Biabırçı vəziyyət: Azərbaycanda zəlzələ olan kimi hamının ağlına ilk Qurban Yetirmişli gəlir

“Tövsiyə edirəm ki, insanlarımız hər gün zəlzələyə hazır  olsunlar”

“Qurban Yetirmişlinin ölkəmizdə güclü zəlzələnin olmayacağı ilə bağlı açıqlamaları bir çoxları tərəfindən inandırıcı olmasa da, bu açıqlamalar əksər insanlarda  arxayınlıq yaradır. Bu da doğru yanaşma deyil”

“Seysmoloji Xidmət Mərkəzində yalnız bir nəfərin tanınması və hər şeydə onun adının hallanması, o deməkdir ki, sözügedən İnstitutun varlığı ilə yoxluğu fərqlənmir”


  "Çilçıraq Azərbaycanda zəlzələnin ölçü vahidinə çevrilib. Seysmoloji Mərkəzin direktoru Qurban Yetirmişli də mətbuat konfransında etiraf edib ki, zəlzələ xəbərini eşidən kimi dərhal çilçırağa baxıb”. Sosial şəbəkələrdə bu qəbildən olan paylaşımlar yer alıb. 
 
 "Sağlam Cəmiyyət Hərəkatının "sədri, sosioloq Elçin Bayramlı isə "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda zəlzələ olan kimi hamının ağlına gələn ilk adam Qurban Yetirmişli  olur. Bizim millət Qurban müəllimi az qala “zəlzələ” sözünün sinonimi kimi qəbul edib:  
"Bu isə son dərəcə biabırçı haldır. Respublika Seysmoloji Xidmət Mərkəzində yalnız bir nəfərin tanınması və hər şeydə onun adının hallanması, o deməkdir ki, sözügedən İnstitutun varlığı ilə yoxluğu fərqlənmir.  
Onsuz da Azərbaycanda fəaliyyətdə olan elmi institutların hamısı postsovet dövründə məhv oldu, formal olaraq adları qalıb. Uzun illərdir Azərbaycanda seysmologiya sahəsində isə  kadr yetişdirilmir. Ümumiyyətlə, ölkəmizdə seysmologiya sahəsi üzrə barmaqla sayılacaq qədər az alim var. Yaxşı ki, Qurban Yetirmişli var, o da olmasaydı, halımız necə olardı?".
 
 E.Bayramlının sözlərinə görə, zəlzələ və digər tektonik mövzularla bağlı ictimaiyyəti məlumatlandıracaq, düzgün izah verəcək kadrlar, ekspertlər yoxdur:
 "Azərbaycanda Seysmoloji Mərkəzlərin yeni texnologiyalarla təchiz olunması o demək deyil ki, zəlzələnin baş verəcəyi saatı və balı müəyyən etmək mümkün olmalıdır. Diqqət etsəniz,  Android telefonlara gələn zəlzələ bildirişi belə cəmi bir neçə saniyə  əvvəl olur. Aktiv zonalara quraşdırılan dedektorlar da eynən bu bildiriş mesajları kimi bir neçə saniyə əvvəl seysmoloji mərkəzlərə siqnal ötürür, onu isə qeydə aldıqdan sonra əhalini məlumatlandırmağa vaxt çatmır.  
  Zəlzələnin baş verəcəyi saatın və günün əvvəlcədən müəyyən edilməsi mümkün deyil. Nəinki Q.Yetirmişli, hətta dünyanın ən qabaqcıl ölkələrinin yetişdirdiyi alimlər, elmi Mərkəzlər belə zəlzələnin baş verəcəyi tarixi  qabaqcadan proqnoz edə bilməz. Uzaqbaşı bir neçə saniyə əvvəl bu barədə məlumat əldə edərlər. 
  Zəlzələ qurşaqlarında hansısa bir aktivlik hiss edəndə artıq alimlər afterşok ehtimalını qeydə alırlar. Amma bu da konkret, filan gün güclü təkanlar olacaq, demək üçün  əsas deyil. 
  Ümumiyyətlə, Azərbaycan seysmik ərazi olduğu üçün bizim insanlar hər gün, hər an zəlzələyə hazır olmalıdır.  Fikrimcə, zəlzələnin hansı gün baş verəcəyini yox, zəlzələ baş verən anda nə etmək lazımdır onu bilmək daha məqsədəuyğundur. Bu istiqamətdə ciddi maarifləndirmə  tədbirləri keçirilməlidir. Qurban Yetirmişlinin ölkəmizdə güclü zəlzələnin olmayacağı ilə bağlı açıqlamaları bir çoxları tərəfindən inandırıcı olmasa da, bu açıqlamalar əksər insanlarda  arxayınlıq yaradır. Bu da doğru yanaşma deyil. Bəli, Azərbaycanda maqnitudası güclü olan, dağıdıcı zəlzələlər gözlənilmir. Lakin arxayınlaşmamalıyıq. 
  Mediamızın, televizorların da başı şouya o qədər qarışıb ki, elmi müzakirələr, maarifləndirici məlumatlara toxunan yoxdur. Ancaq bu cür fövqəladə vəziyyətlərdə üzdə olan bir-iki ekspertdən standart açıqlamalar alıb baxış sayı qazanmaq məqsədi güdülür. Tövsiyə edirəm ki, insanlarımız hər gün zəlzələyə hazır  olsunlar. Dediyim kimi, zəlzələnin nə zaman və nə qədər güclü olacağını əvvəlcədən bilmək mümkün deyil. Unutmayaq ki, zəlzələ ilə bağlı yayılan şayiələrə inanmaq  təşvişin artmasına səbəb olur. Həmin an sadəcə qorunmaq və təhlükədən minimum zərərlə çıxmaq üçün tədbirlər görülməlidir".