Toylardan və yaslardan gəlir vergisi ödəmək absurddur

Bu cür populist təklifləri ancaq gündəmə gəlmək istəyən şou adamları verə bilər

“Əvvəla bildirim ki, toyda və yasda yığılan pullar gəlir yox, borc hesab olunur. Vergilər Məcəlləsində də, maliyyə hesabatlığında da bu cür daxilolmalar öhdəlik kimi qeyd olunur”


“Toylardan və yaslardan əldə edilən gəlirdən vergi verilməlidir”. Bu  barədə  Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
  Kulturoloqun fikrincə, hər bir vətəndaş qazandığı pulun qanunla nəzərdə tutulmuş hissəsini, yəni vergini mütləq ödəməlidir. Əlavə edib ki, bütün dövlətlərin əsas gəlir mənbəyi əhalidən yığılan vergilərdir. Həmin vergilər hesabına formalaşan büdcə təkrarən insanların ehtiyaclarını ödəməyə və azad ölkə qurmağa sərf edilir: "Azərbaycanda vergi mədəniyyəti ilə bağlı ictimai düşüncədə olan kompleksləri yox etmək lazımdır və insanlar qəbul etməlidirlər ki, bir dövlətin yaşaması üçün rüşvəti aradan qaldırmaq, korrupsiyanı məhv etməklə yanaşı, mütləq vergi mədəniyyəti bütövlükdə cəmiyyətdə oturuşmalıdır. Dövlət indi neft kapitalında sosial məsələlərin həllinə çalışır, amma bu da uzunmüddətli ola bilməz, sabah neft bitə bilər. Bəs biz büdcəmizi nə ilə doldurmalıyıq?".
  Kulturoloq toy və yas məclislərindən əldə edilən gəlirin vergiyə cəlb olunmasını təklif edib: "Ona görə də hər bir insan işləyən zaman, mükafat alan zaman onun ailə büdcəsinə pul gələn zaman dövlətə mütləq vergi verməlidir və bu onun müqəddəs borcudur. Vergilər verilməsə, dövlət orqanları çalışa bilməz, pensiyalar verilə bilməz, məktəblər işləyə bilməz, dövlətlərin sosial problemləri həll oluna bilməz. Bu baxımdan Azərbaycanda toylar və yaslarla bağlı vergi mədəniyyəti olmalıdır. Bir çox insan deyir ki, toylar üçün xərclər çəkilir, bu, toy sahibindən çıxır, amma çox maraqlı və qəribədir ki, toy və yas sahibləri bu məslislər hesabına öz büdcəsini doldurur, yəni ailəyə əlavə gəlir daxil olur, amma həmin məbləğ vergiyə cəlb edilmir. Bir toydan 50-100 min yığıla bilər və bunun yarısı xərclərə gedir, o xərcləri kənara qoyuram, lakin real gəlir var və o gəlirin müəyyən faizi dövlətin büdcəsinə getməlidir. Yoxsa hər kəs uşaq pulu istəyir, pensiyaların artmasını tələb edir, məvaciblərinin artırılmasını istəyir, bəs dövlət bu pulu haradansa götürməlidir ki, artım da olsun.
  Qəribədir, biz 10 manat lotoreyadan pul udanda həmin puldan vergi tutulur, baklara pul qoyduqda faiz götürürüksə, həmin faizdən də vergi tutulur. Amma toyda, yasda, ad günü şənliklərində qazanılan həmin pullardan, nəmərlərdən, yığılan vəsaitlərdən heç bir vergi tutulmur. Yüz minlərlə qazanılan puldan insanlar vergi vermək istəmir. Bu, nə dərəcədə düzgündür?".
  Aydın Xan Əbilov təklif edib ki, toylardan tutulan vergi hesabına kasıb təbəqəyə kömək etmək də mümkündür və bu, ədalət prinsipi ilə tənzimlənməlidir: "Burada bir məsələ var, düşünürəm ki, yuxarı və orta təbəqə vergi verməlidir, amma aşağı təbəqə üçün əksinə, dövlət kompensasiya ödəməlidir. Çünki kasıb toy etdiyi zaman bəzən restoranlara verməyə pulu olmur, bu da həm yeni yaranan ailənin özü üçün problem olur, həm də toy edən valideynlər üçün. Hətta əvvəllər şadlıq evləri yeni evlənən cütlükləri girov götürürdülər ki, gedin borcu gətirin, sonra bəylə gəlin evə getsin. Bu da çox böyük konfliktlər yaradırdı. Əgər belə hallar yaşanarsa, yığılan vergi hesabına dövlət həmin insanlara yardım etməlidir. Biz ədalət prinsipini qorumaq şərti ilə bu məsələyə xüsusi önəm verməliyik".

 İqtisadçı-ekspert Xalid Kərimli isə “Sherg.az”a açıqlamasında kulturoloqun təklifinin absurd olduğunu deyib. Onun sözlərinə görə, bu cür populist təklifləri ancaq gündəmə gəlmək istəyən şou adamları verə bilər: 

“Bu təklifin rasional bir  izahı yoxdur. Əvvəla  bildirim ki, toyda və yasda yığılan pullan gəlir yox, borc hesab olunur. Vergilər Məcəlləsində də, maliyyə hesabatlığında da bu cür daxilolmalar öhdəlik kimi qeyd olunur. Biznes öhdəliklərindən isə mənfəət vergisi,  gəlir vergisi ödənməsi təklifi gülünc bir təklifdir. Burada  sahibkarlıq fəaliyyətindən söhbət getmir axı. Elə təsəvvür edin ki, insanlar bir-biri ilə “lotoreya” oynayır. Toplaşıb hər ay, ya da hər il bir başqasının toyuna pul salırlar. Yəni kimsə toy sahibinə pul verəndə, qarşılığında toy sahibi də gələcəkdə onun övladının toyuna mükafat salır. Yasa gəldikdə isə insanlar hüzr yerinə gəlib, rəmzi olaraq ehsan yeyir və yas sahibinə kömək, dəstək məqsədilə 30-40 manat yazdırır. Bu ondan ötrüdür ki, yas sahibi dəfn və digər xərclərini qarşılaya bilsin. Bundan nə adla vergi tələb oluna bilər ki?”.