlayıcı tədbirlər, maarifləndirmə proqramları  hazırlamalıdır. Ümumiyyətlə, ayrı-ayrı rayonlarla işləmək yox, kompleks şəkildə bütün rayonları əhatə edən strategiya hazırlanmalıdır. Mövcud vəziyyəti aradan qaldırmaq üçün maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat aparılmalıdır.  Ailələr  bilməlidir ki, erkən nikah əslində ailənin təməlinin dağılmasıdır. Qız yetkin olanda daha ailəcanlı olur, ailənin, uşağın dəyərini dərk edir, öz məsuliyyətini anlayır”.
  
M.Zeynalovanın sözlərinə görə,  sözügedən bölgələrdə dini inancların güclənməsi qız uşaqlarının təhsildən uzaqlaşdırılması probleminə yol açır: 

"Biz qızların təhsildən yayındırılması, erkən yaşda ərə verilməsi hadisələrini araşdıranda fərqli-fərqli səbəblər ortaya çıxır. Və məlum olur ki, problemin kökü sadəcə bizim kökləndiyimiz istiqamətlər yox, fərqli sahələrdə aparılan təbliğatlardan qaynaqlanır. Hətta bir çox hallarda mediada paylaşılan yazılar, cəlbedici başlıqlar da əks effekt verə, arzuolunmayan proseslərin təbliğatı kimi nəticələnə bilir. Bəzən də ya iqtisadi, ya da sosial-psixoloji problemlər ailələri erkən nikaha məcbur edir".