2024-cü ildə də zəlzələlər olacaq? - PROQNOZ

Bakı silkələndi

Təbiət hadisəsini gününə, saatına qədər proqnozlaşdırmaq mümkün deyil


  Dünən səhər  saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ əhali arasında panikaya səbəb olub. Sosial şəbəkələrdə valideynin övladlarını məktəbdən gəlib götürməsinə dair foto və videolar yayılıb.
Hətta  bir neçə valideynin iddiasına görə, zəlzələnin daha bir böyük dalğasının olacağı ehtimalı ilə bu barədə Bakı məktəblərinə müvafiq təlimat gəlib, şagirdləri evə göndəriblər.
  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə  məlumat verilib ki, zəlzələyə görə Bakıdakı bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını məktəbdən götürüblər, təhsil isə davam edir.
  Elm və Təhsil Nazirliyindən də mövzuyla bağlı “Sherg.az"ın sorğusuna cavab olaraq ajiotaj üçün səbəb olmadığı deyilib: “Valideynlər övladlarını təşvişə düşüb məktəbdən götürürlər”.
  Xəzər dənizində baş vermiş zəlzələ ilə bağlı Respublika Seysmoloji Xidməti Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransı keçirib. 
O bildirib ki, Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub. Zəlzələ 50 saniyə davam edib. Zəlzələdən sonra 5 afterşok qeydə alınıb. 
  Q.Yetirmişlinin sözlərinə görə, gələn il Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yeni seysmik mikrorayonlaşdırma xəritəsi ilə bağlı tədqiqat aparılacaq. O bildirib ki, Yaponiyadan mütəxəssislər gələcək: "Seysmik mikrorayonlaşma xəritəsi gündəmdədir. FHN əməkdaşları və yaponiyalı mütəxəssislərlə birgə gələn il işlərə başlanılacaq. Xəritənin tərtib olunması üzərində iş gedir".
  Sözügedən mətbuat konfransında çıxış edən  Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət agentliyinin rəis müavini Elxan Əsədov isə zəlzələ nəticəsində heç bir dağıntı qeydə alınmadığını bəyan edib: “Bölgədə hər hansı dağıntı ilə bağlı bizə heç bir məlumat daxil olmayıb”. 
  Q.Yetirmişlinin qeyd etdiyi xəritə məsələsinə aydınlıq gətirən E.Əsədov deyib ki,  seysmik xəritələrlə yanaşı, Bakı və Abşeron yarımadasında seysmik riskləri araşdıran xəritə də olacaq: "Yəni Bakı şəhərində 7 və daha yuxarı balda zəlzələ olacaqsa, onun hansı fəsadlarının olması burada göstəriləcək".
  “Zəlzələ baş verəndən dərhal sonra polis gücləndirilmiş iş rejiminə başlayıb”.
Bunu isə  Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib. Onun sözlərinə görə, panika yaranmaması üçün bütün polis orqanları öz sahələri üzrə tədbirlərə yönləndiriliblər: “Hər hansı mənfi məlumat daxil olmayıb. Əsas nəzarətə götürülən ərazi metro, məktəb və bağçalardır. Xüsusilə, metroda vətəndaşlar panikaya düşməsin deyə tədbirlər görülüb”.
  E.Hacıyev vətəndaşları maksimum təmkinli olmağa çağırıb. Bildirib ki, belə hallarda rəsmi qurumların məlumatlarına istinad edilməlidir. “Yollarda sıxlığın təhlükəli vəziyyət yaratmaması üçün bütün tədbirlər görülüb. Vətəndaşların təşvişə düşüb binaları tərk etməsi nəzərə alınaraq əlavə naryad qrupları təşkil edilib ki, evdən çıxdıqda təhlükəli vəziyyət olmasın. Oğurluq və xoşagəlməz hallarla bağlı bir dənə də fakt daxil olmayıb”.
  TƏBİB də məlumat yayıb kı, baş verən zəlzələ ilə əlaqədar təcili yardıma müraciət edən olmayıb.
"Hiss edilən zəlzələlər davamlı olaraq baş verəcək. 2024-cü ildə də Xəzər dənizində belə zəlzələlər olacaq". 
Bunu isə  demokrat.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. Onun sözlərinə görə, bundan sonrakı müddət ərzində Xəzər dənizində bugünkü zəlzələnin ocağına qonşu ocaqlar da aktivləşəcək: "Bu ocaqlar artıq oyanıb, daha da aktivləşəcək. Mərkəzi və Cənubi Xəzərdə zəlzələ ocaqlarında kəskin aktivlik müşahidə edəcəyik. Bakı şəhərində təkanları hiss etməyimiz qaçılmazdır. Talış zonası, Hacıqabul, Şamaxı-İsmayıllı, Ağsu zonaları da yenidən aktivləşəcək".
  Coğrafiya üzrə fəlsəfə doktoru, ekoloq  Ənvər Əliyev isə “Sherg.az"a açıqlamasında deyib k, zəlzələ anında təşvişə düşmək lazım deyil: 

"Zəlzələnin olacağı gözlənilən idi. Amma bunu demək olmaz ki, bu saatda olacaq, həmin vaxt evdə olmayaq. Zəlzələni gününə, saatına qədər proqnozlaşdırmaq mümkün deyil". 
 Ekoloqun sözlərinə görə, yaşadığımız coğrafi məkan zəlzələlərin aktiv olduğu ərazi hesab olunduğundan bu cür zəlzələlərin olmasını normal qarşılamalıyıq:  “Bu gün baş verən zəlzələ iyunda dənizdə baş verən zəlzələnin davamıdır. Çünki bugünkü zəlzələ də həmin sınma xəttinin üzərinə düşüb. Zəlzələ olan kimi o dəqiqə hay-küy qopur. Zəlzələyə normal bir təbiət hadisəsi kimi baxmalıyıq. Zəlzələ dənizdə olub və dənizdə olan zəlzələlərin də bura daha az təsiri olur. Bundan qorxuya düşməyə ehtiyac yoxdur. Zəlzələdən sonra baş verən afterşoklar yerin enerjisinin çıxması ilə nəticələnir. Ona görə də bundan sonra daha güclü zəlzələlər baş vermir. Ümumiyyətlə, tarix boyu Bakı şəhərində çox güclü və ya dağıdıcı gücə sahib olan zəlzələ baş verməyib”.