Günümüzdə smartfonlar həyatımızın ayrılmaz hissəsindən birinə çevrilib. Hətta, uşaqlar da texnologiyanın "əsir"inə çevriliblər desək, yanılmarıq. Onlar istədikləri tətbiqə daxil olaraq bundan rahatlıqla istifadə edə bilirlər.
Belə bir sual yaranır. Uşaqların daha erkən yaşlarda smartfonlardan istifadə etməsi onların psixologiyasına necə təsir göstərir? Uşağa ilk telefon neçə yaşında alınmalıdır?
Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, uşaqlara smartfonlar ən azı 9 cu sinifə qədər verilməməlidir :
"1- 6 yaşlarda telefonlardan istifadə aut vəziyyəti yaradır. Nitq ləngiməsi olan uşaqlarda nitqin inkişafını daha da gerilədir. Spektr pozuntusu olan azyaşlılarda autizmə meyillənməyə səbəb olur. Bundan əlavə olaraq erkən yaşlarda telefonla dost olmaq onların cəmiyyətlə sosiallaşmasının qarşısını alır. Pandemiya dövründə onlayn dərs üsulundan istifadə edildiyinə görə, valideynlər uşaqlara telefon almaq məcburiyyətində qaldılar. Bu dövrdən sonra telefon aludəçiliyinə qədəm qoyuldu. Bir uşaqlı valideynlər öz telefonlarını övladlarına verə bilsələr də çoxuşaqlı analar uşaqlarının hər birinə telefon almalı oldular. Əfsuslar olsun ki,indiki dövrdə uşaqlarda diqqət pozuntusu,aqressivlik,paylaşmağı bacarmamağın əsas səbəbi mobil telefonlardır".