İyulun 28-də bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılaraq nalayiq ifadələr yazılması və silinməsi müqabilində ondan pul tələb olunması barədə polisə məlumat daxil olub.
APA DİN-ə istinadən xəbər verir ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən A.Ağayev müəyyən olunaraq saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisəyə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a bildirib ki, son vaxtlar sosiaal şəbəkələrdən sui-istifadə halları çoxalıb:
''Cəmiyyətdə bu cür hadisələrin olması normaldır. Ancaq bizdən fərqli olaraq qonşu dövlətlərdə şantaj üsulu daha çox yayılıb. Hər kəsin internetdən azad və öz məqsədləri üçün istifadə etmə haqqı var. Lakin təəssüflər olsun ki, bu şəbəkədən şantaj, hədə-qorxu və digər cinayət əməlini həyata keçirmək üçün istifadə edənlər də az deyil. Beləki, kimliyi bilinməyən saxta profillə insanların şəxsi məlumatları, fotoşəkilləri yayılır. Ona görədə hər bir vətandaş sosial şəbəkələr vasitəsi üzərində şantaj əməlləri ilə qarşılaşdıqda mütləq polis orqanlarına, məhkəməyə müraciət etsinlər. Çünki böhtan xarakterli məlumat yayan şəxs hüquqi məsuliyyət daşıyır".