Hazırda Gəncə-Qazax bölgəsində fasilələrlə leysan xarakterli yağış yağır, Qarabağ və Şərqi-Zəngəzur, Lənkəran-Astara bölgələrinin bəzi yerlərində isə zəif yağıntılı hava şəraiti müşahidə olunur. Balakən-Şəki və Quba-Qusar bölgələrində yağıntıda fasilə yaranıb.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 29-u axşamadək davam edəcəyi, iyulun 30-da isə havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.
Meteoroloq Cavidan Əliyev “Sherg.az”a bildirib ki, ölkə ərazisində bir neçə gündür qeyri sabit hava şəraiti müşahidə edilir:
“Qeyri sabit hava şəraiti Şimal-Qərbdən, Qara dəniz sahillərindən gələn dalğalı siklonlarla bağlıdır. Digər tərəfdəndə Şimaldan ölkəmizə yüksəklik çökəkliyi uzanıb. Bu isə öz növbəsində bol yağıntılı hava şəraiti ilə ölkəmizi təmin edir. Bu gündən başlayaraq qeyri sabit hava şəraitinin stabilləşəcəyi gözlənilir”.