Polietilen torbalardan yenə istifadə olunur

Sən saydığını say, gör müştəri nə sayır? 

Onun ödənişli olması nəticəyə ciddi təsir göstərməyib

“Mağazalarda müştərilərə kağız paketlər təklif olunmur. Onlardan ancaq şirniyyat bölməsində istifadə edirlər. Kassalarda yenə də vətəndaşa “klyok” verək?” təklifi edilir”


2023-cü ilin sentyabr ayında 2023-cü ilin fevral ayı ilə müqayisədə (qanunvericiliyin tələblərinin icrasından əvvəl) ticarət obyektlərində polietilen torbaların satışında 45-50 faiz azalma müşahidə olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən  bildirilib ki, bu, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müşahidələri və dövlət-özəl tərəfdaşlığı çərçivəsində “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyinin üzvü olan iri market şəbəkələrindən işçi qaydada əldə olunan məlumatlarında əks olunub. Həmçinin qeyd edilib ki, Dövlət Xidməti bu sahədə qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı mütəmadi tədbirlər həyata keçirir: "Eyni zamanda bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi və Birliyə üzv iri ticarət şəbəkələrinin nümayəndələri ilə bir neçə dəfə maarifləndirici xarakterli görüşlər keçirilib".
  Xatırladaq ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır.
  Qanunvericiliyə əsasən, istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir.

İqtisadçı-ekspert Rauf Qarayev isə “Sherg.az”a açıqlamasında deyib ki, polietilen torbaların ödənişli olmasının  bu torbalardan istifadənin azalmasına  elə də ciddi təsirini görmürük:

 “Mənə elə gəlir polietilen torbaların ödənişli olmasının əsas səbəbi elə ətraf mühiti çirkləndirən bu vasitələrdən istifadənin maksimuma endirilməsi, həm də onların satışından əldə olunan vəsaitdən dövlət büdcəsinə vergi köçürülməsidir.  Lap bu torbalardan istifadə edənlərin 48 faiz azalması real statistika olsa belə, bu yenə də ekoloji cəhətdən təmiz olan kağız və parça torbalara keçidi stimullaşdıra bilmədi. Sadəcə, insanlar əvvəl  mağazaya girəndə aldığı hər məhsulu ayrı polietilen torbaya qoyurdusa, ödənişli olandan  sonra birini alır. Axı bu  zərərli torbalardan istifadə edən əhalinin azalması deyil, dediyim kimi, pullu olduğu üçün insanlar 3 yox, 1 torba ilə kifayətlənir. Üstəlik, mağazalarda müştərilərə  kağız paketlər   təklif olunmur. Onlardan ancaq şirniyyat bölməsində istifadə edirlər. Kassalarda yenə də vətəndaşa “klyok” verək?” təklifi edilir. Sovet dövründə  əhalinin həsirdən,  yaxud da daimi istifadə üçün parçadan zənbilləri olurdu, bazarlığa da onunla gedirdilər.  Məqsəd bu ənənəni yenidən aktuallaşdırmaq idi, lakin nail ola bilmədilər. Polietilen torbalardan hazırda da geniş istifadə olunur və ekologiyanı çirkləndirməyə əvvəlki kimi davam edirlər”. 

İqtisadçı bildirdi ki, polietilen torbaların keyfiyyətində də problemlər var:
 “Polietilen torbaların keyfiyyətinə nəzarət də düzgün aparılmır və istehsalçı burada polietilen torbaları incəldərək, keyfiyyətini azaldaraq əlavə qazanc əldə edir. Nəticədə, bu da insanları əlavə polietilen torba almağa sövq edir. Polietilen torbalar yırtıldığı zaman onu yenisi ilə əvəz etsinlər. İri marketlərdən kənar satılan polietilen torbalar da əvvəlki kimi keyfiyyətli deyil”.
  Ekspert həmçinin polietilen torbaların reklam vasitəsi olduğunu nəzərə çatdırdı: “Polietilen torbaların üzərində marketlərin loqoları yerləşdirilib. Yəni polietilen torbalardan istifadə edən hər bir alıcı marketi reklam edir. Şirkətlərin gəlirinin 40 faizinə yaxını marketinq siyasətinə xərclədiyini nəzərə alsaq, burada demək olar ki, heç bir xərc çəkmədən özünü reklam edir”.