Sosioloq: İntihar halı gizlədilirsə, bu, mina qədər təhlükə deməkdir

Əzizini sevən intihar cəhdinə biganə qalmamalıdır, hadisənin təkrar olma ehtimalı çoxdur

“2 aylıq kurs ilə psixoterapevt olanlar cəmiyyətə xeyir yox, zərər verir.  İş yenə dönür-dolaşır ailənin üzərinə qayıdır”


  "Hazırda intihar və intihara cəhdlərin sayında ciddi artım qeydə alınır".
Bunu Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
  Onun sözlərinə görə, intihar halları əsasən ailə daxilində baş verdiyindən çox zaman qapalı qalır və yaxın şəxslər bu haqda məlumat vermək istəmirlər: "Bu səbəbdən belə halların açılması ya natamam qalır, ya da açılmır, hüquq-mühafizə orqanları ciddi problemlərlə qarşılaşır. Odur ki, intihar hallarının üstünün açılmasında ciddi problemlər yaşanır. İntihara cəhd etmiş şəxslə bağlı sonradan psixoloji ekspertiza aparılır ki, o, həqiqətən özünü öldürmək istəyib, ya yox?! Təəssüf ki, bu sahədə psixoloji ekspertizalarımız azdır".
  Son zamanlar intiharların artmasının cəmiyyətdə ciddi  narahatlıq doğurduğunu vurğulayan ekspertlər isə hesab edir ki, intiharların  səbəbləri öyrənilmədiyi təqdirdə  ona qarşı mübarizə  tədbirləri də effektsiz olacaq.
  Mütəxəssislərin fikrincə, intihara səbəb olan hallar, maddi vəziyyətdən tutmuş emosional səbəblərə qədər bütün informasiyaları araşdıran mərkəz  yaradılmalıdır.
  Azərbaycanda isə bu işlə sistemli məşğul olan bir qurum yoxdur. Biz ancaq nəticələrə qarşı mübarizə aparırıq. Əgər intihar edən sağ qalarsa, onda izah edirik ki, bunu etmək olmaz . Bu da ki “daldan atılan daş topuğa dəyər” aforizminə bənzəyir”.
 
 Sosioloq Lalə Mehralı  isə “Sherg.az”a açıqlamasında deyib ki, intihar halı gizlədilirsə, bu, ailənin, dolayısı ilə cəmiyyətin altına qoyulmuş mina təhlükəsi deməkdir: 
“İntihara cəhd edənin psixologiyası, ruh halı yerinə “el nə deyər?” düşüncəsi hakim olduğu müddətcə o mina hər an partlamağa hazır olacaq. Hamı başqasının nə deyəcəyini fikirləşir, yalnız bu əhəmiyyət kəsb edir onlar üçün. İntihar edən insanın nə düşündüyü, nə hiss etdiyi əhəmiyyətli olmur çox vaxt”. 
  
Sosioloqun fikrincə, intihara cəhd edənə cəmiyyətdə bir stiqma var. Onlar barmaqla göstərilir, haqlarında kimlərsə pıçıldaşır, hətta olmayan vəziyyətlər belə müzakirə edilir. Buna görə intihara cəhd edənin özü də, ailəsi də bunu  insanlardan gizlədir, qınağa, məzəmmətə tuş gəlməmək üçün: 
“Məsələ burasındadır ki, sosial iş, psixoloji dəstək də hamı üçün əlçatan olmur. Psixoloqların qəbulu elə qiymətlərlə təyin edilir ki, intihara cəhd edən o qiymətə o dəstəyi ala bilmir. Əvvəlcə bu xidmət növü əlçatan olmalıdır. İkincisi, psixoloji dəstək göstərənlərin həqiqi təhsil alması önəmlidir. 2 aylıq kurs ilə psixo-terapevt olanlar cəmiyyətə xeyir yox, zərər verir.  İş yenə dönür-dolaşır ailənin üzərinə qayıdır. Əzizini sevən onun intihara cəhdinə də biganə qalmamalıdır. Bunun təkrar oluna bilmə ehtimalı belə insanı çarə axtarmağa sövq etməlidir”.
Şəymən