Toyunda belə  dərs çalışdı 44 dil öyrəndi! 

Onun həyatını alman dilində nağıl kitabı dəyişib. Bu kitabı əlinə aldıqda əcnəbi dillərə maraq yaranıb və həyatının sonrakı illərini yalnız xarici dilləri öyrənməyə sərf edib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən 44 əcnəbi dil bilən Enis Tataroğlunun həyat hekayəsini təqdim edir. Enis 1978-ci ildə Qaziantepdə dünyaya gəlib. Məktəbə də orada gedib. 

Ali təhsilini ingilis dili və ədəbiyyatı üzrə alıb. Əlavə olaraq sənət tarixi, alman ədəbiyyatı və iqtisadiyyat fənlərini də öyrənib. Enis Tataroğlunun hobbisi əcnəbi dillərdir. İngilis dili müəllimi olan Enis Tataroğlu alman, fransız, italyan, ispan, xorvat, serb, boşnak, rus, yunan, latın, yapon, erməni, fars və ibrani dilini də bilir. Enis ingilis dilində danışmağa 10 yaşında başlayıb. Anasıyla Bergamaya səfər edərkən orada turistlərlə ünsiyyət qurub.  Bir-iki kəlmə ilə başlayan ünsiyyət Enisdə ingilis dilinə maraq oyadıb və o, ilk olaraq ingilis dilini öyrənməyə başlayıb. Sonra isə Almaniyadan Türkiyəyə qayıtmış qonşuları ona alman dilində nağıl kitabı bağışlayıb və beləliklə Enis alman dili ilə maarqlanıb.  “Litseydə təhsil aldığım illərdə Dilək adlı xanım vardı. Mənə almanca və fransızca kitablar vermişdi. Vaxt darlığı olsa da mənə dilləri öyrətməyə çalışırdı. Ona çox minnətdaram”, deyən Enis yunan dilini isə mahnılar dinləyərək öyrənib.  Enis əcnəbi dilləri 18 günlə 3 ay arasında öyrənməyin mümkünlüyünü bildirib. Enisin dil öyrənmək istəyi o qədər güclüdür ki, hətta öz toyuna da əlində dəftər gəlib və toy zamanı fürsət düşdükcə dəftərdəki əcnəbi sözləri əzbərləyib. “Mənə “toyunda dil öyrənən oğlan” ləqəbi veriblər. Dil öyrənmək mənim üçün bir sevdadır. Bundan əl çəkə bilmirəm”, söyləyən Enis Tataroğlu əcnəbi dil öyrənməyin əslində asan olduğunu, lakin böyük əzm və istəyə bağlı olduğunu bildirib.