Oturaq həyat tərzi keçirənlərin NƏZƏRİNƏ: Ürək-damar xəstəlikləri...

Mümkün qədər ayaq üstə iş görün

“Bir saatdan artıq oturmaqla ürək-damar xəstəliklərinin yaranma təhlükəsini 14 faiz artırmış oluruq”

  Uzun müddət, fasiləsiz 3 saat oturmaq sağlamlıq üçün təhlükəlidir. Medicina.az-ın məlumatına görə, bu barədə həkim-fleboloq Vanessa Prinse danışıb. O, insanları ürək və damarları qorumaq üçün uzun müddət oturmamağa çağırıb. “2-3 saatdan çox əyləşmək damarların sıxılmasına və qan dövranının pozulmasına səbəb olur. Nəinki qan dövranı, həmçinin limfa durğunluğuna gətirir ki, bu da ayaqlarda şişkinliyə səbəb olur. Bir çoxları deyəcək ki, bu, işimizlə bağlıdır, amma belə iş ürəyə ciddi ziyan vurur. Oturmaq uzanmaq və yatmaqdan da çox ürəyə zərbədir. Çünki bu zaman damarlar çox sıxılır. Oturaq həyat keçirənlərdə qanda şəkər, xolesterin və çəki də artır. Bunun qarşısını almaq üçün əyləşəndə bədənin vəziyyətini tez-tez dəyişmək və 30 dəqiqədən bir ayağa qalxıb, gəzişmək, idman etmək, pilləkən qalxıb-düşmək lazımdır. Hətta mümkün qədər ayaq üstə duraraq işinizi görün. 1 saat ayaq üstə işləmək 30 dəqiqə oturmaqdan faydalıdır”.
  Yerli mütəxəssislər isə hesab edir ki, iş stolu və kompüter arxasında 2 saatdan artıq oturmaq olmaz. Həkimlər ofis daxilində qısa gəzişmələr, eyni zamanda oturduğunuz yerdə boyun, qol və ya ayaq hərəkətləri etməyimizi tövsiyə edir.
  Kardioloq Günay Rəhimova isə hesab edir ki, oturaq vəziyyət nəinki ürəyə, bel-dayaq sisteminə də mənfi təsir göstərir. Kardioloqun sözlərinə görə, bir saatdan artıq oturmaqla ürək-damar xəstəliklərinin yaranma təhlükəsini 14 faiz artırmış oluruq: “Ofisdə çalışanlar daha çox oturaq həyata məruz qalırlar. Bu onlarda müəyyən xəstəliklərin yaranmasına səbəb ola bilər. Bunlara ürək-damar xəstəlikləri, osteoporoz və s. xəstəlikləri nümunə kimi göstərə bilərik. Əlavə olaraq kompüter qarşısında çox oturmaq gözlərə zərər verir, qapalı şəraitdə çalışmaq vitamin D çatışmazlığına səbəb olur ki, bu da immunitetin düşməsinə, sümüklərin zəifləməsinə səbəb olur.
  Böyük Britaniya alimlərinin oturaq həyat tərzinin ürəyə yetirdiyi ziyanlarla bağlı apardığı xüsusi araşdırmalarına əsasən oturaq həyat tərzi dərin venoz trombuna səbəb olur. Venoz trombu səbəbilə isə insanların ürək damarları tutulur ki, bu da ağır ürək xəstəliyinə gətirib çıxarır. Oturaq həyat tərzi piylənməyə də səbəb olur, piy isə öz növbəsində ürəyi qanla təmin etməyə mane olur.
  Bütün bunların nəticəsində çəki artır, çəkinin artması da qan təzyiqini artırır. Bu isə hipertoniya xəstəliyini qaçılmaz edir. Buna görə də oturaq həyat tərzi keçirən insanlar qida rasionlarına ciddi diqqət yetirməlidirlər.
  Onlar rasionlarına kalorisi az, vitamin və mikroelementlərlə zəngin qidalar daxil edilməli, meyvə və tərəvəzə daha çox üstünlük verilməlidir.
  Bununla yanaşı oturaq həyat tərzi qanda şəkər səviyyəsini artırır və bu şəkər xəstəliyinə səbəb olur. Oturaq həyat tərzinin törətdiyi xəstəliklərin qarşısını almaq üçün ilk növbədə iş rejimi oturaqlıq tələb edən insanlar hər saatdan bir, heç olmasa, beş dəqiqəlik fasilə etməli, istər ofisdə, istərsə də evdə monitor qarşısında əyləşəndə iş arası hər saatdan bir 5-10 dəqiqə fasiləyə vaxt ayırmalıdırlar. İşinizi bitirdikdən sonra isə kompüter qarşısında əyləncə naminə oturmaq kimi asılılıq vərdişindən özünüzü xilas edin. Ümumilikdə isə çalışın ki, heç olmasa, qət etdiyiniz kiçik məsafələrdə nəqliyyatdan istifadə etməyəsəniz. Yüngül idman hərəkətləri, gəzmək, təmiz havaya çıxmaq sağlamlığınız üçün yarana biləcək problemlərin qarşısının alınmasında sizə yardımçı olacaq”.
  Həkimin sözlərinə görə, oturaq həyat tərzi keçirənlər qida rasionlarına da ciddi diqqət yetirməlidirlər. Belə ki, kalorisi az, vitamin və mikroelementlərlə zəngin qidalar rasiona daxil edilməlidir. Meyvə və tərəvəzə daha çox üstünlük verilməlidir.