Azərbaycan ciddi su problemi ilə üz-üzədir: Böhran dərinləşərsə...

  Dünyada su mənbələri sürətlə azalır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 369 su obyektinin açılışı ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, bunun müxtəlif səbəbləri var: “Əlbəttə, əhalinin artması da su qıtlığına təsir göstərir. Yağıntının miqdarında isə heç bir dəyişiklik olmur”. R.T.Ərdoğanın sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı olaraq dünyada təbii fəlakətlərin də sayı artır: “Fikir verirsinizsə, son vaxtlar yanğınların, zəlzələlərin, daşqınların sayı artıb”. Türkiyə lideri bildirib ki, dünyanın nizamı pozulur: “Əgər hərəkətə keçməsək, daha ağır nəticələrlə üzləşə bilərik. Sudan qənaətlə istifadə etmək lazımdır. Bu, seçim deyil, məcburiyyətdir".
  Qeyd edək ki, Azərbaycan da şirin su ehtiyatları məhdud ölkələrdəndir. Xüsusən də son illər Kür, Araz, Samur, Qanıx çaylarının su səviyyəsində ciddi azalmalar müşahidə olunur. Necə deyərlər, artıq təbiət öz işini görüb. Bizim iradəmizdən asılı olmayaraq su ehtiyatları azalır. Eyni zamanda əhali artımı, kənd təsərrüfatı və sənayenin inkişafı suya tələbatı çoxaldır. BMT-nin qiymətləndirmələrinə görə, yaxın gələcəkdə Azərbaycan su stressi yaşayan ölkələr sırasında yer alacaq.
Mütəxəssislərin fikrincə, yeganə çıxış yolu sudan qənaətlə istifadə etmək və israfçılığın qarşısını almaqdır. Bunun üçün suvarmada səmərəli üsullardan istifadə qaçılmazdır. Yaşıllıqların açıq, nəzarətsiz və selləmə qaydasında sulanması ciddi itkilərə səbəb olur. Buna görə də damcı və çiləmə üsullarından istifadə edilməlidir. Bu üsul su israfını 60 faizə qədər azaldır, eyni zamanda torpaqların şoranlaşmasının qarşısını alır. Məişətdə sudan qaənaətlə istifadə etməliyik. Dişləri fırçalayarkən və təraş olunarkən kranı açıq saxlamamalı, meyvə və tərəvəzləri su şırnağı ilə deyil, qablarda yumalı, ərzağın donunu su şırnağı ilə deyil, qaba doldurulmuş su ilə açmalı, paltaryuyan və qabyuyan maşınlardan istifadə etməli, zərurət olmadıqda vannadan deyil, duşdan istifadə etməliyik. Bu sadə qaydalara əməl edən hər kəs az da olsa, su çatışmazlığına qarşı mübarizə aparmış olur.
  “Ekoloq jurnalistlər” İctimai Birliyinin sədr müavini Elçin Bayramlı isə “Sherg.az"a açıqlamasında deyib ki, ölkəmiz də dünyanın bir hissəsi kimi qlobal iqlim dəyişikliklərinin, dünyada gedən proseslərin təsirinə məruz qalır. Üstəlik, daxili su və qida ehtiyatlarımız da əhalini tam təmin etmək üçün yetərli deyil

“15-20 ildir beynəlxalq iqlim təşkilatları, dünya ekoloqları qlobal su böhranı ilə bağlı həyəcan təbili çalır. Yerli təşkilatlar olaraq biz də uzun müddətdir bu mövzuda çıxış edir, öz təkliflərimizi veririk ki, Azərbaycanda da bu sahədə vəziyyət ürəkaçan deyil. Hətta deyərdim ki, Azərbaycan ciddi su problemi ilə üzləşən ölkələr siyahısındadır. Əraziyə və əhaliyə nisbətdə su ehtiyatlarının faiz göstəriciləri çox aşağıdır. Ən dəhşətlisi də odur ki, ölkənin şirin su ehtiyatlarının 70 faizə qədəri ölkə hüdudlarından kənarda formalaşır və transsərhəd çaylar vasitəsilə ölkəmizə daxil olur.
  Bu isə o deməkdir ki, qlobal su böhranı dərinləşərsə, qonşu ölkələrdən gələn su mənbələrindən su götürmək mümkün olmaya bilər. Bu vəziyyətdə qonşu ölkələr transsərhəd çaylardakı su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Çayların çoxunun mənbəyinin qonşu ölkələrdə olması çox ciddi strateji təhlükədir. Ona görə də su resurslarının qorunması, onlardan səmərəli istifadə, su mənbələri çirklənməsinə və qurumasına səbəb olan amillərin aradan qaldırılmasına ehtiyac böyükdür və bu məsələni təkcə inzibati metodlarla tənzimləmək mümkün deyil. Əhalinin bu işdə iştirakı da son dərəcə vacibdir”.
  2030-cu ilə qədər səhralaşma prosesinin güclənəcəyini vurğulayan E.Bayramlı deyib ki, quraqlıq, dağ çaylarının quruması, su ehtiyatlarının azalması prosesi sürətlə davam edir. Əhali içməli su təminatı və suvarma suları ilə bağlı çox ciddi problemlər yaşayacaq: “Xəzər dənizində belə suyun səviyyəsi getdikcə aşağı düşür. Kür-Araz çaylarının da suyu minimuma qədər azalıb. Dağ çaylarının, göllərin bir çoxu quruyub.
  Dünyada 6000-dən yuxarı çay və göllər yoxa çıxıb. Bunun da səbəbi illərlə ekologiyanın istismar olunması, təbii sərvətlərin vəhşicəsinə talan olunmasıdır. Ölkələr su qıtlığıyla bağlı müxtəlif tədbirlər görür, alternativ mənbələrdən istifadə edirlər. Qəfil baş verə biləcək quraqlıqdan qorunmaq üçün çox sayda su anbarları, süni göllər yaradılır, artezianlar qurulur, bir yerdə artıq olan su mənbələrinin, suyun az olduğu başqa ərazilərə yönəldilməsi üçün kanallar çəkilir. Bir çox ölkələr dərinliklərdə yerləşən yeraltı su hövzələrinə çatmaq və həmin suyun səthə çıxarılması üçün böyük layihələrin icrasına başlayır.
  Eyni zamanda dəniz və okeanlardan götürülən sular duzsuzlaşdırılıb su anbarlarına yığılır. Bu proses kifayət qədər bahalı olsa da, qlobal su böhranından xilas olmağın başqa yolu yoxdur. Xatırladım ki, pilot layihə kimi Azərbaycanda da Xəzərin suyunu şirinləşdirmək üçün zavod yaradılıb. Amma bir məsələ var ki, ölkə yalnız dənizdən götürülüb şirinləşdirilən suyun ümidinə qalsa, suyun qiyməti hədsiz baha olacaq. Ona görə də nə qədər ki vəziyyət faciəvi hal almayıb, şirin su ehtiyatlarımızı qorumalıyıq. Çox sayda su ehtiyatlarının tikintisinə başlamaq lazımdır. Su təsərrüfatının qaydaya salınması və gözlənilən böhrana hazır olmaq üçün bəzi tədbirlərin həyata keçirilməsi vacibdir. Dövlət başçısının su təsərrüfatının effektiv idarə edilməsi, su ehtiyatlarından səmərəli istifadə, yeni su mənbələrinin yaradılması ilə bağlı fərman və sərəncamları var. Çaylar üzərində 60-a yaxın su anbarlarının tikilməsini tapşırıb. Düzdür, bu istiqamətdə xeyli işlər də görülüb. Su anbarlarının tikintisi, artezianların qazılması və s. Lakin bunlar problemin miqyasına adekvat deyil. Yağıntılı aylarda yağış sularını toplayıb anbarlarda saxlanılmasını təmin etmək və quraqlıq aylarda istifadəyə yönəltmək olar. İmkan olan yerlərdə artezianlar və dərinqazma qurğuları vasitəsilə yer təkindəki sulardan istifadə etmək olar. Suvarmada qənaətcil texnologiyalara keçmək, damcı ilə suvarma sistemlərindən istifadəni stimullaşdırmaq lazımdır. Damcılı suvarma sistemi vasitəsilə əkin sahələrini azı 3-4 dəfə az su ilə daha effektiv suvarmaq mümkündür. Su kanallarının ümumi uzunluğu 50 min kilometrdən çoxdur. 90 faizi də məhz torpaq kanallarıdır. Torpaq suvarma kanalları ilə ötürülən suda isə itkilər çox olur. Uzun məsafələrdə su torpağın alt qatlarına hopur və təyinat nöqtələrinə suyun az bir hissəsi gedib çatır. Hamısı olmasa da, mümkün qədərini beton kanallarla əvəzləmək lazımdır. Beton kanallarda su itkisi dəfələrlə azalır. Bəzi yerlərdə isə borulardan istifadə etmək olar”.
  Su təsərrüfatının idarəetməsində ciddi problemlər olduğunu xatırladan ekspert deyib ki, MDB ölkələrinə ən çox su itkisi Azərbaycanda qeydə alınıb. Dünya norması 5-6 faiz olduğu halda qeyri-effektiv idarəetmə səbəbindən Azərbaycanda su itkilərinin faiz göstəricisi 30-40-dan çoxdur: “Prezident Sərəncamı ilə Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı ki, su təsərrüfatları mərkəzləşmiş qaydada idarə olunsun. Hesab edirəm ki, sözügedən Agentlik düzgün nəzarət sistemi yarada bilsə, quruyan su ehtiyatlarının səbəblərini araşdırıb bir neçə onillik özümüzü qlobal su böhranından sığortalaya bilərik. Əks halda yuxarıda da qeyd etdiyim kimi, yaxın illərdə bizi çox çətin günlər gözləyir. Adambaşına düşən və ərazinin hər kv kilometrinə düşən su ehtiyatına görə Cənubi Qafqazda ən çətin vəziyyət bizdədir. İşğaldan azad olunan torpaqlar sayəsində böyük su anbarlarına çıxış imkanlarımız yarandı. Düzgün istifadə edə bilsək, su kanalları vasitəsilə həmin su anbarlarından digər rayonlara da su ötürmək olar”.