TƏKLİF: Rayon və kəndlərdə güzəştli ipoteka evlər... - Reallaşacaqmı?

İpoteka kreditlərinin verilməsində region-şəhər ayrı-seçkiliyi nəzərdə tutulmayıb

  Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisdə çıxışı zamanı ölkəmizdə ipoteka şərtlərinin dəyişdirilməsinin vacib olduğunu bildirib.
  “Bakı ilə rayonlarda ipoteka şərtlərinin fərqli olmalıdır” – deyən deputatın fikrincə, rayonda, kənd yerində yaşayan əhali öz gəlirləri ilə hazırkı ipoteka şərtləri altında ev ala bilməz: “Güzəştli ipoteka ilə evlər təkcə Bakıda tikilir. Niyə? Bu evlər rayonda da, kəndlərdə də tikilməlidir ki, camaat öz rayonundan, kəndindən ev alsın.Regionlar üçün ipoteka şərtləri yüngülləşdirilməlidir. Bəs, deputatın təklifinin reallaşması mümkündürmü?
  Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərli bu təklifi müsbət dəyərləndirib. Onun sözlərinə görə, regionlarda evlərin və yaşayış binalarının tikilərək çox ucuz şərtlərlə ipotekaya verilməsi yaxşı olardı: 

“Əsasən də, 4 faizlik dövlət ipotekası ilə əhaliyə evlər verilərsə, müsbət addım olar. Amma burada başqa bir problem var. Bu gün bölgələrdə yaşayan əhalinin gəlirliliyi çox aşağıdır. Bu gün, həqiqətən də, əhalinin böyük əksəriyyəti mənzil və ev problemi ilə üz-üzə qalıb”. Amma bunun da əsas problem olmadığını deyən müsahibimiz, əsas məsələnin iqtisadi fürsətlərlə bağlı olduğunu diqqətə çatdırıb: “Bu gün bölgələrdə iş yerləri və qazanc mənbələri məhduddur. Bütün bunlar olmalıdır ki, insanlar bölgələrdə qalıb yaşamaq barədə düşünsünlər, Bakıya və Abşerona köçməsinlər. Əsas səbəblər aradan qaldırılmalı, sonra isə ipoteka barədə düşünülməlidir. Problemin həllinə nail olunduqdan sonra, sakinlər üçün sərfəli ipoteka yolu ilə mənzillərin və fərdi evlərin tikintisinə şərait yaradılmalıdır. Bu baxımdan da, məsələ sonuncu və qeyd edilənlərlə paralel şəkildə həll olunmalıdır”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə “Sherg.az"a açıqlamasında deyib ki, S.Novruzovun fikirlərində ziddiyyət var:

“Millət vəkili həm deyir ki, regionlar üçün ipoteka şərtləri yüngülləşdirilməlidir. Sonda da deyir ki, güzəştli ipoteka ilə evlər təkcə Bakıda tikilir. Niyə? Bu evlər rayonda da, kəndlərdə də tikilməlidir.
  Burada artıq məsuliyyəti İpoteka Fondunun yox, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) üzərinə atır. İpoteka Fondu mənzil tikintisi ilə məşğul olmur. Onların iş prinsipi vətəndaş tərəfindən alınan mənzili maliyyələşdirməkdir.
Ona görə də aydın deyil ki, Siyavuş müəllimin problem olaraq qaldırdığı məsələ hansı istiqamətə yönəlib”.
  Məsələyə ümumi yanaşdıqda isə Ramil Osmanlı hesab edir ki, ipoteka kreditlərinin verilməsində region-şəhər ayrı-seçkiliyi nəzərdə tutulmayıb. İpoteka kreditlərindən yararlanan insanların da böyük əksəriyyəti elə rayonlarda yaşayan vətəndaşlardır. Amma paytaxtla müqayisədə regionlarda məşğulluq problemi olduğundan hökumət ilk öncə bölgələrdə məşğulluq səviyyəsini artırmalı, iş yerləri yaratmalı, əhalinin gəlirlərini artırmaq üçün müəyyən proqramlar işləyib hazırlamalıdır ki, insanların ipoteka kreditlərinə əlçatanlığı artsın. Lakin bir reallığı da unutmayaq ki, ipoteka krediti alan vətəndaşların çox cüzi bir hissəsi rayondan mənzil alır. Əksəriyyəti Bakı və Abşeronda tikilən binalardan ev almaq üçün ipotekaya müraciət edir. Hətta güzəştli mənzil alanların böyük əksəriyyəti hərbçilərdir. Onlar da respublikanın müxtəlif rayonlarında xidmət edirlər.
  Əslində, millət vəkilinin bu təklifi təqdirəlayiqdir. Mən də tərəfdarıyam ki, aktiv bölgələrimizdə sosial evlərin tikintisinə başlamaq lazımdır. Regionlarda sakinlərin məskunlaşması və işləyən təbəqənin regionlara marağının artırılması baxımından bu, olduqca vacib məsələdir. Tələb və təklifdən asılı olaraq pilot layihə kimi bir neçə rayon və şəhərdə bunu icra etmək olar. Lakin birdən-birə MİDA Qəbələ şəhərində 500 mənzildən ibarət şəhərcik salsa, 2 ildən sonra məlum olacaq ki, həmin mənzillərin cəmi 50-si satılıb. Proqram elə qurulmalıdır ki, sonda bu kimi problemlər yaşanmasın”.
  Konkret olaraq İpoteka Fondunun faiz dərəcələrinə gəldikdə isə ekpsert deyib ki, regionlarda yaşayan əhali üçün şərtlərin yüngülləşdirilməsi heç nəyi dəyişməyəcək. Faiz dərəcəsinin 0.5-1 faiz aşağı salınması rayon əhalisi üçün əlavə imkan vəd etmir. Regionlarda yaşayan vətəndaşlarla paytaxtda yaşayan əhalinin orta aylıq əməkhaqqı göstəriciləri arasında fərq var. Ona görə də 1 faiz ucuzlaşma heç bir əhəmiyyət kəsb etməyəcək.