Din xadimləri xurafat nağıllarını kənara qoysun! - ...haram və böyük günah...

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov selektiv abortların ölkəmizdə qarşısıalınmaz problemə çevrildiyini deyib.
Onun sözlərinə görə, Azərbaycanda selektiv abortlar baş alıb gedir, lakin heç bir şey edə bilmirik. Yaxşı olardı ki, axundlar da bu barədə maarifləndirmə işləri aparsınlar”.
  İlahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural Irfan isə “Sherg.az"a açıqlamasında Komitə sədrinin dediklərini təsdiqləyib.
İslam dinində abortun haram və böyük günah sayıldığını vurğulayan ilahiyyatçı qeyd edib ki, islamdan əvvəl ərəblər qız uşaqlarını diri-diri torpağa basdırırdılar: “Lakin “Qurani-Kərim”də bu, rəsmən cinayət elan edildi və qadağan olundu. O dövrdə təbii ki, abort yox idi, odur ki, uşaq doğulandan sonra görsələr ki, qızdır, aparıb dəfn edirdilər. Övladın cinsi hamiləlik zamanı gizli qalmalıdır. Allah da bunu gizli saxlayıb ona görə ki, övladın cinsini müəyyən etmək sırf yaradana xasdır. İndi insanlar gedir həkimə, müəyyən etdirir, sonra da qız istəmirlərsə, onu abort etdirirlər. Bu, böyük günah və cinayətdir. İslam hüququnda diyət “qan bahası” var. Yəni abort etmiş həkim məsuliyyət daşıyır və əslində, uşaq sahibinə qanbahası ödəməlidir. Çünki onun övladını qətl edib. Döl İslam dinində 4 aydan sonra ruh verilmiş canlı sayılır. Canlını da öldürmək günahdır. Burada istisna hallar var. Əgər hamilənin həyatına təhlükə varsa, doğuşdan sağ çıxmamaq ehtimalı böyükdürsə, bu zaman süni doğuş edilə bilər. Yaxud 4 aya çatmamış abort oluna bilər. Yoxsa hər kəsin öz arzu və istəyinə görə abort etdirmək olmaz”.
  T.İrfanın sözlərinə görə, din xadimləri gərək məzhəb söhbətlərini, xurafat nağıllarını bir kənara qoyub bu şeylərdən danışsınlar. Bunun fəsadlarından, günah olmasından bəhs etsinlər: “Hörmətli akademik çox doğru qeyd edib. Çünki belə məsələlərdə din adamlarının rolu lazımdır. Kəbin kəsərkən, yas mərasimlərində, Cümə xütbələrində, moizələrdə din xadimləri bunun ganah olmasını izah edə bilərlər. Çünki gələcəkdə cinslər arasında boyük fərq yaranıb əhalimizin sayına ciddi təsir göstərə bilər bu abortlar. Qadın hamilərdirsə artıq Allah-təala insan yaradır deməkdir. Kim gedib o dölü məhv edirsə, Allaha qarşı çıxır. İnanıram ki, din xadimləri bu sahədə maarifləndirmə aparsalar, müsbət təsiri ola bilər. Ancaq bir problem var ki, din xadimlərinin çoxu da xaricdəki müctəhidləri təqlid edirlər. Həmin müctəhidlər də hərəsi öz ölkəsinin siyasətinə uyğun fətvalar verir. Hətta bəziləri cinsin dəyişməsinə belə yaxşı baxır. Ona görə də onlara təqlid edən din xadimi hansı tövsiyəni verə bilər cəmiyyətimizə? Fəqət müstəqil, milli dəyərlərimizi əsas götürən, ənənəvi, mötədil islama etiqad edən ilahiyyatçılarımız istisnadır ki, bu yöndə onlar iş görməlidir. Din xurafat danışıb, ancaq ölüdən, yasdan ibarət deyil ki. Elə bu cür məsələlər əsasən dinə aiddir.
  Faydası ona görə boyük ola bilər ki, xalqımız dinə inanır və böyük kəsim inanclıdır. Əgər izah olunsa ki, dinimizdə bu əməl böyük günahlardandır, əminəm ki, insanlarımız bunu nəzərə alacaq.
Süni şəkildə insanların sayını azaltmaq, kütləvi selektiv abortlar bir növ mərhələli soyqırımı hesab oluna bilər. Bu, qanunla da qadağandır, dinimizdə də yasaqdır. Qanundan kənar, gizli şəkildə müxtəlif yollarla bu işi edənlər məsuliyyətə cəlb olunmalıdır. Hətta dinimizə görə, əvvəlcədən cinsin müəyyən edilməsi də günahdır. Hamilə olan insanlar tibb müəssisələrinə müraciət edəndə, əgər zərurət olmasa, cinsi oğlan, yaxud qız olduğunu bildirməməlidirlər. Çünki çox zaman problem bundan sonra yaranır. Allah elə bir sistem qurub ki, bu məsələ gizli qalsın. Lazım bilsə elə yaradardı ki, hər kəs özü bilərdi, qıza hamilədir, yoxsa oğlana. Əgər Allah bunu istəmirsə, demək, bir hikməti var. Necə ki insanlar ömrünün sonunu əvvəlcədən bilmirlər. Əgər bilsəydilər daha çox fitnə-fəsad törədərdilər. Gizli qalıb ona görə ki, hər kəs sabah ölüb-ölməyəcəyini bilməsin və ehtiyatla, mənəviyyatla yaşasın. Doğum məsələsi də bunun kimidir”.