İctimai qınaqların da xeyri yoxdur

Küçəyə atılan körpə xəbərlərinin hər birinin  arxasında fərqli səbəblər dayanır

Gəncə şəhərində nənənin küçəyə atdığı qardaş və bacısı Bakı şəhərində yerləşən körpələr evinə göndərilib.  2 yaşlı oğlan və 3 aylıq körpə qız aidiyyəti nümayəndələr tərəfindən Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından çıxarılaraq Bakı şəhərində yerləşən körpələr evinin birinə aparılıb.
  
Belə ki,  Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi qərarına gəlinib.
Qeyd edək ki, Gəncədə 2 azyaşlı nəvəsini küçəyə atan 

Mehriban Cəlilova qızının narkotik aludəçisi olduğunu bildirib. O, qızı ilə bağlı başqa ittihamlar da səsləndirib və belə olduğu halda uşaqların anasının yanında böyüməsini istəmədiyini deyib. M.Cəlilovanın sözlərinə görə, qızı hər gün evdə dava salır və o, məcbur olaraq bu addımı atıb. M. Cəlilova onları müvəqqəti olaraq İcra Hakimiyyətinə verdiyini də açıqlayıb: “Mən nəvələrimdən imtina etməmişəm”.
  
Sfera.az isə  xəbər verir ki, 2 yaşlı və 3 aylıq körpənin anaları, İ.Cəlilova övladlarının olduğu Gəncə şəhər 2 Saylı Uşaq Xəstəxanasına gedərək onları ordan götürmək istəyib. Lakin qadının narkotik aludəçisi olması, sosial durumu və onun övladlarının qəyyumu olan nənəsinin uşaqlara baxmaq istəməməsi səbəbləri nəzərə alınaraq uşaqlar ona verilməyib. Qadınla bu barədə danışıqlar aparılıb və ona bildirilib ki, hər iki övladının sağlıq durumu yaxşıdır və sabah onun övladları Bakı şəhərində yerləşən Körpələr evinin birinə yerləşdiriləcək.
  
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin küçəyə atılan azyaşlı bacı-qardaşla bağlı yaydığı məlumatda bildirilib ki, oktyabrın 21-də Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu iki yaşlı oğul, bir saat sonra isə üç aylıq qız nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına gətirərək ərazini tərk edib.
 
 “O, nəvələrinə qayğı göstərə bilmədiyini əsas gətirərək, onların dövlət müəssisəsinə yerləşdirilmələrini istəyib. Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Baş Polis İdarəsinin və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin əməkdaşları tərəfindən uşaqlar nəzarətə götürülüb. Qanuna müvafiq qaydada onlar Gəncə Şəhər Uşaq Xəstəxanasına yerləşdiriliblər. Yaxın günlərdə isə uşaqların qanuna müvafiq qaydada dövlət müəssisəsinə yerləşdirilməsi təmin olunacaq”. 
  
Sosioloq Aynur Hacıyeva isə “Sherg.az”a açıqlamasında deyib ki,  uşaqların atılması faktları ilə üzləşdikdə ictimai qınaqdan əvvəl  bunun arxasında dayanan səbəbləri araşdırmaq lazımdır:

 "Küçəyə atılan körpə xəbərlərinin hər birinin  arxasında fərqli səbəblər dayanır. Konkret olaraq bu hadisə ilə bağlı  artıq bir çox açıqlamalar verilib. Ananın narkoman olması, nənənin uşağı təhlükədən uzaq tutması üçün onları dövlətin himayəsinə verməsi kimi əsaslar gətirilib. Əslində, burada söhbət tam olaraq küçəyə atmaqdan yox,  məsuliyyətdən boyun qaçırıb azyaşlı uşaqları dövlətin himayəsinə verməkdən gedir. Ola bilsin ki, qadın köməksiz və ehtiyac içində yaşadığı üçün nəvələrini saxlamağa imkanı olmayıb. Ümumiyyətlə isə körpələrdən imtina hallarında həm psixoloji, həm də sosioloji amillər var. Belə halların qarşısının alınması məqsədilə qadınlar üçün sosial proqramlar gücləndirilməlidir. Qadınlar arasında maarifləndirici tədbirlər  keçirilməlidir. Qeyri-qanuni münasibətlərdən, təcavüzdən hamilə qalan qadınların böyük əksəriyyəti uşaqdan imtina etməyin  hüquqi qaydasını bilmir. Onlar üçün  yeganə çıxış yolu uşağı ya zibilliyə, ya da küçəyə atmaqdır. Xüsusən də, rayon yerlərində hamı bir-birini tanıyır deyə uşaqdan imtina edən qadınlar körpəsini xəstəxanaya, yaxud da hansısa bir polis orqanına təhvil verə bilmir”.