İlahiyyatçı: Azərbaycanda hər kəs sərbəst şəkildə inanclarını yaşadır

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

Hər kəs sərbəst şəkildə öz inanclarını yaşadır

Azərbaycanda heç vaxt dinlərarası münasibətlərdə hansısa vətəndaşa mənfi münasibət olmayıb

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, respublikada fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak ediblər. Tədbir çərçivəsində ölkəmizdəki milli birlik və dini həmrəyliklə bağlı sənədli film nümayiş etdirilib. DQİDK-nın sədr müavini Sahib Nağıyev tədbir iştirakçılarını Beynəlxalq Tolerantlıq Günü münasibətilə təbrik edib və hər il ölkəmizdə qeyd olunan bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır: "Tolerantlığın dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi, onun möhkəmlənməsi, beynəlxalq miqyasda təbliğ edilməsi, eləcə də, dünyada nümunə kimi qəbul olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu müdrik və uzaqgörən siyasət Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilir". O, həmçinin vurğulayıb ki, milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdilər: "Bu da ölkəmizdə bu istiqamətdə aparılan uğurlu siyasətin nəticəsi kimi qiymətləndirilir". Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev bildirib ki, hər bir xalq öz nailiyyətləri, həyat tərzi sayəsində formalaşır. Azərbaycan xalqı nəcib xüsusiyyətləri, tolerantlığı, eyni zamanda cəsarəti, vətənpərvərliyi və ədalətsizliklə barışmazlığı sayəsində dəmir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək torpaqlarını düşmən işğalından azad edib. Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələrinin qardaş kimi yaşadığını xatırladan QMİ sədrinin müavini ölkəmizdə mövcud olan əqidə azadlığının xalqımızın ən üstün cəhətlərindən biri olmasını vurğulayıb. 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın siyasi müstəviyə qaldırılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran icraçı direktor bildirib ki, Azərbaycan dünyada xalqların birliyi, birgəyaşayış, dayanıqlı sülh, mədəniyyətlərarası, dinlərarası dialoqla bağlı dəfələrlə qlobal forumların təşəbbüskarıdır: "Azərbaycanın həyata keçirdiyi multikulturalizm siyasəti, bu çərçivədə reallaşan layihələr beynəlxalq tribunalarda səsləndirilir, təqdir olunur və model kimi qəbul edilir. Dünyanın 26 ali təhsil ocağında Azərbaycanın multikulturalizm ənənələri öyrənilir".
 Bildirilib ki, bu gün ölkəmizdə yaşayan müxtəlif millətlərin, azsaylı xalqların müqəddəs saydıqları ocaqlarda dini ayinlərini sərbəst şəkildə yerinə yetirmələri, öz ana dillərində təhsil almaları məhz Ümummilli Liderin xidmətləridir. Hazırda Prezident İlham Əliyevin ölkəmizdə fəaliyyət göstərən konfessiyalara göstərdiyi diqqətə toxunan din xadimləri vurğulayıblar ki, dövlətimizin başçısı dini bayramlarında və əlamətdar günlərində ayri-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə təbriklər ünvanlayır, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir. 
  Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bildirib ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladıqları ərazilərimizdə digər tarix-mədəniyyət abidələrində olduğu kimi, Alban məbədlərini də saxtalaşdırmaqla, müxtəlif işarə və nişanlar qoymaqla özününküləşdirmək istəyib. Lakin buna nail ola bilməyiblər: "Artıq Alban məbədlərinin tarixi varisləri geri qayıdıb və bu saxtakarlıqları faktlarla dünya ictimaiyyətinə təqdim edir, əsl həqiqəti söyləyirlər. Alban dövrünə aid bütün tarixi yazılar və mənbələr elə abidələrin özünə həkk olunub. Sadəcə, daşları hiss etmək və danışdırmaq lazımdır”. Robert Mobili dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların əsl həqiqətdən hələ də ya xəbəri olmadığını, ya da buna göz yumduğunu söyləyib. Onun sözlərinə görə, ermənilər iddia edirlər ki, guya, Qarabağda olan məbədlər, kilsələr onlara aiddir: “Yaxşı, özlərini “ilk xristian” hesab edən ermənilər Xudavəng monastrını, Ağoğlan kilsəsini, yaxud Tuğ kəndində olan qədim Qtiçavank kilsəsini niyə bu günə salıb? Məgər xristian dininin “ilk daşıyıcısı” olan “xalq” belə edərmi? Bu qədim kilsələri qoruyub saxlamaq elə çətin idi?”. Dini icmanın sədr müavini Rafik Danakari son üç ildə Qarabağdakı əksər Alban məbəd və kilsələrinə səfər etdiklərini və hər birində saxta işarələrə, simvollara rast gəldiklərini, dini məbədgahlardan anbar, tövlə kimi istifadə edildiyinin şahidi olduqlarını bildirib. O qeyd edib ki, 2020-ci ilin dekabr ayından sonra azad olunmuş ərazilərə gedərkən Kəlbəcərdən ta Tərtərə kimi ermənilərin kilsələri, monastrları, məscidləri nə günə qoyduqlarının bir daha şahidi olublar. 
  
İlahiyyatçı-alim Hacı Atif İsmayılov "Sherg.az"a bildirib ki, Azərbaycanda heç vaxt dinlərarası münasibətlərdə hansısa vətəndaşa mənfi münasibət olmayıb. 
Ekspertin sözlərinə görə, Azərbaycan praktiki olaraq illər ərzində bütün dünyaya göstərib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri sərbəst şəkildə öz inanclarını yaşayıb, ayinlərini yerinə yetiriblər: 

"Dini və irqi mənsubiyyətləri fərqli olan millətlər əsrlər boyu Azərbaycanda təhlükəsiz, rahat, sərbəst həyat sürüblər. Multikultural və eyni zamanda tolerant mühitimizlə dünyada sayılıb-seçilmişik. Ölkəmiz dünyanın bir çox dövləti üçün real nümunə təşkil edib. Tolerantlığı, multikultural dəyərlərimizi təkcə sözümüzlə deyil, əməlimizlə də mütəmadi təsdiq etmişik. Bunun bariz nümunəsi odur ki, Azərbaycanda fərqli dinlərin, ayrı-ayrı millətlərin nümayəndələri uzun illərdir təhlükəsiz, heç nədən ehtiyat etmədən, narahatlıq duymadan ömür sürüblər. Sivil şəkildə öz həyatlarını yaşayıblar, ibadətlərini icra ediblər. Bəzi xarici güclər ölkəmizdəki vəhdəti pozmağa cəhd göstərsələr də, istəklərinə nail olmayıblar. Azərbaycanda müxtəlif dinlərin, hətta fərqli məzhəblərin təmsilçiləri belə qarşıdurma yaşamadan ibadətlərini, ayinlərini icra edirlər. Bu da qardaşlıq simvolunun bariz nümunəsidir". 
 
İlahiyyatçının sözlərinə görə, Azərbaycan bu sahədə digər ölkələrlə müqayisə olunmayacaq qədər yüksək dözümlülük və tolerantlıq nümayiş etdirir: 
"Hətta özünü güclü, lider hesab edən bir çox Avropa ölkələrində dini azadlıq və dözümlülük nəinki bizdəki səviyyədə deyil, ümumiyyətlə, yoxdur. Bəzən müşahidə edirik ki, Fransada və ya bir çox inkişaf eləmiş ölkələrdə dini ayrı-seçkilik, başqa inanclara qarşı aqressiya mövcuddur. Azərbaycanın digər ölkələrdən fərqi dinə aid xüsusi modelə sahib olmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi və həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda yaşayan bütün dini icmalara xüsusi diqqət və qayğı göstərilir. Ölkə başçısı şəxsən bütün dinlərin nümayəndələrini özlərinə məxsus bayramlarda xüsusi təbrik edir, onlara diqqət və qayğısını əsirgəmir. Əfsuslar olsun ki, Ermənistan və onların havadarları Azərbaycana qarşı öz çirkin siyasətlərini davam etdirirlər. Həmin dairələr ölkəmizdə hansısa dini-milli azlıqlara qarşı "təzyiq" edildiyini, "təhlükə" olduğunu iddia edirlər. Əlbəttə, bunların reallıqdan uzaq olması hamıya, elə onların özlərinə də yaxşı bəllidir. Sadəcə, öz məqsədlərinə çatmaq üçün bu cür üsullara əl atırlar".