Quba rayonunda sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
"Report" xəbər verir ki, Quba-Xınalıq yolunun 42-ci kilometrliyində yerləşən Əlikçayın üzərindəki körpü uçub.
Məlumata görə, iyulun 28-dən başlayaraq yağan güclü yağışlardan əmələ gələn sel körpünü uçurub.
Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Qeyd olunub ki, hava şəraiti ilə əlaqədar körpünün bərpa edilməsi işlərinə hələ başlanılmayıb.
Ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, dolu həcminə və yağma müddətinə görə kənd təsərrüfatı mallarına ziyan verə bilir:
“Körpü düzgün qurulmayıbsa və çayın, suyun axarı nəzərə alınmayıbsa, gur gələn sel körpünü dağıda bilər. Bunların hər biri bizim ev tikərkən relyefi nəzərə almamağımızın hesabınadır. Son zamanlar ölkəmizdə baş verən yağıntıların iqlim dəyişikliyi ilə əlaqəsi yoxdur. Yay ayında yağıntılar ilə rastlaşmağımız ilk deyil. Bu il ölkəmizdə iqlim dəyişikliyi ilə bağlı COP29 konfransı keçirildiyinə görə insanlar baş verən təbiət hadisəsini iqlim dəyişikliyinə fakturalayırlar. Sonradan bunun da altdan qalxmaq olmur. Atmosferin və torpağın çirklənməsi sel yaratmır. Sel yayın isti vaxtlarında yağan yağışdan yaranır. Çünki torpağın üst qatı həddən artıq quru olduğuna görə yağan yağışın torpağa hopmadan axıb gedir. Nəticədə də sel yaranır. Yaz və payız aylarında isə tez-tez yağış yağdığı üçün torpağa hopur və sel yaranmır. Bəzi rayonlarda üzümçülük sahələrindəki məhsula zərər verməsin deyə dolunun qarşısını almaq üçün buludu dağıdan toplar qurulur. Ümumiyyətlə insanlar dərə qarşısında və çökək yerlərdə ev tikməməlidirlər”.