İctimai qınağı yarada bilmədik- Rəy

“Kimsə övladına sadə, təmtəraqsız toy eləsə, ictimai qınaq həmin adamı elə sıxışdıracaq ki, öz əməlindən utanacaq”

“Çıxış yolunu deyən, yol göstərən isə yoxdur. İndiki deputatların da, məmurların da işi-gücü ancaq hər hansı bir sahəni tənqid etməkdir”



  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda ictimai qınağın olmamasından gileylənib. Deputat hesab edir ki, kiminsə yanında zorakılıq baş verdiyi halda gözünü yummamalıdır: “İctimai qınaq güclənsə, belə əməllərin sahibləri başa düşərlər ki, onlar qəbul edilməyəcəklər".
  H.Hüseynova həmçinin qeyd edib ki, zorakılıq dedikdə təkcə fiziki yox, psixoloji zorakılıq da nəzərə alınmalıdır, bundan da əziyyət çəkənlər çoxdur.
  Qeyd edək ki, zorakılıqla mübarizədə ictimai qınaq çox əhəmiyyətlidir. Adətən mövcud stereotiplərə görə zorakılıq törədən şəxs yox, zorakılığa məruz qalan şəxs ictimai qınağa səbəb olur. Qadının özünümüdafiəsi üçün hansısa quruma müraciət etməsi, ona qarşı mənfi reaksiyaya səbəb olur. Lakin bu yanaşma dəyişməlidir. Zorakılıq törədən şəxs daha çox ictimai qınaq obyektinə çevrilməlidir, onun cəzalandırılması tələb olunmalıdır.
  
Professor, sosioloq Əhməd Qəşəmoğlu isə “Sherg.az”a açıqlamasında deyib ki, ailədə mənəvi dəyərlərə zərbə vurulması cəmiyyətə vurulan zərbədir. Bu məsələ ilə bağlı rəsmi qurumlar bilmirlər ki, problemin qarşısını almaq üçün xüsusi geniş elmi metodlarla fəaliyyət proqramı hazırlamaq lazımdır. Əksər rəsmi qurumların bundan xəbəri yoxdur.
  Ə.Qəşəmoğlunun sözlərinə görə, Azərbaycanda əvvəllər hansısa problemin, xoşagəlməz situasiyaların həllində ictimai qınaq  mühüm rol oynayırdı. İndi çox qarışıqlıq var: 

“Məlum deyil ki, cəmiyyətdə əsas aparıcı prinsiplər nədir və hansılardır. Ona görə də bu gün bizdə ictimai qınaq formalaşa bilmir. Hər bir şeyin həlli elmdir. Amma təəssüflər olsun ki, bu yöndə də işlər getmir. “İctimai qınaq” yoxdur deməklə bu problem həll olunmur. İctimai qınaq öz-özünə yaranmır ki, onu da formalaşdırmaq lazımdır. Dini amillər, milli ideologiyalar dayanmalıdır ictimai qınağın arxasında. Keçmiş sovetlər dövründə din daha proqressiv rol oynayırdı, nəinki indi. O vaxtlar aidiyyəti qurumlar da öz öhdəliklərini bilir, bu istiqamətdə real addımlar atırdılar. İndi heç kim işləmir. İllərdir hay-həşir salıram ki,  ciddi boşluq var, iş görmək lazımdır. İndiki deputatların da, məmurların da işi-gücü ancaq hər hansı bir sahəni tənqid etməkdir. Mövcud problemlərdən çıxış yolunu deyən, yol göstərən isə yoxdur. Ona görə də ölkədə ictimai qınaq arzuolunan səviyyədə deyil. Hətta bir çox hallarda mənfi hadisələrlə bağlı  ictimai  qınaq faktoru önə çıxır. Bu gün kimsə övladına sadə, təmtəraqsız toy eləsə, ictimai qınaq həmin adamı elə sıxışdıracaq ki, öz əməlindən utanacaq”.