Yüzlərlə insan “tora” düşüb: Vətəndaşların DİQQƏTİNƏ

Dələduzluq faktları artıq Azərbaycanın internet məkanında da sürətlə yayılır

  Sosial şəbəkələrdə Azərbaycanda “Pazfarm” adlı şəbəkənin yüzlərlə insanın xeyli miqdarda vəsaitini ələ keçirməsi barədə məlumatlar yayılıb.
  İnsanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazanma təklif edən şəbəkənin toplanan pulları ələ keçirərək fəaliyyətini dayandırdığı bildirilib. Bəzi şəxslərin bu şəbəkəyə 50 min manatadək vəsait yatırması barədə məlumatlar var.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, bu barədə məlumatlıdırlar və faktla bağlı araşdırma aparılır: “Vətəndaşlarımızı daha çox məlumatlandırmalıyıq ki, heç kim “yüksək faizli qazanc”dan fayda görməyib. İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq metodlarından istifadə edilir”.
  Texnobloger Fərid Pərdəşünas bu barədə sosial media hesabında xəbərdarlıq xarakterli məlumat paylaşıb:
“Azərbaycanda 100-lərlə insanın minlərlə manat xərclədiyi "Pazfarm" şəbəkəsi vəsaitləri mənimsəyərək, aradan çıxdı. Qeyd edim ki, platformada 50.000 manata qədər pulu batan insanlar var. "Pazfarm" insanlara virtual formadataxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi. Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkən sayı çoxdur. İnsanlar təlaş içində hüquq-mühafizə orqanlarına müraciət edirlər”.
  F.Pərdəşünasın sözlərinə görə, hətta bir nəfər 20-yə yaxın qohumunu bu şəbəkəyə onlayn kartof əkiminə pul yatırmağa vadar edib: "Hazırda hamısının yatırımları mənimsənilib. Aralarında kreditə girib, bu işə yatırım edənlər də var. "Pazfarm" dələduzluq şəbəkəsi ilə bütün əlaqələr kəsilib".
  Mütəxəssislər bildirir ki, bu tip platformaların təsisçiləri adətən xarici ölkələrdə olduqlarından onları müəyyən edib məsuliyyətə cəlb etmək olmur. Onlar vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün batan pulların geri qayıtması da mümkünsüzdur.
  Kibertəhlükəsizlik üzrə ekspert Rəşad Zeyvəliyev isə “Sherg.az"a açıqlamasında deyib ki, vətəndaşları ehtiyatlı olmağa çağırıb:
“Qlobal internetin bəlasına çevrilən onlayn dələduzluq faktları artıq Azərbaycanın internet məkanında da sürətlə yayılır. Bunun səbəbi isə vətəndaşların dələduzlar tərəfindən paylaşılan keçidlərə daxil olaraq fərdi məlumatlarını onlara ötürmələridir. Bu cür şəbəkələr daha çox insanları aldadıb pullarını mənimsəmək üçün ən müxtəlif variantlardan istifadə edirlər. Hazırda Azərbaycanın internet məkanında ən çox dələduzluq faktları onlayn iş dəvəti və ödəniş sistemlərinin endirim kampaniyası adı altında həyata keçirilir. Azərbaycanda fəaliyyət göstərən aktiv ödəniş sistemlərinin birə-bir kopyasını yaradan dələduzlar sosial şəbəkələr vasitəsilə saxta sistemləri reklam edib insanların diqqətini çəkirlər. Üstəlik də qeyd edirlər ki, kommunal və cərimə ödənişləri zamanı istifadəçilərə endirimlər tətbiq olunacaq. İnsanlar isə heç bir araşdırma aparmadan həmin sistemə daxil olub, kart məlumatlarını tətbiq edirlər. Bu zaman da dələduzlar çox asanlıqla həmin kartda olan vəsaitləri mənimsəyirlər. İnsanlar bu cür reklamlarla qarşılaşdıqda ilk növbədə həmin səhifəni və yaxud paylaşım edən şəxsin profilinin real olub-olmadığını yoxlamalıdır. Keçidin sonluğuna diqqət edilməlidir. Çünki Azərbaycanda fəaliyyət göstərən bütün bankların, dövlət qurumlarının ödəniş sistemlərinin domen sonluqları “az” və gov.az”-la bitir. Dələduzlar isə yaratdıqları saxta saytların sonluğunu “org”, “net” və digər domen sonluqlarından birini seçirlər”.

  Ekspert vətəndaşlara onlayn iş elanlarına etimad etməməyi tövsiyə edib. “10 manat yüklə, 100 manat qazan” kimi cəlbedici reklamlara inanmayın. Hamısı dələduzların tələsidir: 
“Şəxsiyyət vəsiqələrinin, kart məlumatlarının bu cür saytlara göndərilməsi arzuolunmaz haldır. Əks halda dələduzlar şəxsiyyət vəsiqələrini müəyyən kirli işlərin döndüyü forumlarda rahat şəkildə paylaşırlar.
  Təəssüf ki, bəzi insanlar qarşılarına çıxan bütün dələduzların onlayn işlərə dəvətləri üçün qeydiyyat zamanı öz şəxsiyyət vəsiqələrindəki olan məlumatlarını yazmaqla qalmırlar, birbaşa "skan" edib şəxsiyyət vəsiqəsinin özünü təqdim edirlər.
  Bu zaman da onlayn dələduzlar vətəndaşın şəxsiyyətini təsdiq edən sənədi dünyanın istənilən saytlarında kirli işlər görmək üçün, təsdiq sənədi tələbi zamanı istifadə edilə bilər. Vətəndaşa məxsus şəxsiyyət vəsiqəsilə onlayn mobil nömrələr əldə edilə bilər və həmin nömrələrlə müəyyən fişinq və digər dələduzluq aktları törədilə bilər. Həmin vətəndaşın onlayn bank hesablarına müdaxilələrə cəhd edilməsi də qaçılmazdır. Vətəndaşlar başa düşməlidir ki, fərdi məlumatlarını gizli saxlamalı, digər şəxslərlə paylaşmamalıdır. Dövlət qurumları tərəfindən mütəmadi keçirilən maarifləndirmə tədbirlərinə diqqət etməli, şübhəli əməliyyatlarla bağlı aidiyyəti qurumları maarifləndirməlidirlər".
  İnternet məkanında dələduzluq hallarının qarşısının alınmasının mümkünsüz olduğunu vurğulayan R.Zeyvəliyev deyib ki, bu gün bir formada həyata keçirilən dələduzluq forması sabah başqa bir variantda həyata keçirilir: "Dayanmadan fərqli formalar icad edən dələduzlar insanları aldadırlar. Ona görə də ən böyük məsuliyyət insanların özlərinin üzərinə düşür. Hər kəs fərdi məlumatlarını qorumağı bacarmalı və onlayn iş saytlarına etibar etməməlidir. Türklərin çox gözəl bir sözü var; "Bedava peynir, fare kapanındadır”.