Dövlət sektorunda çalışanlar təqaüdə çıxmaq istəmirlər -  ŞƏRH

 Pensiya yaşının yüksək olması cəmiyyətdə ciddi narazılıq doğuran amildir.
Bu səbəbdən pensiya yaşının ilbəil artırılması tez-tez müzakirə olunan məsələlərdəndir. Hazırda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 63.5-dir. Ekspertlər və millət vəkilləri mütəmadi olaraq bu siyasətin yumşaldılmasının, pensiya yaşının azaldılmasının zəruriliyindən danışıb, sosial islahatlar çərçivəsində pensiya yaşının azaldılmasını təklif etsələr də, ortada real bir nəticə yoxdur.
  İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, pensiya yaşının azaldılması ilə yanaşı, məbləğlərin artırılması məsələsi öz həllini tapmalıdır. Onun sözlərinə görə, insanların təqaüd yaşının artırılması ilə bağlı məsələdən öncə təqaüdlərin artırılması, əhalinin dolanacaq səviyyədə təşkil olunması təmin edilməlidir: 

“Pensiya məbləğləri normal dərəcədə ödənildikdən sonra, pensiya yaşının artırılıb-artırılmaması ilə əlaqəli müzakirə aparmaq olar. Ölkəmizdə dövlət sektorunda çalışan işçilər təqaüdə çıxmaq istəmirlər. Bunun səbəbi isə maaşların daha yüksək, təqaüdlərin isə daha aşağı verilməsidir”.
  N.Cəfərlinin sözlərinə görə, əsas problemlərdən biri də təqaüd yaşına çatmadan rəhmətə gedənlərin Sosial Sığorta Fondunda yığılan vəsaitinin onların ailə üzvlərinə verilməməsidir. Həyatını itirmiş insanların vəsaitlərinin ailələri tərəfindən alınması təmin olunmalıdır. Bu, qanunvericilikdə öz həllini tapmalıdır.