Soyuqlar gəldi, dəm qazı zəhərlənmələri artacaq - Ekspertdən tövsiyə

Nə qədər maarifləndirmə aparılsa da, insanlar öz həyatlarına, təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşırlar

  Gəncədə dəm qazından zəhərlənən şəxslərin son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 12.11.2023-cü il tarixindəsaat 23:02 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbilə 5 nəfər yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
  Xatırladaq ki, noyabrın 12-də Gəncə şəhərində bir ailənin 5 üzvü dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binalarının birindəki mənzildə qeydə alınıb. 1954-cü il təvəllüdlü M.Qurbanova, 1987-ci il təvəllüdlü Ş.Qurbanova, 2008-ci il təvəllüdlü V.Qurbanov və 2010-cu il təvəllüdlü A.Qurbanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriblər.
  Dərhal onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Bildirilib ki, həmin şəxslər evdə dəm qazından zəhərləniblər.
Qeyd edək ki, zəhərlənən şəxslər bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
  Mütəxəssislər isə hesab edir ki, əhali qazdan istifadə qaydalarına əməl edərsə, dəm qazından zəhərlənmələr də olmaz.
  Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az"a açıqlamasında deyib ki, nə qədər maarifləndirmə aparılsa da, insanlar öz həyatlarına biganə, qazla bağlı təhlükəsizlik qaydalarına isə məsuliyyətsiz yanaşırlar. Ekspertin sözlərinə görə, dəm qazının qurbanına çevrilməmək üçün ilk növbədə evdə olan qaz cihazlarına kənar müdaxilə etməmək lazımdır.

Standartlara uyğun olmayan qaz cihazlarını, yaxud ehtiyat hissələrini almaq, kustar üsulla hazırlanan qaz cihazlarından istifadə etmək, qeyri-metal borular ilə evə qaz xətti çəkmək dəm qazını yaradan əsas amillərdir. Bu kimi hallara tez-tez rast gəlinir ki, insanlar kustar üsulla hazırlanan, mənşəyi, istehsalçı firmanın adı, uyğunluq sertifikatı olmayan istilik cihazlarından alır, evdə quraşdırırlar. Bu, potensial təhlükə riskidir, amma insanlar bunu nəzərə almır. Dəm qazı iysiz, dadsız və rəngsizdır. Havadan yüngül qazdır. Ona görə onu hiss etmək olmur. İnsana dəm qazının təsiri baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, qusma və halsızlıq kimi təsir edir. Dəm qazını, yəni karbon monoksidi yaradan səbəb isə yanma prosesinin düzgün getməməsidir. Başa düşülən olsun deyə belə deyim; yanma prosesi düzgün getmir və natamam yanma nəticəsində ayrılan qaz karbon 4 oksid əvəzinə karbon 2 oksidə çevrilir. Yanma düzgün gedərsə, ayrılan qaz karbon 2 oksidə çevrilərək xaric olur. Ona görə insanlar bilməlidir ki, dəm qazını yaradan səbəb qaz sobalarında yanma prosesinin düzgün getməməsidir. Tüstü bacaları ildə iki dəfə təmizlənməli, tüstü borularında yamaq, kəsik – deşik olmamalıdır. Tüstü boruları zədəli olarsa, dəm qazının yaranması qaçılmaz hal alır”.
  Soyuq aylarda insanların qaza olan tələbatlarının artdığını vurğulayan ekspert deyib ki, həmin vaxt da insanlar otaqlarda qapı-pəncərələri bağlı saxlayırlar. Yayda isə qapı-pəncərələr çox vaxt açıq olur və hava ventilyasiya olduğuna görə dəm qazı da demək olar ki, olmur: “Hamam otaqlarında ventilyasiya olmalıdır, qapıların aşağı hissəsində isə mütləq dəliklər olmalıdır. Hamam otaqlarına kustar üsulla hazırlanan qızdırıcılar qoyulmamalıdır. Bu, dəm qazının yaranmasına səbəb olur. Əgər insanlar bu standartlara əməl etsələr, dəm qazı riski azalar".