Araşdırmalara görə, Azərbaycanda 3 qadından biri ona qarşı zorakılıq olduğunu bildirir. Bunu “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı BMT-nin Əhali Fondunun Türkiyə üzrə nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Mariam A.Khan deyib.
O, həmçinin diqqətə çatdırıb ki, qadınlar arasında məişət zorakılığına məruz qaldığını gizlədənlər də az deyillər.
Qadınlara qarşı zorakılıq hallarının artmasının əsas səbəbi nədir və problem necə həll oluna bilər?
Məsələ ilə bağlı “Sherg.az”a danışan sosioloq Lalə Mehrəli bildirib ki, bu ilin 9 ayında qadınlara qarşı 5034 cinayət hadisəsi törədilib, onun 1296 sı ailə içində baş verib :
"Qadını söyən, döyən, qətl edən insanlar kosmosdan gəlmir, biz yetişdiririk. Əslində oğlan uşağına bəy balası, xan nəvəsi kimi davranan, elədiyi səhvi dəcəllik kimi qəbul edən valideyn gələcəkdə övladının edəcəyi zorakılığa yol açır. Ümid etməyin, vəziyyət düzəlməyəcək. Sabaha ümid bağlamırıq , çünki dünən, sabahdan daha empatiyalı idik. Qadın hüquqları ilə bağlı fəaliyyət göstərən bir çox layihə icraçıları elə düşünür ki, qadınların hüquqlarını qadınlara başa salmaqla gender bərabərliyini təmin etmiş olurlar. Amma bu bərabərliyin təmin edilməsi üçün qadınlardan çox kişilərin maariflənməyə ehtiyacı var. Axı qadınları əzən, söyən, döyən, öldürən qadınlar deyil. Haqqını,hüququnu bilməsi qadına nə verir? Əvvəl 10 öldürülürdüsə, indi 9 öldürürlürlər. Razıyam, 1 nəfər özünü xilas edir, bəs yerdə qalanlar? ".
Ekspert vurğulayıb ki, qadınların vəhşicəsinə qətl edilmə səbəbləri arasında 3 əsas amil var savadsızlıq, sevgisizlik, şüursuzluq:
"Hər 3 amili də ailə formalaşdırır. Əgər hər bir valideyn övladını sevgi ilə böyütsə, övladına insani dəyərləri aşılasa, təhsil versə, bu cür psixoloji pozğunluğu olan kişilər cəmiyyəti birə kimi basmaz, zorakılıq edə bilməz ".