Cücərmiş kartoflar ziyandır, çünki...

Mədə bulantısı, bağırsaq pozğunluğu, baş ağrısı və qida zəhərlənməsinə gətirib çıxarır

  Cücərmiş kartoflardan çoxumuz istifadə edirik. Üzərindəki cücərtiləri qoparıb atırıq, bununla da kartofu yemək üçün yararlı hesab edirik. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, üzərində yaşıl-çəhrayı cücərtilər – çiçəkləmiş kartoflar orqanizmə ziyandır. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, kartofun üzərindəki cücərtilər solanin adlanır. Və mədəyə də, bağırsaqlara da ziyandır. Bu cür kartoflar yeyilməməlidir. Ümumiyyətlə, saxlanma zamanı kartofun görünüşündə dəyişiklik baş veribsə, ondan imtina edilməlidir. Kartof cücərtisi elmi dildə “filizlənmə” adlanır. Bu, insan sağlamlığına ziyandır. Məlum məsələdir ki, hər bir ailənin ev bazarlığında əsas yeri kartof tutur. Kartof tədarük məqsədilə çox miqdarda alındığından saxlanma müddətində tərkibində dəyişikliklər baş verir. Cücərmiş kartofların dadı sağlam kartofdan fərqlənir. Onlar adətən acı dadır. Bu cür kartoflardan çox istifadə etmək ziyanlıdır. Hətta zəhərlənməyə də səbəb ola bilər. Kartofun qabığını soyarkən diqqət edilməlidir ki, cücərti nə qədər dərinə nüfuz edib. Əgər kartof qabığının üst qatındadırsa, təhlükəsi yoxdur, qabığı bir qədər qalın soyub, yeməklərdə istifadə etmək olar. Amma cücərtilər dərinə nüfuz edibsə, təmizlədikcə lap dərinlərə gedib çıxırsa, yaxşısı budur, həmin kartoflardan istifadə olunmasın. Mədə ağrılarına, bağırsaq pozğunluğuna səbəb ola bilər. Kartofun tərkibindəki nişasta zamanla şəkərə çevrilir. Bu səbəbdən də kartof uzun müddət saxlandıqda yumşalır və büzüşür. Bu cür kartoflardan istifadə edilməməsi məsləhətdir. Kartof tədarük məqsədilə saxlamaq ehtiyacı yaranıbsa, onu günəş şüalarından qorumaq lazımdır, çünki günəş şüaları kartofun rəngini dəyişib yaşıllaşdırır, bu zaman tərkibi də dəyişir. Faydalı maddələr zərərli maddələrə çevrilir. Bu cür kartoflar yeməklərdə istifadə olunduqda mədə bulantısı, bağırsaq pozğunluğu, baş ağrısı və qida zəhərlənməsinə gətirib çıxara bilər. Kartofun uzun müddət sağlam saxlanması üçün onu soğan, alma, banan, armudla yanaşı qoymamalısınız. Kartofun sağlam bir şəkildə qalması üçün yanında nanə və ya mixək yağı qoymaq məsləhətdir. Bu maddələr kartofun tez xarab olmasının qarşısını alacaq.