Ekoloq: Suya qənaət günün tələbidir

Amma Azərbaycanda istifadə olunan suyun 50 faizə yaxını itkiyə gedir

Getdikcə daha az su tələb edən bitkilərin əkilməsinə şərait yaratmalıyıq


  "Bir neçə ildən sonra Azərbaycan su ehtiyatları ilə bağlı ciddi problemlərlə üzləşə bilər. Gələcəkdə su qıtlığının bütün əkin sahələrini əhatə edəcəyi proqnozlaşdırılır".
  Bu, Dünya Bankının "Azərbaycanın İqliminə və İnkişafına dair Hesabat"da əks olunub. Hesabatın təqdimatı ilə bağlı keçirilən tədbirdə vurğulanıb ki, ölkənin sərhədlərarası su mənbələrindən asılılığı ilə əlaqədar yaranan risklər mövcud problemləri dərinləşdirir.
Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Roland Prays bildirib ki, su qıtlığı ilə yanaşı, temperaturun yüksəlməsi də bəzi sahələri təhlükə ilə üz-üzə qoyur.
  Roland Prays  əlavə edib ki, Azərbaycanın karbohidrogen ehtiyatları indiyədək onun inkişafına, uğurlarına dəstək olub. Lakin ölkənin gələcək rifahı karbohidrogen ehtiyatından asılı ola bilməz. Çünki Azərbaycan qlobal dekarbonizasiya səylərindən irəli gələn əhəmiyyətli risklərlə üzləşir.
O bildirib ki, ölkədə mövcud su ehtiyatlarının 30-50 faizi itirilir: “Bu səbəbdən də Azərbaycan üçün su təhlükəsizliyinə sərmayə qoyuluşu böyük məna kəsb edir”.
  R.Praysın sözlərinə görə, Azərbaycan tövsiyələri nəzərə alaraq, hədəfləri bəlli edərək gələcək artımlara müəyyən sərmayələr qoyub əlavə gəlir əldə edə bilər: “Xüsusi olaraq qeyd edim ki, Azərbaycanın zəngin bərpa olunan külək və günəş resursları gələcəkdə yaşıl enerji ixracı üçün münbit şərait yaradaraq bir sıra sektorların karbonsuzlaşmasına təkan verə bilər”.
  Qeyd edək ki,  Dünya Bankı Azərbaycanda mal-qaranın sağlamlığının ciddi təhdid altında olması ilə bağlı da xəbərdarlıq edib. 
Bu barədə Bankın “Azərbaycanın İqliminə və İnkişafına dair Hesabat”ında qeyd olunub: “Yağış suyu ilə qidalanan bitkilərin məhsuldarlığının 2060-cı ilədək orta hesabla 14-20 faiz azalacağı proqnozlaşdırılır. Yüksək dəyərə malik bitkilərdə isə daha çox azalma müşahidə ediləcək”.
  Hesabatda bildirilib ki, hazırda ölkəmizdə suvarılan bitkilər də su çatızmazlığı riski ilə üz-üzədir: “Bu problem cənub rayonlarında bəzi bitkilərin 60 faizindən çoxunun, Şərqi Aşağı Kür hövzəsində isə 20 faizdən çoxunun itirilməsi ilə nəticələnəcək. Heyvandarlığın da oxşar tendensiyaya məruz qalacağı gözlənilir. Nəticə etibarı ilə bütün bunlar mal-qaranın sağlamlığına birbaşa təsir edəcək”.  
  İqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov su qıtlığına qarşı tədbirlərin görüləcəyinə diqqət çəkib. Onun sözlərinə görə, ölkəmizdə 2025-ci ilədək ortamüddətli, 2030-cu ilədək isə uzunmüddətli dövrdə ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikilməsi, alternativ sulardan istifadənin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması hədəflənir.
 
 "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, ekoloq  Elman Cəfərli isə “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycanda su ehtiyatlarının azalmasının əsas səbəblərindən biri qlobal miqyasda baş verən iqlim dəyişmələridir. O deyib ki, iqlim dəyişmələri ölkəmizin ərazisində əsasən uzunmüddətli dövr üçün temperaturun artması və yağıntıların azalması ilə müşahidə olunur. Bu da ona gətirib çıxarır ki, yerli çaylarımızın sululuğu azalır: 
“Su qıtlığının yaranması təkcə bir ölkə və bir bölgə ilə bağlı məsələ deyil. Qlobal iqlim dəyişikliyi, kürəsəl istiləşmə dövründə su resurslarının azalması təbii prosesdir. Üstəlik, əhali, buna paralel olaraq suya olan tələbat artır, kənd təsərrüfatı sahələri genişlənir. Transsərhəd suları azalır. Eyni proses qonşu ölkələrdə, qardaş Türkiyədə də gedir. Bu da bizim ölkəyə gələn transsərhəd çaylarının sululuğunun azalmasına səbəb olur. Azərbaycanın su ehtiyatlarının 70 faizdən çoxunun Türkiyə, Gürcüstan, Ermənistan və İran ərazisində formalaşdığını nəzərə alsaq, buradan belə nəticə çıxarmaq olar ki, ölkəmiz çox yüksək transsərhəd iqlim risklərinin olduğu bir regiona təsadüf edir. Yəni təkcə Azərbaycanda yox, Türkiyə, Ermənistan, Gürcüstan və İranda atmosfer yağıntılarının paralel olaraq azalması baş verir. Buna görə də su ehtiyatlarımız həm transsərhəd, həm də yerli miqyasda azalmağa doğru gedir”.
  
Ekoloqun sözlərinə görə, ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artması, su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir: 
“Buna görə də suya qənaət edən yeni suvarma texnologiyalarına keçməyimiz labüddür. Bununla kənd təsərrüfatında ən az 50 faizə çatan su itkilərinin qarşısını ala bilərik.
  Hər bir fərd anlamalıdır ki, suya qənaət günün tələbidir. İlk növbədə suvarma sistemləri yenilənməlidir. Hazırda Azərbaycanın kənd rayonlarında suvarma sistemi 50 il bundan qabaq necə idisə, elədir. Dəyişən heç nə yoxdur. Ölkəmizin təxminən 50 min km-dən çox uzunluğu olana suvarma kanallarının 70 faizi torpaq məcralı kanallardır. Bu cür köhnə suvarma sistemi ilə çaylardan, kanallardan götürülən suyun 40 faizi həm buxarlanma, həm də torpağa çökmə səbəbindən itkiyə gedir. 
  Suvarma suyu uzaq məsafəyə beton kanallarla, plastik borularla daşınsa daha az itkiyə yol verilmiş olar. İri şəhərlərdə avtoyuma müəssisələri texniki sudan istifadə etməlidir. Bunun üçün məişətdə istifadə olunan suyun təkrar emallı həyata keçirilməli və texniki su şəbəkəsi yenidən qurulmalıdır.
  Eyni zamanda getdikcə daha az su tələb edən bitkilərin əkilməsinə şərait yaratmalıyıq. Bu, kənd təsərrüfatında həyata keçirilməli olan əsas adaptasiya tədbirləridir. Bu gün su kanallarımız əsasən torpaq məcralı olduğundan orada su sızmaları çox olur. Bununla yanaşı, suvarma metodlarımız da köhnədir. Bütün bunları dəyişməklə, yeni texnologiyalar tətbiq etməklə, torpaq kanalları beton kanallara çevirməklə su itkilərini azalda bilərik. Əgər su itkilərini azaltsaq, əlavə olaraq xeyli miqdarda su əldə etmiş olarıq. Bu da su qıtlığı ilə mübarizədə effektiv nəticə verə bilər. Su qıtlığı ilə mübarizənin əsas yolu ona uyğunlaşmaqdır. Bundan ötrü müxtəlif ölkələr milli səviyyədə uyğunlaşma strategiyaları, milli adaptasiya planları hazırlayırlar”.