İlqar Musayev küçəsinin sakinləri ölümlə üz-üzədir -FOTOLAR

Sağa-sola şütüyən avtomobillərin qarşısından keçmək əsl təhlükədir
 
Qəsəbədə məhəllədaxili yollar da bərbad vəziyyətdədir. Asfalt örtüyü, kanalizasiya sistemi də yoxdur, ətraf natəmizlikdir, zibil poliqonuna çevrilib
 
Ərazi nəzarətsiz qaldığından küçə itləri adamlara cumur, camaat avtomobillərlə itlər arasında qalıb, nə edəcəyini çaşdırır
 
 
 Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsinin sakinləri yol infrastrukturunun bərbad vəziyyətindən şikayətlənir. Qəsəbəyə aparan yol – Babək prospekti ilə Günəşli istiqamətinə gedən yol - Şahmar Səfərov küçəsində piyadaların rahat hərəkəti, qarşı tərəfə keçmələri və təhlükəsizliyi üçün heç bir şərait yoxdur. Sakinlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNA, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Suraxanı Rayon İcra Hakimiyyətinin yeni təyin olunmuş başçısı Adil Əliyevə müraciət edərək insanların həyatına real təhlükə mövcud olan yolda lazımi işlərin görülməsini istəyirlər.  Yolun müəyyən hissəsində - “Araz super storee” ilə üzbəüz avtobus dayanacağı var. Dayanacaq demək mümkünsə əgər. Yayda camaat günün altında dayanır, yağışda islanır, şaxtada donur, küləkdə əsirlər. Sağa-sola şütüyən avtomobillərin qarşısından keçmək əsl təhlükədir. Hərbi hissənin ərazisi nəzarətsiz qaldığından küçə itləri də adamlara cumur, camaat avtomobillərlə itlər arasında qalıb, nə edəcəyini çaşdırır. Yolu keçmək üçün heç bir yol nişanı, piyada keçidi yoxdur. Bir qədər aşağıda piyada keçidi nişanı qoyulub, lakin keçidi dəqiqləşdirən xətlər çəkilmədiyindən avtomobillər saxlamır, əhali yolun ortasında çarəsiz, sürücülərin insafına bağlı qalır. Yuxarı hissədə geyim mağazası var. Mağazanın qarşısında bir müddət əvvələdək açıq olan ərazidə əlavə tikili inşa edilib. Nə məqsədlə bilinmir. Bu əlavə tikili məhəllədaxili yoldan yolun əsas hərəkət hissəsinə çıxışda görüntünü məhdudlaşdırır. Nə məhəllədən çıxan avtomobillər qarşıdan gələn avtomobilləri görür, nə də əsas yolla hərəkət edən avtomobillər məhəllədən çıxan avtomobilləri. Bu yolda işıqfor yalnız avtomobillər üçün nəzərdə tutulub. Piyadalar işıqfordan istifadə edə bilmir. Çünki işıqforun yaşıl işığı hər iki istiqamətdə və sağa-sola hərəkət edən avtomobillərin yolunu açır. Bəs piyadalar necə hərəkət etsin? Əgər piyadalar üçün şərait yaratmaq, piyada keçidi təşkil etmək, dayanacaq qoymaq imkanı yoxdursa, birdəfəlik faydası olmayan o nişanı da oradan qaldırsınlar, sakinlər də bilsin ki, burada ümumiyyətlə, keçid ləğv edilib,  həyatlarını təhlükəyə atmasınlar, Günəşli yaşayış massivinə qalxıb oradan prospektə ensinlər. Qaraçuxur qəsəbəsinin problemləri bununla məhdudlaşmır. Qəsəbədə məhəllədaxili yollar da bərbad vəziyyətdədir. Asfalt örtüyü, kanalizasiya sistemi də yoxdur, ətraf natəmizlikdir, zibil poliqonuna çevrilib. Ölkədə COP29-a hazırlıqlar davam etdiyi bir vaxtda paytaxtda belə bir natəmiz qəsəbənin olması dövlət siyasətinə nə dərəcədə uyğundur, məmurlar düşünsə yaxşıdır.  
 Sakinlər problem qısa zamanda həll edilməyəcəyi təqdirdə cənab Prezidentə müraciət edəcəklərini bildirirlər. COP29 ərəfəsində məmurlar cənab Prezidentin tapşırıqlarını yadlarına salsalar yaxşıdır.